Now Reading:
“Özbəkistanda 100 dollara Bil Qeyts kimi yaşamaq olar…”

“Özbəkistanda 100 dollara Bil Qeyts kimi yaşamaq olar…”

Historic building in the Uzbek city of Samarkand

“The İndependent” qəzetinin səyahət bölməsində Simon Calder Özbəkistan səfərnaməsini bölüşüb.

Daşkənd-Səmərqənd sürət qatarının bələdçisi səyahətlərdən yazan jurnalisti Microsoft şirkətinin sahibi Bill Gates-ə bənzədib və hətta bunu Calder-dən soruşmaqdan da çəkinməyib.

Calder yazır ki, Himalay dağlarının ətəklərindən və səhralardan keçən Əfrasiyab qatarı saatda 140 kilometr sürətlə səyyahı paytaxt Daşkənddən minarəli-məscidli Səmərqəndə ikicə saata çatdırır.

“Bələdçinin başı ekonom vaqonunda çay və piroq paylamağa qarışdığından ona deməyə macal tapmadım ki, Microsoft-un banisi burda olsa, yəqin ki, Mərkəzi Asiyanın ən sürətli qatarının biznes dərəcəli vaqonunda oturardı” – yazır jurnalist.

Məqalədə deyilir ki, Özbəkistan, superzənginlərin hansı hissləri keçirdiklərini təcrübə etmək üçün çox rahat yerdir.

Jurnalist yazır ki, burada milli valyuta somdur və milyonçu olmaq istəyirsənsə, 100-cə funt sterlinqi soma dəyişdirmək kifayətdir.

Amma Calder səyyahlara məsləhət görür ki, Britaniya üçün bu təlatümlü vaxtlarda funta çox da güvənməsinlər və onu bəri başdan dollara çevirsinlər. Çünki funt sterlinq Özbəkistan puldəyişənləri üçün də qeyri-sabit puldur.

Burada ən hörmətli əskinas 100 dollarlıqdır. Bundan ucuz əskinaslara bir qədər az som verə bilərlər.

“Banklar və otellərin exchange büroları da sərfəli deyil. Orda sizə 100 dollara yarım milyon somdan az verəcəklər. Əsl milyon somluq sövdələşmə istəyirsinizsə özünüzü qara bazardakı yerli maliyyəçinin yanına verin”.

Məqalədə deyilir ki, 21-ci əsr səyyahının İpək Yolunun üstündəki bu ölkədə həyatı kifayət qədər sadədir. Hakimiyyət qara valyuta bazarlarının mövcudiyyətinə göz yumur. Bu qara bazarlar, elə əsl ərzaq bazarlarının həndəvərində fəaliyyət göstərir.

“Sovet vaxtlarında polisdən qara bazara gedən yolu soruşanları zindana aparardılar, amma indi çox nəzakətli özbək polisindən yolu rahatca öyrənə biləcəksiniz, – yazır jurnalist, – Daşkənddə yolu soruşduğum polis nəfəri mənə taksi tapa biləcəyini də söylədi…”

Cadler nəhayət axtardığı yeri tapıb və 100 dolları pəncərədən içəri uzadıb. Əvəzində pəncərədən ona kərpic qalınlığında özbək pulu veriblər.

Məqalədə deyilir ki, normal halda turist ona verilən pulu saymalıdır. Axı ona “paçka basa” bilərlər. Amma 1000 somun 10-ca pens etdiyi yerdə bunu eləməyə dəyməz.

Belə ölkədə Bill Gates kimi varlılar pulu saymaq üçün yəqin ki, tərəzidən istifadə edərdilər.

Cadler yazır ki, burada taksi Daşkəndin bir başından o biri başına 1 funtdan da ucuza sürür. Yerli restoranda kabab, salat, pivə və şərablı şam yeməyi 5 funtdan da ucuz başa gəlir.

Mərkəzi Asiyanın ən müasir qatarı ilə 400 kilometrlik məsafə üçün dəmiryolu bileti isə 6 funt sterlinq edir. Hələ pulsuz çay və piroq da verirlər…

Jurnalist yazır ki, bütün bunların xarici valyutanın real məzənnəsi ilə heç bir əlaqəsi yoxdur.

Özbəkistan hökumətinin milli valyutanın məzənnəsini qaldırmaq cəhdləri çox güman ki, əvvəlki cəhdlər kimi uğursuz olacaq.

“Beynəlxalq valyuta mübadiləsinin bu qədim məkanında azad bazar qalib gəlir. Lap elə Bill Gates-in özü kimi…” – yazır Cadler. (bbc.com/azeri)

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.