2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Özünüzü bir anlığa Allahın yerinə qoyun…

Son günlər mollaların qəbristanlıqda “Yasin” oxumaq üstündə dalaşmalarını əks etdirən videosujet sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Əməkdaşımız bu məsələyə münasibət öyrənmək üçün “Quran” tədqiqatçısı, yazıçı Paşa Yaquba müraciət edib.

– Paşa bəy, son dövrlər mollaların qəbristanlıqda dalaşmaları adi hal alıb. Cəmiyyəti narahat edən bu hallar sizcə nədən doğur?
– Məncə cəmiyyəti narahat edən bu məsələ elə cəmiyyətin özündən – öz cahilliyindən doğur. Belə ki, cəmiyyətimizdə “Quran”a yanaşma, baxış düzgün deyil. Cəmiyyət bu kitabı hələ də ölü kitabı kimi qəbul edir, onu ancaq ölüyə oxutmaq istəyirlər. Buna görə də əhalinin bu avam və cahil  xüsusiyyətindən bəzi nadan mollalar “yaxşı” bəhrələnirlər.
Təsəvvür edin ki, göydən pul yağır, bu vaxt nə baş verər? İnsanlar bu pulu qapmaq üçün biri-birlərini qırarlar. Bu gün cahil kütlə qəbristanlıqlara boş yerə  pul yağdırırlar, nəticədə də o pulları qapmaq üçün mollalar biri-birlərini qırırlar. Ona görə də cəmiyyət mollaları qınamazdan öncə özlərini qınasalar daha yaxşı olar.
 
– Sizcə mollaların oxuduğu “Quran”ın ölüyə heç bir faydası yoxdur?
– Deməzdim ki, faydası yoxdur. Var, amma necə? Bunu izah etmək üçün bir misal çəkim. Təsəvvür edin ki, doğum gününüzdür, radionu açırsız, birdən aparıcı sizin adınızı çəkib elan edir ki, filan dostunuz ad gününüzü təbrik etmək üçün sizə bir mahnı göndərir. Təbii ki, hər kəs bu anda sevinir, fərəhlənir. Amma, o şəxsin evində yeməyə ərzağı, geyməyə paltarı yoxdursa, bu sevincin ömrü az olur və bu musiqinin həmin o maddi sıxıntıya heç bir köməyi dəymir. Ölüyə  göndərilən “Yasin” buna bənzəyir. O biri dünyada sistem belə qurulub ki, kiməsə rəhmət, dua, “Quran” göndərəndə uca səslə bu xəbər elan olunur (bu dünyada radio, tv olan kimi). Xəbəri qəbul edən şəxs ani olaraq bundan sevinir, fərəhlənir ki, məni unutmayıblar. Amma, bu sevinc ruhun Cənnətdə, Cəhənnəmdə olmasına heç bir təsir etmir. Yəni, halını yaxşılaşdırmır. Bir halda təsir edir ki, həmin ruh bu dünyada olarkən yol, körpü tiksin, bar verən ağac əksin, öləndən sonra onun əməlindən faydalananlar rəhmət oxuyarlarsa, bu rəhmətlər ruhun o biri dünyadakı halına təsir edər. Onun Cəhənnəmdən çıxıb Cənnətə düşməsinə vəsilə olar.
Ona görə də insan bu dünyada olanda “Quran”ı oxuyub, ondan faydalanmalı, orada yazılanlara əməl edərək, gözəl əxlaqa, gözəl əməllərə sahib olmalıdır ki, həm bu dünyada, həm də o dünyada bu əməllər ona rəhmət qazandırsın, Allahın nemətlərindən faydalandırsın. Bu mənada mən deyərdim ki, əgər insan yaşadığı dövrdə (diri vaxtı) “Quran”dan faydalanmayıbsa, ölü vaxtı bu kitab ona heç bir fayda verməyəcək, ani sevinc istisna olmaqla.  Diri kəs “Quran”ı öz dilində tərcümədən oxuyub, ona müəyyən qədər əməl edərsə, o kəs öz əxlaqı və əməlləriylə Allaha yaxınlaşar, Onun gücündən, qüdrətindən, zəngin xəzinəsindən bəhrələnər. Çünkü Allah Özünə yaxınlaşan bəndəni heç vbir vaxt darda, sıxıntıda qoymur, maddi və mənəvi nemətlərilə o bəndənin dadına yetir. Ona görə də yaxşı olar ki, insan diri vaxtı bu kitabı oxusun, ölməyin gözləməsin ki, kimsə öləndən sonra ona oxuyacaq. Bir tədqiqatçı olaraq deyim ki, öləndən sonra bu kitab elə də bir ciddi fayda vermir. Yəni, o dünyada “Quran”ın faydası bu dünyada xoş  bir musiqinin faydası qədərdir – ani.
– Maraqlıdır, siz bir “Quran” tədqiqatçısı olaraq bu kitabı öz rəhmətə gedənlərinizə oxudursuzmu?
– Maraqlı sualdır. Cavabım orjinal olacaq. Mənim valideynlərimin hər ikisi çoxdan dünyalarını dəyişiblər, Allah hamının dünyadan köçənlərinə rəhmət eləsin.  Mən özüm ərəb əlifbasını bilmirəm. “Quran” tədqiqatlarımı da tərcümə üzərində aparıram və hesablamamı əsasən surə və ayələrdəki rəqəmlərə əsasən qururam. Valideynlərimə də heç vaxt kiməsə  pul verib “Quran” oxutdurmuram. Qəbristanlığa yolum düşəndə “Fatihə” və “İxlas” surələrini əzbərdən oxuyub valideynlərimin ruhuna bağışlayıram. Qalan vaxtlarda hər gün valideynlərimin adlarını çəkib: “Atam filankəs filankəs oğlunun ruhuna salam və salavat göndərirəm – Allahummə Səlli Əla Məhəmmədin və Ali Məhəmməd” deyirəm. Bununla göndərdiyim salam onlara çatır və bilirlər ki, onaları unutmamışam. Amma, digər ailə üzvlərim belə eləmirlər. Onlar qəbristanlığa gedib mollaya pul verib oxudurlar. Amma, dəqiq bilirəm ki, onların pul verdiləri molla da ərəbcəni bilmir və nə oxuduğundan qətiyyən xəbəri yoxdur. Yalandan qart-qurt edir. Elə Allah bunu “Quran”da da xəbər verir ki, bəziləri oxuduqlarının kitabdan olduğunu göstərmək üçün dillərini ağızlarında əyişdirib, yalandan qart-qurt edəcəklər. Bu gün mollaların böyük əksəriyyəti belədir – yalandan qart-qurt edirlər.
“Quran”la bağlı ailəmizdə yaşananlardan bir maraqlı fakt da deyim. Hərdən ailə üzvlərimiz valideynlərimizə ehsan vermək üçün məclis qurular. Məclisin başında da həmin o yalandan  qart-qurt edənləri otuzdururlar. Mən ayaqda otururam və məclisə baxıb ürəyimdə gülürəm. Dişim bağırsağımı kəsir, az qalıram duram hamısını qovam çıxaram evdən. Lakin öz evimiz olduğundan bunu etmirəm ki, qonağın qəlbini qırmaq olmaz. Bir dəfə belə məclislərin birində  mollaya tərcüməli “Quran” verdim və tələb qoydum ki, ya ayələri oxuduqca tərcüməsin də oxuyacaqsan, ya da heç oxumayacaqsan, durub çıxıb gedəcəksən. Molla qırımımı görüb, razılaşmaq məcburiyyətində qaldı. “Ərrəhman” (Rəhimli Allah) surəsini tərcüməylə oxudu, camaatın ağzı ayrıq qaldı ki, bu nə oxuyur belə? Surə qurtaranda məclisə yemək vermək istəyirdik ki, kənd camaatı dedilər bəs niyə “Quran” oxunmadı? Molla dedi bəs səhərdən oxuduğum nə idi, “Quran” deyildimi? Dedilər yox, o “Quran” deyildi, sən bayaqdan qadınların gözəlliyini təsvir edirsən, bizim də ağzımız sulanır. Deməli sən indiyə qədər bizim ölülərimizə bunu oxuyursanmış?  Bizi aldadırsanmış? Kəndimizin cahil insanları  mollanı götürdülər hoydu-hoyduya, qaldı pis vəziyyətdə. Sonra vəziyyətdən çıxmaq üçün dedi ay camaat, gözləyin “Quran”a başlayıram. Məndən xahiş etdi ki, sən dinmə, mən ərəbcə balaca bir surə oxuyum, vəziyyətdən çıxım. Mən də vəziyyətin qəlizləşdiyini görüb mollaya yazığım gəldi, dedim nə bilirsən elə. O da adəti üzrə biraz qart-qurt edib dedi bax dediyiniz “Quran”ı indi oxudum, bayaqkı elə-belə idi. Bu əhvalatı ona görə danışdım ki, cəmiyyət molladan “Quran” tələb eləmir, qart-qurt tələb edir və ancaq bu halda  pul verir. Verdikləri pulun üstündə də savadsız mollalar bir-birlərin qıranda deyirlər bunlar niyə dalaşdılar?
– Qəribədir ki, mollalar heç vaxt “Quran” təbliğatı aparmırlar. Hər halda iştirak etdiyimiz məclislərdə buna rast gəlmirik, bir-iki hədis danışırlar, onda da heç bir məntiq olmur, daha da gülməli çıxır.  Bunun səbəbi nədir, niyə onlar kitabı təbliğ etmirlər? 
– Səbəb elə yuxarıda qeyd etdiyim faktdır. “Quran”ı tərcümədən oxusalar görəcəklər ki, burada onların ölüsünə aid heç nə yoxdur, mollaya pul verməyəcəklər. İkincisi, orada yazılanların çoxuna molla özü əməl etmir, başqasına necə təbliğ etsin  bunu? Biri yerindən qalxıb sual verər ki, bunu özün edirsənmi? Üçüncüsü, “Quran”ın bütün ayələri insanları haqsızlığa qarşı mübarizəyə səsləyir. Bunu təbliğ etməyə cəsarət lazımdır ki, bu da mollalarda yoxdur. “Quran” bütün dövrlərin aynasıdır, onu oxuyan adam bu kitabda həm özünü, həm də ətrafındakı adamları görə bilir. Adətən, nöqsanı olan adamlar aynaya baxmaq istəmədikləri kimi, bir çox mollalar da həm özlərinin, həm də məclisdəki kütlənin nöqsanlarını göstərməmək üçün “Quran”ı bağlı saxlayırlar. Yalandan ağızlarını o tərəf-bu tərəfə əyişdirib məclisi yola verirlər.
– “Quran”da  Allah buyurur ki, Mən müsəlmana kömək edəcəm. Bəs niyə bizə kömək etmir, ermənilər torpaqlarımızı alıb, yurdumuzu işğal altında saxlayıblar?
– Sualınızın cavabını elə sualınızın içərisində verdiniz: “Allah buyurur ki, Mən müsəlmana (!) kömək edəcəm”. Gəlin əməllərimizə diqqət edək görək biz müsəlmanıqmı? Məsələn, hamımızın bulvara yolumuz düşür. Görürsünüzmü, bir çaynik çayı  15 manata (təqribən 10 dollara) satırlar. Hansı ki, Ermənistanda 10 dollarla bir ailə ən azı bir həftə normal dolanır. İndi maya dəyəri 20 qəpik olan bir çaynik çayı 15 manata satan adama siz müsəlman deyirsinizsə, özünüz bilərsiniz, onda mən də Amerikanın prezidentiyəm.  Və yaxud, Bakı küçələrində boş qalan və üstünə “İcarəyə verilir” yazılan obyektlərə yaxınlaşaq aylıq kirayə haqqını soruşaq. Onun sahibi elə qiymət deyəcək ki, onu vermək üçün icarədar gərək öz aylıq qazancından əlavə qohum-əqrabasının da qazancın gətirib bu obyektin sahibinə kirayə haqqı verə. Ona görə də şəhərdə olan obyektlərin az qala yarısı boş qalıb. Bu insafsızlıq insanların işsiz, ruzisiz qalmasına gətirib çıxarıb – nə obyekt sahibi qazanır nə satıcı. Halbuki, Bakıda bir obyektin icarə haqqı ilə Yerevanda bir prospektdəki bütün mağazaları icarəyə götürmək, bir xeyli insanın ruzi qazanmasına vəsilə olmaq mümkündür. İndi gəlin görək kimdir müsəlman?  Allah “Quran”da buyurur ki, haqq-ədalət, insaf-mürvət olmayan yerdə xeyir-bərəkət olmaz. Özünüzü bir anlığa Allahın yerinə qoyun, görün bu qədər haqsızlıq, insafsızlıq olan bir məmləkətə xeyir-bərəkət verərsinizmi, kömək edərsinizmi?

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button