Loading...
Loading...
SEÇMƏ

Özünü yandıran qazinin qardaşı: “Vəziyyəti ağırdır, heç kim maraqlanmır”

Yayımlandı: 11 İyul 2022 17:58

“3 gün ərzində həyatda qalsa, sonra da 14 gün ərzində bədəndə gedən zəhərlənmə prosesi izlənəcək”

İcra başçısı yaxşı ağac əkə, suvara bilər, ancaq bu, onun yaxşı insan, yaxşı məmur olmasından xəbər vermir. Kaş ki, ağaca göstərdiyi sayğının cüzi hisəsini insana yönəldəydi. Kaş ki, qardaşım onun pəncərəsinin altında “məni bezdirmisiniz, artıq yaşamaq istəmirəm, özümü yandıracam” deyib ah-nalə edəndə, o icra başçısı pəncərəsindən boylanaydı, işçisini göndərəydi, deyəydi, çıxın, gətirin içəri, görək, bu adamın dərdi nədir”. 

Bunu Meydan TV-yə hazırda xəstəxanada ölümlə olum arasında qalmış qazi, Sabirabad rayonu, Qalağan kənd sakini Elvin Cəfərovun qardaşı Elnur Cəfərov deyir. 

Bədənin 70 faizi yanıb, böyrəklər sıradan çıxıb

Elvin Cəfərov İkinci Qarabağ Müharibəsi qazisidir, o, iyulun 10-da Sabirabadın icra hakimiyyəti binasının qarşsında özünü yandırıb. Əvvəlcə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına götürülüb. Ancaq vəziyyəti ağır olduğundan axşam saatlarında Bakıya – 5 saylı Birləşmiş Şəhər Xəstəxanasının yanıq şöbəsinə göndərilib.

İkinci Qarabağ Müharibəsi qazisi Elvin Cəfərov – XeberTıme

Qardaşı Elnur Cəfərov onun durumunun ağır olduğunu deyir:

“Bədəninin 70 faizi yanıb. Böyrəkləri tamam sıradan çıxıb. Həkimlər deyir, 3 gün gözləyək. 3 gün ərzində həyatda qalsa, sonra da 14 gün ərzində bədəndə gedən zəhərlənmə prosesi izlənəcək. Daxili orqanları stabil çalışıb bədəndəki zəhəri ifraz edə bilsə, həyatda qalma şansı olacaq. Ancaq indiki durumda həkimlər konkret bir söz deyə bilmir”.

Qazi nəyə etiraz etmişdi?

Məsələ ondan ibarətdir ki, Elvin Cəfərov müharibədən əvvəl günəmuzd işləyib ailəsini dolandırırmış. Ancaq müharibədən travmalarla qayıdıb və əmək fəaliyyətiylə məşğul ola bilməyib. Ona kontuziyaya görə üçüncü qrup əlillik təyin edilib, 420 manat əlillik təqaüdü alırmış. İki aydır ki, təqaüd səbəb göstərilmədən ləğv edilib. Qardaşı danışır:

İkinci Qarabağ Müharibəsi qazisi Elvin Cəfərov – XeberTıme

“Elvinin evində 9 və 11 yaşlı oğlanlar böyüyür. Elvin onları vətənpərvər ruhda tərbiyə edir, sabah böyüyüb, gedib vətənin keşiyində dayanacaqlar. Ancaq bu gün məmurlar atanı o uşaqların gözünün qarşısında özünü öldürmək həddinə çatdırıblar. Mənə təsir edən odur ki, dünən axşamdan qardaşımı Bakıya – xəstəxanaya gətirmişik, ancaq bir qurum, bir məmur onun vəziyyətiylə maraqlanmayıb. Deputatımızın köməkçisinə zəng vururam, zəngimi rədd edir”.

Dərmanlarını qardaşı alır

Elnur Cəfərov deyir, qazi qardaşının iki aydan bir alınan dərmanlarının pulunu o, işləyib ödəyir. Bu məbləğsə 700 manatı aşır. 

Elvin Cəfərov özünü yandırmamışdan əvvəl əlillik təqaüdünün kəsilməsiylə əlaqədar aidiyyəti qurumlara müraciət etsə də, cavab ala bilməyib. Nəhayət, o, icra hakimiyyətinə gedib, ancaq dəfələrlə cəhd etməsinə baxmayaraq, onu qəbul edib dinləyən olmayıb. Elvin Cəfərov icra hakimiyyətinin qapısında saatlarla gözlədikdən sonra qurumda iş vaxtının bitməsinə az qalmış elə oradaca özünü yandırıb. Qardaşının deməsinə görə, hətta özünü yandırandan sonra da qurumun vəzifəliləri çölə çıxmayıb və onun vəziyyətiylə maraqlanmayıb.

Gözdən qaçırmayın:  “Mauqli” ləqəbli qazinin icra hakimiyyəti önündə özünü yandırdığı deyilir
İkinci Qarabağ Müharibəsi qazisi Elvin Cəfərov

İcra hakimiyyəti deyir ki…

Sabirabad Rayon İcra Hakimiyyətindən məsələyə rəsmi açıqlama verilib. Açıqlamada qeyd olunur ki, Elvin Cəfərov özünü Sabirabad Rayon Mədəniyyət Mərkəzinin qarşısında yandıraraq intihara cəhd edib. Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ona ilkin tibbi yardım göstərilib, müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərilib: “Elvin Cəfərov hazırda 400 manatdan çox pensiya alır. Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə o, 2021-ci ildən “DOST İş Mərkəzi” MMC-də 300 manat aylıq ödənilməklə ictimai işlərə cəlb olunub. Anası Ruqiyyə Cəfərova ı isə “Əmin” marketlər şəbəkəsində aylıq əmək haqqı 300 manat olmaqla münasib işlə təmin edilib. Bundan əlavə, ailəyə müxtəlif vaxtlarda rayon icra hakimiyyəti tərəfindən ümumilikdə 700 manat maddi yardım ödənilib. 300 manat dəyərində ərzaq məhsulları verilib. Ayrı-ayrı dövlət orqanlarının nümayəndələri və iş adamları da ailəyə mütəmadi olaraq maddi köməkliklər göstərir. Elvin Cəfərovun mənzil növbəsinə götürülməsi ilə bağlı hazırda rayon icra hakimiyyətində sənədləşmə işləri aparılır”.

Qurumdan o da bildirilib ki, Qalağayın kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi ötən həftə əlavə pensiya təminatı ilə bağlı Elvin Cəfərovun məlumatlarının sistemə ötürülməsində ona köməklik göstərib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button