Loading...
Loading...
SEÇMƏ

Paşinyan: “Azərbaycan Ordusu Ermənistan ərazisinin müəyyən hissəsinə nəzarəti təmin edib”

Azərbaycan Ordusu suveren torpaqlarımızı tərk edəcəyi təqdirdə - Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır”

Sentyabrın 13-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlərdə Ermənistan ordusunun 105 hərbçisi həlak olub.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrn 14-də parlamentdə deyib.

N.Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdiyini də söyləyib:

“Təşkilatın IV maddəsinə əsasən ölkənin ərazi bütövlüyünü bərpa etmək və Azərbaycan ordusunun Ermənistandan çıxarılmasını təmin etmək üçün müraciət etmişik. Bu maddədə deyilir ki, üzv dövlətlərdən birinə təcavüz digər ölkələrə qarşı təcavüz sayılır”.

KTMT iclasının çağırılmasını “qənaətbəxş fakt” adlandıran Paşinyan səmimi və açıq müzakirənin getdiyini bildirib:

“Hesab edirəm ki, indiki mərhələdə vəziyyətin qiymətləndirilməsi baxımından minimum lazımi qərarlar qəbul edilib”.

Ermənistanın siyasi mövqeyindən danışan Paşinyan deyib ki, ölkəsi ilə Azərbaycan arasında sərhəd var, bu sərhəd tanınıb və bu sərhədin tanınması hər iki ölkə tərəfindən ratifikasiya olunub:

“Əgər Azərbaycan deyirsə ki, belə bir şey yoxdur, deməli, ümumi kontekstdə onun ifadə etdiyi bir sıra mövqelər tamamilə mənasını itirir və heç bir əsası yoxdur”.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Ermənistan ərazisinin müəyyən hissəsinə nəzarəti təmin edib.

Baş nazirin fikrincə, Azərbaycan Ermənistanı Qərbdə qatı rusiyapərəst, Rusiyada isə güclü qərbpərəst kimi təqdim etməyə çalışır.

“Ermənistanın Rusiya ilə çox yaxın münasibətlərinin olması faktını danmaq olmaz. Həmçinin Ermənistanın Qərb dövlətləri ilə intensiv təmasda olması faktını danmaq olmaz. Biz Avropa İttifaqı ilə çox sıx işləyirik, ABŞ-la strateji dialoqumuz var. Lakin Azərbaycanın təqdim etməyə çalışdığı kontekstin həqiqətlə heç bir əlaqəsi yoxdur, çünki Ermənistan öz öhdəliklərinə sadiq, suveren müstəqil dövlətdir”, – deyə Baş nazir bildirib.

O deyib ki, Azərbaycan-Ermənistan sərhəddinin müəyyənləşməsi sovet xəritələri əsasında aparılır:

“Dağlıq Qarabağ da bu xəritələrə əsasən, Azərbaycan ərazisidir”.

“Ermənistan sərhədin demarkasiyası və delimitasiyası məsələsində hüquqi həll yollarına arxalanır. Əgər xəritələrdən danışırıqsa, o zaman həmin xəritələrə etibar etməliyik ki, bu da öz növbəsində qanuni qərarlara əsaslanır. Hüquqi əsası olmayan istənilən xəritə sadəcə bədii mənzərədir”, – deyə Paşinyan bildirib.

“Azərbaycan Ordusu suveren torpaqlarımızı tərk edəcəyi təqdirdə - Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır”.

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin və ya xəritələrin hüquqi əsasları üzərində araşdırmalar aparılıb:

“Biz Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiyanın məhz bu prinsip əsasında aparılmasını təklif etmişik və hələ də təklif edirik. Bu, o deməkdir ki, Sovet Ermənistanı ilə Sovet Azərbaycanını ayıran sərhədlər artıq tanınıb. Yeri gəlmişkən, parlamentlər tərəfindən 1991-ci ildə MDB-nin yaradılması haqqında Almatı bəyannaməsi, daha sonra isə müvafiq sazişlə təsdiq edilib”.

Gözdən qaçırmayın:  Blinken: “Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni “qarışdırmağa” cəhd edə bilər”

Baş nazir bildirib ki, Ermənistanla Azərbaycan arasında sərhəd olmadığı iddiası doğru deyil:

“Bu sərhəd mövcuddur və bu gün bu sərhəd iki mərhələli təcavüz həyata keçirmiş Azərbaycan tərəfindən pozulub: birinci mərhələ 2021-ci il mayın 12-də, ikinci mərhələ indidir. Ermənistan konkret təcavüzə məruz qalır və Ermənistan öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün bütün diplomatik, siyasi, hərbi-siyasi üsullardan istifadə etməlidir”.

Baş nazir Nikol Paşinyan dünən parlamentdə 49 hərbçinin öldüyünü bildirmişdi.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Sentyabrın 13-də Azərbaycan Müdafiə Nazirliyi 50, Ermənistan isə 49 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button