SEÇMƏ

Paşinyan: “Azərbaycan Ermənistana qarşı yeni hərbi təcavüz üçün zəmin yaradır”

Yayımlandı: 18 Oktyabr 2022 15:56

Tərəflər bir-birini günahlandırır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Ermənistana yeni hücum üçün bəhanə yaratmaqda suçlayıb.

Bu barədə Ermənistanın Baş naziri “Twitter” səhifəsində yazıb.

Nikol Paşinyanın sözlərinə görə, Azərbaycan atəşkəsi pozsa da, bunu daim Ermənistanın adına yazır:

“Aydındır ki, bu, Ermənistana qarşı yeni hərbi təcavüz üçün zəmin yaradır”.

“Atəşkəs rejiminə nəzarət və sərhəddə təhlükəsizliyin təminatı üçün daimi işlək beynəlxalq mexanizm gərəkdir”,- Nikol Paşinyan fikrini bu cümlə ilə bitirib.

screenshot

Azərbaycan Müdafiə Nazirliyi bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Bu barədə nazirliyinin oktyabrın 17-də yaydığı məlumatda qeyd olunub.

Nazirlik Ermənistan silahlı qüvvələrinin Daşkəsən istiqamətində hərbi, artilleriya və canlı qüvvə yerləşdirdiyini vurğulayıb:

“Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib”.

Müdafiə Nazirliyi
Foto: Müdafiə Nazirliyi

Milli Məclisdə hakim partiyanı təmsil edən Hikmət Babaoğlu Meydan TV-yə deyib ki, son bir neçə ayda Emənistan 30 ildə həyata keçirdiyi dezinformasiya və manipulyasiya siyasətinə qayıdıb:

“Görünür, Ermənistan kapitulyasiyanın şokunu adlayar-adlamaz hadisələri gərginləşdirərək bunun məsuliyyətini Azərbaycanın üzərinə qoymaq istəyir. Paşinyanın sonuncu açıqlamasından aydın sezilir ki, Praqada razılaşdırılmış missiyanın Ermənistana gəlməsi onun məqsədi ilə üst-üstə düşür. Bu missiya sərhəddə yerləşməklə faktlar toplamaq istəyir, amma olmayan, yalançı faktları toplayaraq Azərbaycana qarşı təzyiq alətinə çevrilmək üçün gəlir”.

Hikmət Babaoğlu. foto: axar.az

Deputatın sözlərinə görə, həmin missiyanın müşahidə aparmaq imkanları yoxdur və müşahidə aparacaq məkan qeyri-müəyyəndir.

“Əgər sərhədlər delimitasiya edilməyibsə, Avropa İttifaqının missiyası harda müşahidə aparacaq? Onlar vizual baxmaqla sərhədin hardan keçdiyini və atəşkəsin harda pzulduğunu necə müəyyənləşdirəcəklər? Ona görə diplomatik manipulyasiya Fransa və Ermənistanın birgə düşündükləri gedişdir. Nəticədə olmayan faktları toplamaqla Azərbaycanı ittiham etmək məqsədi güdürlər. Paşinyan da bu cür açıqlamalarla gələcəkdə edəcəklərinə zəmin yaratmaq istəyir”,-deyə Hikmət Babaoğlu əlavə edib.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Politoloq Rauf Mirqdirov hesab edir ki, sülh sazişi imzalanmayınca, sərhədlərin delimitasiyası baş verməyibsə, yaxud işlək beynəlxalq mexanizm yoxdursa, müxtəlif insidentlər olacaq:

“Çünki bu cür insidentlərin olması üçün zəmin var”.

Rauf Mirqədirov hazırkı şəraiti qeyri-müəyyən adlandırıb:

“Nəzərə alın ki, regionda xarici güclərin olan maraqları, ilk növbədə Rusiya və İranın təsir gücləri çərçivəsində təxribatların baş verməsi mümkündür, gerçəkdir, bəzi hallarda hətta qaçılmazdır”.

Avropa İttifaqı regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycan-Ermənistan sərhədi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib.
Qərarın oktyabrın 6-da Praqada dördtərəfli görüşdən sonra qəbul edildiyi qeyd olunub.

Gözdən qaçırmayın:  Bir neçə səfir geri çağırılıb, yeni təyinatlar var

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button