2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Paşinyan: “Deportasiya olunmuş ermənilər evlərinə qaytarılmalıdır”

Yayımlandı: 16 Mart 2023 18:34

Siyasi şərhçi bu fikirləri demaqogiya sayır

Dağlıq Qarabağın Hadrut, Şuşa, Xocavənd, Ağdərə, o cümlədən, Goranboy, Çaykənd, Laçın və başqa ərazilərə ermənilərin geri qaytarılması üçün beynəlxalq mexanizmlər işə salınmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu martın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Baş nazir Xarici İşlər Nazirliyinə bununla bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə rəsmi danışıqlara başlamasını tapşırıb.

N.Paşinyan beynəlxalq mexanizmin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla müəyyən edildiyini xatırladaraq onun hələ işə düşmədiyini əlavə edib:

Üçtərəfli bəyanatın 7-ci bəndində deyilir ki, məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının idarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar”.

Etnik təmizləməyə məruz qalmış Bakı, Şirvan, Sumqayıt, Gəncə, Xanlar, Şəmkir, Naxçıvan və Azərbaycanın digər rayonlarından olan ermənilərin nümayəndələri də dövlət orqanlarına müraciət edərək şikayət edirlər ki, niyə onların məsələsini qaldırmırıq?! Yəni beynəlxalq sülhməramlı qüvvələrin müşayiəti ilə onların öz evlərinə qayıtmaq hüquqları təmin olunmalıdır. Problem ondadır ki, 9 noyabr tarixli üçtərəfli bəyanatın 7-ci bəndi yalnız Dağlıq Qarabağ və  bilavasitə ona bitişik rayonlardan olan qaçqın və məcburi köçkünlərə şamil edilir. Lakin bu, təbii ki, müəyyən etnik təmizləməyə məruz qalmış ermənilərin nümayəndələri üçün maneə deyil”, – deyə Paşinyan bildirib.

Ermənistanın Baş naziri həmçinin Azərbaycanın sülh müqaviləsi ilə bağlı yeni təkliflərinə yaxın vaxtlarda müzakirə edib cavablarını təqdim edəcəklərini deyib.

Amma Baş nazir detallara varmayıb.

Martın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə toplantısında çıxışı zamanı deyib ki, 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulub:

“Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıdıb. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir”.

Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir”,-deyə Əliyev fikrini tamamlayıb.

Nikol Paşinyanın açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, Paşnyanın çıxışı təbliğat xarakterli demoqogiyadır:

Məsələ ondadır ki, 2 gün əvvəl Baş nazir keçirdiyi mətbuat konfransında 1988-ci ildə Ermənistandan deportasiya olunan azərbaycanlıların öz yurdlarına qayıtmasını inkar edib. Hətta Bakının belə bir tələbini Ermənistana qarşı iddia kimi qiymətləndirib. Paşinyan deyir ki, azərbaycanlıları qovan olmayıb, toy-bayramla yola salıb külli miqadarda kompensasiya da ödəyiblər. Bu mənada Paşinyanın mövqeyi beynəlxalq hüquq normalarına ziddir və özündə ikili standart daşıyır. Çünki bir tərəfin haqqını tanıyıb, digərinin haqqını rədd edir. Ona görə bu çıxışlar daxili auditoriya üçün yönəlib”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Mirqədirov Ermənistan Baş nazirinin üçtərəfli bəyanatdan sitat gətirməsini doğru saymayıb:

Əgər hər hansı saziş imzalanarsa, qaçqınların qayıtması məsələsi həmin sənədin tərkib hissəsi ola bilər. Yaxud həmin məsələyə tounulmaya da bilərlər. Məcburi köçkünlərdən fərqli olaraq qaçqınlar dövlətlərarası predmetdir. Ona görə də 1988-ci il deportasiyasının üçtərəfli bəyanata heç bir aidiyyatı yoxdur. Orada Dağlıq Qarabağdakı insanlardan söhbət gedir. Əlbəttə, sülh sazişində bu məsələ öz həllini tapsaydı, məntiqi olardı, amma bunun yaxın illərdə gerçəkləşməsi real görünmür”.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button