Loading...
Loading...
SEÇMƏ

Özbəkistandakı aksiya “dövlət çevrilişi” kimi qiymətləndirilib

Yayımlandı: 2 İyul 2022 20:29

Təşkilatçıların “xarici qüvvələr”dən dəstək aldığı iddia edilir

Özbəkistandakı 1 iyul aksiyası “dövlət orqanlarını ələ keçirməyə cəhd” kimi qiymətləndirilib.

Qaraqalpaqıstan Muxtar Respublikasının hakimiyyət nümayəndələri bu qənaətdədir.

Onlar iyulun 2-də yaydıqları bəyanatda bildiriblər ki, ictimai iğtişaşların təşkilatçısı olan bir qrup şəxs saxlanılıb:

“Onlar həmçinin hüquq-mühafizə orqanlarına fəal müqavimət göstəriblər”.

Həmçinin bəyanatda deyilir ki, Nukusda “iğtişaşların təşkilatçıları” vətəndaşları inzibati binalar kompleksinin qarşısındakı meydana toplayıb:

“Onlar bununla dövlət qurumlarını nəzarətə götürməyə və cəmiyyətdə parçalanma yaratmağa, Özbəkistanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər. Təhlükəsizlik qüvvələri həmin şəxsləri saxlayıb”.

Lakin bəyanatda aksiyanın hansı səbəbdən baş verdiyinə toxunulmur.

Eyni zamanda, iştirakçılar və saxlanılanların sayı ilə bağlı məlumat yoxdur.

Hadisələr “xaricdən gələn müəyyən qeyri-sağlam qüvvələrin respublikadakı vəziyyətin inkişafına təsir etmək cəhdləri” kimi qiymətləndirilir, məlumatların isə məqsədli şəkildə yayıldığı bildirilir.

“AzadlıqRadiosu”nun Özbək xidməti Qaraqalpaq bölgəsində fəaliyyət göstərən alternativ məlumat mənbələrinə çatımlığın məhdudlaşdırıldığını və həmçinin internetə girişdə problemlərin olduğunu yazıb.

Qaraqalpaqıstandan olan hüquq müdafiəçisi Azimboy Otaniyozov bildirib ki, iyulun 5-də Tajimuratov Özbəkistan Konstitusiyasına edilən dəyişikliklərlə bağlı mitinq keçirməyə icazə verilməsi üçün hakimiyyətə müraciət edib.

Özbəkistanın Daxili İşlər Nazirliyi isə iyulun 1-də Qaraqalpaqstanın Nukus şəhərində etirazlara səbəb olan yeni qanun layihəsini “konstitusiya islahatlarının yanlış şərh edilməsi” kimi təsvir edib.

Nazirlikdən verilən məlumata görə, “Nukusun mərkəzi bazarı”nda baş vermiş “qanunsuz nümayişlər”dən sonra ictimai asayişin qorunması məqsədilə “hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib”.

Özbəkistan hakimiyyəti etirazlarda “bəzi vətəndaşları” günahlandırıb.

“Hazırda ictimai asayiş bərpa olunub, vətəndaşların qanun pozuntusuna yol verilməyəcək və onların bütün müraciətlərinə müəyyən edilmiş qaydada baxılacaq”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Bəyanatda etirazçıların tələbləri ilə bağlı heç nə deyilməyib.

Bu, Özbəkistan hökumətinin Özbəkistan Konstitusiyasına dəyişikliklərlə bağlı Qaraqalpaqıstanda keçirilən son etirazlarla bağlı ilk rəsmi bəyanatıdır.

Bildirilir ki, etirazlara yeni redaksiyada Qaraqalpaqıstan Respublikasının “suverenliyi” ifadəsinin və “respublika xalqının ümumi referendum əsasında ayrılmaq hüququ” cümləsinin götürülməsi səbəb olub.

İyulun 1-də sosial şəbəkələrdə yayılan videolarda Nukus şəhərinin mərkəzinə çoxlu sayda insanın toplaşdığı görünür.

Videoda etirazçıların hansı tələbləri irəli sürdüyü bəlli deyil.

İyulun 1-də yerli vəkil Davlatmurat Tajimuratovun hüquq-mühafizə orqanları tərəfindən aparılmasından sonra nümayişlərin başladığı bildirilir.

Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb, 1930-cu ilədək Qazaxıstan SSR-in tərkibində olub, sonra çıxarılaraq birbaşa RSFSR-in tabeliyinə verilib.

1936-cı ildə Qara-qalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib.

Gözdən qaçırmayın:  Sayt rəhbərinin ölkədən çıxışına icazə verilib

Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrilib.

1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil edilməsi haqqında 20 illik müqavilə imzalanıb.

Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistanın tərkibindən çıxmaq hüququnu təsbit edir və indi isə ləğv edilməsi təklif olunur.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button