SEÇMƏ

Partiya sədrinin ölkədən çıxışına qadağa qoyulub

Yayımlandı: 18 Noyabr 2022 18:40

Anar Əsədli ona tətbiq edilən məhdudiyyətin qanunsuz olduğunu düşünür

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.
Anar Əsədli noyabrın 18-də Ankaraya getmək istəyərkən Bakıda hava limanından buraxılmayıb. Hava limanındakı sərhəd-buraxılış məntəqəsində ona bildirilib ki, ölkədən çıxışına məhdudiyyət qoyulub.

Məhdudiyyəti tətbiq edən orqan isə Daxili İşlər Nazirliyidir.

Daxili İşlər Nazirliyi AY Partiya başqanının ölkədən çıxışına qadağa qoyulduğunu təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Anar Əsədliyə qarşı qərarın səbəbi iki vətəndaşın onunla bağlı şikayətidir.

“Anar Əsədli yalan vədlər verərək, onların birindən 150 min, digərindən isə 10 min dollar pullarını alaraq mənimsəyib. Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır”, – DİN-in mətbuat xidmətindən bildirilib.

Ölkədən çıxışına məhdudiyyət haqda öncədən məlumatsız olan Anar Əsədli hava limanından buraxılmayanda bundan xəbər tutub. O, tətbiq edilən məhdudiyyətin qanunsuz olduğunu vurğulayıb:

“Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa, o zaman xalqımıza, media nümayəndələrinə və beynəlxalq ictumaiyyətə geniş məlumat veriləcək. Mən hələ də ümid edirəm ki, bu, kiçik bir məmur yanlışlığıdır”.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycan İsraildə səfirlik, Fələstində nümayəndəlik açır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button