Cəmiyyət

Paket cazibəsi: “Tullantısız həyat”ın dəbdə olmadığı ölkədə tullantısız necə yaşamaq olar?

Tullantısız istehlak, karbon neytrallığı, ekodayanıqlıq – əsasən iqtisadi cəhətdən daha inkişaf edən ölkələrlə assosiasiya edilir: sanki ətraf mühitin qeydinə qalmaq ac-yalavacların işi deyil. BBC-nin Bakı müxbiri öz təcrübəsi əsasında, mütərəqqiliyin buna heç hazır olmayan cəmiyyətə necə gətirilməsindən bəhs edir.

“O torba almayan dediyim adam budur”, – deyə supermarketdə kassir qadın başı ilə mənə sarı işarə edərək həmkarına deyir.

Beş il bundan əvvəl biz plastik torbalardan (camaat arasında daha çox sellofan torba kimi tanınır – BBC Azərbaycanca) imtina edərkən bu, böyük narahatlıq yaratmışdı: evimizin yaxınlığında olan satıcıların hər birinə izah etmək lazım idi ki, nə üçün onsuz da müftə verdikləri torbanı istəmirik. Sonradan onlar öyrəşdi, lakin hərdən hər şeyi yenidən yeni işçilərə izah etməli olurduq.

“Belə olmaz, icazə yoxdur”, – bu günlər supermarketin işçisi bananları plastik torbaya qoymamağı, qiymət etiketini bananın üstünə yapışdırmağı xahiş edən həyat yoldaşıma demişdi. Yalnız alıcıya torbanı götürməməyi qadağan edən qaydaları göstərmək tələbindən sonra həyat yoldaşım yaxasını qurtara bilmişdi.

“Ümumi mənzərədən seçilirsə, deməli, qadağandır” -, xanımım gileylənir. Ailəmizdə şüurlu istehlak təşəbbüskarı da odur: hardansa taxta saplı diş fırçaları tapıb, plastik torbalardan imtina edib və balkonda onları təkrar emal edən qurd saxlayır.

İdeyaları elmi podkastlardan mənimsəyib, qənaət etməyə isə uşaqlıqdan vərdiş edib – 1990-cı illərdə ailəsi yoxsul yaşayıb.

Ərzaq almaq üçün özü xüsusi torba – “mikrizənbil” toxuyub – çox nazik və kompakt, şalvarın cibində rahat yerləşir. Tərəvəz bazarında bizi tərifləyirlər, deyirlər: “Nə qəşəng torbalarınız var”.

Əslində, Azərbaycanda nazik plastik paketin idxalı, istehsalı və alıcılara verilməsini qadağan edən qanun keçən ildən qüvvədədir. Lakin pis işləyir: çoxları bu barədə eşitməyib və alıcıların belə əliaçıqlıqdan imtina etməsinə hələ də təəccüblənirlər.

Ölkədə artıq neçə illərdir ki, dövlətlə və bizneslə birgə və ya onlardan ayrı ekoloji layihələr inkişaf etdirilir. Ətraf mühitin müdafiəsi haqqında eko-sərgilər və mühazirələr keçirilir, ağaclar əkilir, yüzlərlə fəaalar hər yay paytaxt çimərliklərində zibil yığışdırmaqla məşğul olur.

O qədər iş görülür, lakin bizdə sanki hər şey əvvəlki kimidir.

Zibildən necə qurtulmaq

Biz iri tikililərlə əhatə olunmuş yerdə yaşayırıq. Burada infrastruktur üzərinə təzyiq çox böyükdür: zibil daşıyan maşınlar gündə bir neçə dəfə tullantıları aparır.

Bir şirkət köhnə paltarları toplamaq üçün qutular qoydu, lakin insanlar ora zibil atmağa başladılar

Bir neçə həftə bundan əvvəl həyətdə təkrar emal olunan tullantılar (kağız, plastik, şüşə, metal) üçün ayrıca bir konteyner qoyuldu, qalan tullantılar “qarışıq zibil” üçün olan konteynerə yığılmalıdır. Yayda maşın bir az geciksə, zibil yığını dağa dönür və 40 dərəcə istidə ətrafa pis qoxu verməyə başlayır.

Öz zibilimizi özümüz həm ayırırıq, həm də bioloji tullantıları təkrar emal edirik. Bunun üçün yeyinti tullantıları üçün kompost konteynerimiz vardır – biz onu balkonda saxlayırıq, sonra isə qonşularımızın nar ağacları bitən, yaşadığımız beşmərtəbənin həyətində torpağa basdırırıq.

Bəzən daha mükəmməl yenidən emal üçün xüsusi qurdlardan istifadə edilir, lakin bu, mürəkkəb işdir. Qurdlar üçün drenajlı ikiqat konteynerlər tələb olunur, qurdlar isə ciddi pəhrizdə saxlanılmalıdır. Məsələn, onlara ət, sitrus və soğanla sarımsaq vermək olmaz.

Təzə qurd almasından sevincək olan xanımım onları bundan iki gün öncə yeyinti tullantıları atdığı küpəyə doldurmuşdu. Ertəsi gün qurumuş ölü qurdları, sahilə atılmış balinalar kimi küpədən kənarda tapmışdı.

Zibilin çeşidləşdirilməsi daha əvvəl tətbiq edilməyə başlasaydı, bəlkə onlar hələ sağ olardılar.

Bakı ətrafında 2012-ci ildən zibil utilizasiyası zavodu işləyir: orada zibili çeşidlərə ayırır, bir hissəsini təkrar emal edir, qalan hissəni yandırırlar. Lakin ekoloqlar deyirlər ki, insanların özləri kütləvi şəkildə zibili ayırmağı öyrənməsələr, sənaye çeşidləşdirmə səmərəli olmayacaq və böyük hissəsi yandırılacaq.

Noyabrda yerli mənzil-istismar sahəsi (daha çox “JEK” kimi tanınır-BBC Azərbaycanca) işçiləri mənzilləri dolaşıb hamıya müxtəlif paketlər paylayıblar: biri təkrar emal olunan, digəri – bütün qalan zibil üçün. Bir həftədən sonra isə həyətdə ayrı-ayrı konteynerlər peyda oldu.

Lakin praktik olaraq, görünür, bütün zibili əvvəlki kimi bir maşına yığırlar. Mən məsələni yerli kommunal-təsərrüfat departamentində aydınlaşdırmağa çalışdım, lakin heç bir nömrədə telefonu götürüb zəngimə cavab verən olmadı.

Eyni zamanda qida tullantıları üçün ayrıca konteyner qoyulmadı və onu əvvəlki kimi ümumi konteynerə atmalı oluruq. Ya da heç kəsin gözünə görünməmək üçün qaranlıq düşəndə həyətdə basdırırıq.

Zibil

Diqqət çəkməyən tərzdə geyinmək

Bir dəfə mağazadan çıxanda mühafizəçi məni dayandırıb üst-başımı axtardı – nəsə oğurladığımdan şübhələnmişdi, çünki əynimdə rəngi solmuş kətan palto vardı. Nə vaxtsa rənglətmişdim, amma yenə solmuşdu.

Biz nadir hallarda təzə paltar alırıq, çünki toxuculuq sənayesi trilyonlarla litr su işlədir, böyük miqdarda tullantı yaradır və yoxsul ölkələrdə insanları istismar edir.

"Harri Potter" əsərinin motivləri əsasında dizayn edilmiş Milad bər-bəzəyi. Bunlar da zibildən hazırlanıb
“Harri Potter” əsərinin motivləri əsasında dizayn edilmiş Milad bər-bəzəyi. Bunlar da zibildən hazırlanıb

Rəssam tanışım bir dəfə mənə dedi: “Çox havalı görünürsən, bomj stilində. İndi bu, çox dəbdədir”. Amma belə düşünənlər azdır, yuyulmaqdan solmuş paltarlar, adətən, insanlarda mənfi reaksiya doğurur. Bəziləri heç nə soruşmur, amma, yəqin ki, mənim pinti olduğumu düşünürlər.

Həyat yoldaşımın işi lap çətindir -axı bizdə belə qəbul olunub ki, qadın həmişə əla görünməlidir. Amma xanımım 7 il sərasər geydiyi cins şalvarıyla fəxr edirdi və 4 ildir ki, həmin şalvar ona şort kimi xidmət edir.

“Axı sən qadınsan, özünə fikir verməlisən” – qaynanam qızının əynində həmin şortu görəndə belə deyir. O, sovet dövründə paltarlarını yamamalı, ya da söküb başqa formaya salaraq geyinməli olub, amma indi təzə şeylər almaq imkanı var və bunu çox həvəslə edir.

Digər yaşlı qohumlarımız da hesab edirlər ki, bizim pulumuz yoxdur. Artıq onlara bunu ekologiyaya, qlobal istiləşməyə və sair problemlərə görə etdiyimizi demirik. Onsuz da inanmayacaqlar.

Leyli təkrar emala verdiyi yemək yağını bu şəkildə toplayır
Leyli təkrar emala verdiyi yemək yağını bu şəkildə toplayır

Həmişə bayramlarda lazımsız hədiyyələrdən boyun qaçırmalı, bu əşyalara nə qədər plastik material sərf edildiyini və dibçəksiz güllərin niyə pis olduğunu izah etməli oluruq.

Çıxış yollarından biri həmfikirlərimizdən məsləhət almaqdır. Eko-aktivist Leyli Salayeva deyir ki, öz nümunəsiylə ətrafdakıları yönləndirmək istəyir.

“İşlətdiyim yağları təhvil verdiyimi öz səhifəmdə [sosial şəbəkədəki] yazıram və mütləq kimsə müraciət edir ki, kontaktlarımı onunla da bölüşüm” deyən Leyli işlənmiş yağı necə təmizləmək, hara vermək lazım gəldiyini, ondan texniki yağın necə hazırlandığını izah edir.

Yağın təkrar emalı bizdə son illərdə ortaya çıxmış çoxsaylı eko-təşəbbüslərdən biridir.

Digər eko-aktivist Həcər Abbasovayla görüşdüyümüz kafenin bütün interyeri köhnə mebellərdən hazırlanıb, yəni burda minimum karbon izi var. Həcər ekologiyayla il yarım əvvəl maraqlanmağa başlayıb, hazırda eko-yarmarkalar hazırlayır və öz layihəsi üçün leksiyalar oxuyur:

“Ən çətini həmfikir yox, informasiya tapmaqdır. Azərbaycan dilində material yoxdur, ona görə də rus və ya ingillis dillərində axtarmaq lazım gəlir”.

Həcər haqlıdır, bu sahədə axtarışlar fasiləsiz olmalıdır

Həcər deyir ki, Azərbaycan dilində informasiya tapmaq çətindir
Həcər deyir ki, Azərbaycan dilində informasiya tapmaq çətindir

Vəziyyəti daha da pisləşdirməmək

“Xəbərin var ki, bu köynək Banqladeşdə hazırlanıb?” – yan otaqda olan həyat yoldaşım bunu nadinclik etmiş oğlumuzu danladığı səs tonuyla məndən soruşur.

Bu günlərdə mən cəsarətimi toplayıb onu yeni idman köynəkləri almağa razı salmış, həmin köynəklərdən ikisinin Banqladeş istehsalı olduğunu sonra görmüşdüm. Ekologiyaya münasibətinə, o cümlədən əmək şəraitinə görə bu ölkənin çox bərbad reputasiyası var.

Ucuz paltar alanda mütləq nəzərə almaq lazımdır ki, qiymətin aşağı olması heç də həmişə məsum səbəblərdən qaynaqlanmır. Qeyri-etik istehsaldan publik olaraq imtina etmiş brendlər var, amma digərlərinin məhsullarıyla bağlı mini-araşdırma aparmaq, paltarların harda və necə istehsal olunduqlarını, o cümlədən onların tərkibindəki karbon izini də öyrənmək lazımdır.

Hansı növ malların istehsalında və çatdırılmasında karbon sərfiyyatının çox olmasına dair çox sayda araşdırma var. Ekologiyaya zərər vurmamaq adına plastik torbalardan vaz keçib internetdən parça çanta sifariş etməniz bəzən daha böyük ziyana səbəb olar – onları sizə təyyarəylə göndərəcəklər.

Konserv bankaları - gələcəyin qatarı üçün qida
Konserv bankaları – gələcəyin qatarı üçün qida

Ekologiyanı müdafiə məqsədilə plastik torbalardan imtina etmək ancaq o halda özünü doğrulda bilər ki, eko-çantalardan uzun illər boyu istifadə olunsun və sonra da doğru şəkildə utilizasiya edilsin. Çox sayda dəbli eko-çanta almaq plastik torba istifadə etməkdən daha pisdir.

Bundan başqa, ilk baxışda xırda görünən detalları da araşdırmaq lazımdır: məsələn, bəzi kağız stəkanların içinə vurulan nazik laminat təbəqəsi onların təkrar emalını çətinləşdirir.

İstənilən naməlum situasiyada ən doğru çıxış yolu təkrar istifadədir. Təzə bir şey sifariş etməklə bağlı qəti qərarınız yoxdursa, köhnə əşyalarınızı – telefonunuzu və ya gödəkçənizi təmir edin. Söküyü tikilmiş paltarlarınız mağazanın gözətçisini qorxuda bilər, amma həmin paltarda karbon izi olmaz.

Tamaha necə qalib gəlməli

Amma şüurlu istehlak heç də həmişə ucuz başa gəlmir. Çox vaxt ekoloji brendin paltarı daha baha olur, yeməyi evə sifariş etməksə restorana getməkdən ucuz başa gəlir.

Plastik qablarda suşi və ya sürücüsü gündəlik planı doldurmaq üçün 12 saat sükan arxasında olmuş taksi sifariş etmək cəlbedici variantdır, çünki buna görə heç kim sizi qınamaz.

Azərbaycan kasıb ölkədir, burada adambaşına düşən ÜDM Böyük Britaniyadakından səkkiz dəfə azdır. Bəzən adama elə gəlir ki, yalnız firavan Qərbi Avropa ölkələrində orta sinif şüurlu istehlak lüksünü özünə rəva görə bilər.

“Kapitalistlər, pulunuz cibinizi deşir”, – qatı sosialist olan, amma müasir solun ekologiyaya çox diqət ayırdığını düşünən dostum belə deyir. O da hesab edir ki, eko-çantalara və digər ekoloji detallara fokuslanmak vaxt itkisidir.

Dostum deyir: “Dünya dağılır, sən torbalarla əlləşirsən”.

Biz Ukraynadakı, bizdəki müharibəni, pandemiyanı müzakirə edirik. Doğrusu, gələcəyindən əmin olmadığımız dünyada ekoloji problemləri düşünmək bəzən mənə də mənasız görünür.

Eko-fəal Leyli Salayeva bununla razılaşmır:

“Vəziyyət pisləşdikcə nəsə yaxşı bir iş görmək həvəsim artır. Ümumi neqativ dalğaya yıxılsam, boğulub ölərəm. Boğulmamaq üçün yaxşı işlərdən yapışıram”.

Ətrafda təsir edə biləcəyin şeylərin çox az olduğunu düşünəndə adamı kiçik işlər xilas edir – məsələn, zibil toplayıb ondan uşağına oyuncaq qatar və ya özünə ZZ-Top qrupu düzəltmək kimi.

İki kukla

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button