2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Özgə torpaqda Vətən parçası – Azərbaycan fədaisinə ELEGİYA

Hələ Güneydə yaşadığım zaman Onun haqqında çox eşitmişdim. Soydaşlarım Bütöv Azərbaycan Yolunun təmənnasız əsgəri, Bütövlük ideologiyasının isə generalı Arif Rəhimoğlunu yaxşı tanıyırdılar. Şübhəsiz, həm də Elçibəyin sadiq silahdaşı kimi. Həmin Arif Rəhimoğlu ki, Bütövlük Yolunun memarı Əbülfəz Elçibəyin vəfatından az sonra Vətənini də tərk etmək məcburiyyətində qaldı. İsveçə köçdü, əslində sağlıq durumu heç vətəndə qalmasına da icazə vermirdi. Qürbətdə isə 18 il yaşadı. Vətənin, millətin taleyindən nigaran 18 il. Özgə ürəyi belə onun köksündə tam 8 il Azərbaycan üçün döyündü.

Ürək transplantasiyası əməliyyatından sonra yaşadığı Göteborq şəhərində Arif bəylə iki dəfə yaxından görüşmək və saatlarla düşüncələrimizi bölüşmək imkanımız oldu. Hətta ikinci səfərimdə bir neçə mövzuda müsahibələrimizi kameranın yaddaşına da köçürə bildik. Arif bəyin Bütövlük məfkurəsi, millətləşmə sürəci, tariximizin Səfəvilər dönəmi ilə bağlı ağıllarda dolaşan mübhəm məqamlar xüsusunda açıqlamaları o qədər əsaslı və qaneedici idi ki, istənilən müsahibi razı sala bilərdi. Yüksək intellekti, dərin mütaliəsi və elmi-fəlsəfi dünyagörüşü ilə yanaşı, onun özünəməxsus əxlaqi səciyyələri də tərəf müqabildə müsbət qənaətin yaranmasında təsirsiz deyildi. Bu qədər dərin bilgi sahibinin xüsusi sadəlik və təvazökarlığı isə şübhəsiz ki, kamil şəxsiyyətinin göstəricisi idi. Onu yaxından tanımaq da, onunla həmsöhbət olmaq gerçəkdən xoş idi…

Beləcə, dostluğumuz da başlamışdı. Vaxtaşırı zəngləşir, sağlıq durumunu soruşar və əlbəttə, məsləhətlərini alardım.

Saytların yığılması Saytlarin yigilmasi

Sağlıq durumu münasib olmasa da, ötən 8 ildə həm elmi, həm də ictimai fəaliyyətində dayanmadan çalışırdı Arif bəy. Bir gün alim, bir gün siyasətçi, bir gün də diaspor fəalı olurdu. Göteborq Azərbaycan Evinin əsasını qoyan Arif Rəhimoğlunun əməliyyatdan sonra diaspor fəaliyyətinə aktiv dönüşü ilə İsveç Azərbaycan Federasiyası da yeni nəfəs, əslində, yeni sima qazandı.

2020-ci ildə həmtəsisçisi olduğu Milli Hərəkatçılar Birliyinin yaranması isə Rəsulzadə-Elçibəy ideallarının yaşaması və toplumun maarifləndirilməsi yönündəki fəaliyyətlərinin xüsusi səhifəsi sayıla bilər. Təsadüfi deyil ki, məni də həmin quruma məhz Arif bəy dəvət etmişdi. MHB-nin bütün iclaslarında son sözü də məhz Arif bəydən gözləyirdik. Müdrikliklə deyiləcək və hamımızı qane edəcək son söz… Arif bəy son iclasa da qatıldı. Vəfatından cəmi 3 gün öncə. Danışdı və halsız olduğu üçün tez də ayrıldı. Bu, son görüşümüz oldu Arif bəylə.

Sağlıq durumunun ağırlığını hamımız bilirdik, amma kimsə onun köçəcəyini hətta düşünmək belə istəmirdi. Axı özü də olduqca nikbin və ümidli idi, hətta həyatının son günlərinədək milləti parlaq gələcəyə səsləyən pozitiv mesajlarla yükləyərdi bizi.

Sonunda qürbətdəcə köçdü dünyadan, amma üçrəngli bayrağımızla, Vətən torpağına qarışaraq, əbədi məkana tapşırıldı. Vətəndən, Vətəninin, millətinin durumundan isə nigaran köçdü Arif bəy.

Milli Düşüncəni, əslində, sözün gerçək anlamında milləti təmsil edən dəyərlərimizi itirərkən məni daha çox üzən məqam da məhz onların Vətəndən, Vətənin durumundan nigaran getmələridir. Sanki illər keçsə də, Vətən sevdalılarının ömrünə Məhəmməd Əmin taleyi yazılacaqmış. Milli Davamızın əvəzolunmaz siması, görkəmli alim, mütəfəkkir, adı Rəsulzadə-Elçibəy Yoluna ən sadiq isimlərin başında gələn Arif Rəhimoğlunun da…

Nə yaxşı ki, sizi yaxından tanımaq qismətimiz oldu, əziz Arif bəy! Nə yaxşı ki, sizdən olduqca xoş anlar yadigar qaldı və… nə yaxşı ki, sizin müasiriniz oldum.

Dərin hüzn və sayğı ilə…

Rüfət Muradlı

24 saat” “Özgə torpaqda Vətən parçası – Azərbaycan fədaisinə ELEGİYA” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button