2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Papaq və qalın paltarla yatan vərəm xəstələri – Dispanserdən reportaj

4 saylı vərəm dispanseri. 

Foyedəki divanda sıxlaşmış şəkildə oturmuş xəstələr həkim qəbulu üçün növbə gözləyirlər.

İçəridə geyinməyə baxil qoyulmayıb, sosial məsafə gözlənilmir, maska taxan da var, taxmayan da. 

Saytların yığılması Saytlarin yigilmasi

Yalnız bir yerdə, pəncərənin qarşısında yarıboşalmış dezinfektant qoyulub.

“Hər 3 gündən bir ərimin dərmanlarına 190 manat xərcləyirəm”

İçəri  daxil olan qadın ərinin otağını tapa bilmədiyini deyir. 

O, tibb bacılarından Aidə adlı həkimin hansı mərtəbədə oturduğunu soruşur, amma ona konkret cavab verən tapılmır. 

Bir neçə saatdan sonra həmin qadını marketləri gəzərkən görürəm.
 
O, vərəm xəstəsi ərinə siqaret axtarırdı.

Adının çəkilməsini istəməyən həmin qadın Cəlilabad rayonundan gəlib. 

52 yaşlı əri vərəm xəstəsidir, 2 aydır ki, burda müalicə alır. Amma qadının dediyinə görə, ərinin səhhətində irəliləyiş yoxdur.

O, kasıbçılıqdan, xəstəsinə dərman çatdıra bilməməsindən, hər 3 gündən bir ərinin dərmanlarına 190 manat xərcləməsindən şikayətlənir: “Vəziyyəti ağırlaşanda həkimlər ancaq ağrıkəsici vururlar. Deyirlər ki, sağalmağını istəyirsinizsə, gedin bu dərmanları alın. Mən də neyləyim, məcbur qalıb alıram. Özüm parnikdə işləyirəm. Aya 400 manat maaş alıram. İndi ayın axrı maaşımı almışam deyə, gəlmişəm ərimə qulluq edim”.

Qadın oxumağı, yazmağı bacarmır. Hətta xəstəxananın ünvanını da ovcuna yazıb ki, avtobus sürücüsünə düşəcəyi yeri izah edə bilsin.

Onun əlində 20 manat və boş siqaret qutusu var. Danışır ki, böyük oğlu həbsə düşəndən bəri yoldaşı siqaretsiz dura bilmir.

Xəstəxanadakı şəraitdən danışan qadın narazı olmadığını söyləyir. 

Onun dediyinə görə, xəstəxana yeməkləri pulsuzdur, amma ərinə özü yemək bişirib gətirir, imkansız olduqlarını görən həkimlər də onlardan əlavə pul tələb etmirlər.

“Burada pulsuz heç nə yoxdur”

Xəstəxanın həyətində başqa bir xəstə yaxını ilə söhbətləşirik. Qadın vərəm xəstəsi atasına yemək, təmiz pal-paltar gətirib. Adını söyləməyə çəkinən pasiyent yaxını xəstəxanadakı qiymətlərdən narazılıq edir. 

Onun iddiasına görə, burda pulsuz heç nə yoxdur: “Rentgen, analiz pulludur. Rentgenin qiyməti 10 manat, qan, bəlğəm analizinin qiyməti  8 manatdır. Atama baxan tibb bacısına 20 manat, dərmanları gətirən tibb bacısına 10 manat veririk. Şöbə həkiminin qəbuluna 50 manat, öz həkimimizə də 100 manat ödəyirik”.

Hərçənd “Vərəmlə mübarizə haqqında” Qanuna əsasən, adıçəkilən xəstəliklə mübarizə tədbirləri bütün vətəndaşlar üçün pulsuz olmalı, ambulator müalicə zamanı dərman preparatları pulsuz verilməlidir.

Baş tibb bacısı xəstəxanada rentgen və analizin pulsuz olduğunu bildirir: “Dövlət müəssisəsində pullu heç nə yoxdur”.

Amma tibb bacısı başqa suallarımıza cavab vermək istəmir. O, TƏBİB-in yazılı icazəsi olmadan xəstəxana barədə danışa bilməyəcəyini söyləyir.

Xəstəxananın həyətindəki ayaqyolu da ödənişlidir. Hər girişdə 30 qəpik vermək lazımdır. 

İşçilər deyir ki, bu pulu ayaqyolunu təmizlədiklərinə görə alırlar.

Başlarında papaq, əyinlərində qalın paltarla yatan vərəm xəstələri

Vərəm dispanserindəki xəstələr yuxarı mərtəbələrdə yerləşdiriliblər. 

Xəstələrin otaqları soyuqdur. Onlardan bəzisi əyinlərinə qalın paltar geyib, başlarına papaq qoyub, üstlərinə də yorğan örtüblər.

Otaqların ağ divarları çat verib, yerdəki kafellər qırılıb.

TƏBİB-dən izahat: “Sizin çəkdiyiniz fotolar könhədir”

TƏBİB-in mətbuat katibi Elnarə Baxışova isə “Toplum TV”-nin sorğusuna cavab olaraq problemi araşdıracaqlarını söyləyib. 

Araşdırmadan sonra mətbuat katibi bildirib ki, vərəm dispanserində çəkilən fotolar köhnədir, tibb müəssisəsi yeni təmir edilib. 

O, fakt üçün bəzi fotoları da təqdim edib.

Elnarə Baxışova dispanserdə dərmanların pulla alması və həkimə pul verilməsi haqda pasiyent yaxınlarının dediklərini təkzib edib. O deyib ki, dərmana və ya həkimə pul verdiyini iddia edən xəstələrin adı bəlli olsaydı bu haqda daha dəqiq araşdırma aparmaq olardı. Bununla belə mətbuat katibi xəstələrə dərmanların pulsuz verildiyini, onların dövlət hesabına müalicə olunduğunu də söyləyib.

Dəhlizdə öskürək səsi mahnı səsinə qarışıb

Dispanserdə hər xəstə ayrıca palatada yerləşdirilib. Bəzi otaqlarda pəncərələrin qarşısına, stolların üstünə köhnə qab-qacaq, yemək qoyulub.

Dəhlizdə öskürək səsi mahnı səsinə qarışıb. 

Palataların heç birinin qapısı bağlı deyil, xəstələr gəlib keçəni diqqətlə izləyir, təzə üz görəndə sanki sevinirlər.

Üçüncü mərtəbədə gəzərkən cəlilabadlı qadınla yenidən qarşılaşıram. Əri pəncərənin qabağında dayanıb siqaret çəkir.

Qadınsa deyir ki, elə bayaq yan otaqdakı vərəm xəstəsi də öldü. 
 
Aytac Məmmədli

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button