2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Pəri Miniatür: Rəsulzadənin portretini çəkəndən bir həftə sonra xəbərdarlıq edildi…

“Vəkilin məhkəmədə dediklərinin əksinə, direktor bildirdi ki, mənimlə işləmək istəmirlər”

Yasamal rayon Məhkəməsində Rəsulzadənin portretini çəkən rəssam, AXCP üzvü Pəri Miniatürün cinayət məsuliyyətinə cəlb olunması tələbilə qaldırmış iddiaya baxılıb. Rəssamın Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə cəzalandırılmasını tələb edən isə işlədiyi Bakı Atatürk Liseyinin direktoru Eylem Gültekindir.

İddia ərizəsinə hakim Rauf Daşdəmirovun sədrliyilə baxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Direktor özü məhkəməyə gəlməyib, onu vəkili Faiq Nəcəfov təmsil edib. Vəkil bildirib ki, Pəri Miniatürün siyasi baxışlarına görə lisey rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalması, işdən çıxarılması haqda deyilənlər həqiqəti əks etdirmir. Vəkilin sözlərinə görə, Pəri Miniatürün adı hələ də işçilər siyahısındadır, onunla əmək müqaviləsinə xitam verilməyib. Amma özü işləmir, dərslərdə iştirak etmir.

Faiq Nəcəfov vurğulayıb ki, rəssam “Facebook” hesabından paylaşımlarında siyasi baxışlarına, Rəsulzadənin portretini çəkdiyinə görə iş yerində təzyiqlərə məruz qaldığını deməklə liseyin nüfuzuna xələl gətirib.

Rəssamın vəkili Aqil Layıc isə iddia ərizəsinə baxılmasına etiraz edib. Vəkil bildirib ki, iddianın niyə Yasaamal Rayon Məhkəməsində qaldırıldığı aydın deyil. Çünki nə rəssamın, nə də liseyin qeydiyyatı bu rayonun ərazisində deyil.

Liseyin nümayəndəsi bu zaman Pəri Miniatürlə əmək münasibətlərinə dair bir neçə il əvvələ aid sənədi məhkəmədə nümayiş etdirib. Orada Yasamal rayonu ərazisində qaldığı göstərilib.

Aqil Layıc buna etiraz edib: “Bu, şəxsi həyata aid məlumatı yaymaqdır. Bunu etmək qanunsuzdur”.

O vurğulayıb ki, rəsmi qeydiyyat yeri əsas götürülə bilər.

Vəkil əlavə edib ki, iddia ərizəsində Pəri Miniatür haqqında “ittiham olunan şəxs” qeydi də əsassızdır.

Pəri Miniatür də iddiaya etiraz edərək bildirib ki, o, heç kimə böhtan atmayıb. “Facebook” hesabında yazdıqları da, müsahibələrində dedikləri də həqiqətdir: “Rəsulzadənin portretini çəkdiyim klipdən bir həftə sonra lisey rəhbərliyi mənə xəbərdarlıq elədi. Açıq dedilər ki, mənə görə yüksək vəzifəli şəxs başqana irad bildirib. Sonra getdikcə dərs saatım, maaşım azaldıldı. Özümə də açıq şəkildə xəbərdarlıq edirdilər ki, siyasətdən kənarda dayan. Son olaraq da mənə zəng eləyib, ərizə yazmağımı tələb etdilər…”

Pəri Miniatür əlavə edib ki, dedikləri faktlara əsaslanır və söylədiklərinin heç biri yalan deyil.

Hakim qısa müşavirədən sonra iddianın icraata götürülməməsi haqda qərar çıxarıb.

Məhkəmədən sonra rəssam işdən çıxarılmaması haqda liseyin nümayəndəsinin dediklərini dəqiqləşdirməl məqsədilə direktor Eylem Gültekinlə görüşüb. Görüşdə vəkil Aqil Layıc da iştirak edib.

“Vəkilin məhkəmədə dediklərinin əksinə, direktor bildirdi ki, mənimlə işləmək istəmirlər”, – deyə Pəri Miniatür Meydan TV-yə bildirib.

Pəri Miniatür Təbriz miniatür məktəbinin klassik texnikalarını müasir elementlərlə birləşdirən rəssamdır. İyirmi ildən çoxdur rəssam kimi fəaliyyət göstərir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button