SEÇMƏ

Paşinyan: “Detallı sülh sazişi bizə çətinliklər yarada bilər”

Yayımlandı: 17 Noyabr 2022 15:02

“Rusiyanın təklifi Qarabağ məsələsini qeyri-müəyyən vaxta təxirə salmaqdır”

“Detallı şəkildə sülh sazişi bizə çətinliklər yarada bilər”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentdə hökumət saatında deyib.

Nikol Paşinyan bildirib ki, Ermənistanın Azərbaycanla münasibətləri Qarabağ məsələsindən ayırmağa razılaşması heç də Yerevanın Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarından imtinası anlamına gəlmir.

“Bu problemi həll ediriksə, əlbəttə, Ermənistan Azərbaycanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında çərçivə sülh sazişini imzalamağa hazırdır”, – deyə Baş nazir əlavə edib.

Nikol Paşinyan Yerevanın status deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təminatı məsələsi irəli sürməsinin səbəbini Rusiyanın mövqeyini qəbul etməsilə əlaqələndirib.

Onun sözlərinə görə, Rusiyanın təkliflərini 2021-ci ilin yanvarında qəbul edib:

“Bu məsələdə hakimiyyətin mövqeyi müxalifətlə, Qarabağda səslənən mövqelərlə oxşardır və Ermənistan bu təkliflə daha öncə razılaşıb. Təklif isə belədir: Qarabağ məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq”.

Baş nazir buna görə Rusiyanın Prezidenti Vladimir Putinə təşəkkür edib.

N.Paşinyan ümid edir ki, noyabrın 23-də keçiriləcək KTMT-nin Yerevan sammitində hərbi blok Yerevanın Azərbaycan silahlı qüvvələrinin Ermənistanın işğal olunmuş ərazilərini tərk etməli olması ilə bağlı mövqeyini açıq şəkildə dəstəkləyəcək.

Baş nazir əmin edib ki, beynəlxalq ictimaiyyət tərəfindən belə bir dəstək var:

“Biz KTMT-Azərbaycan müharibəsini qızışdırmaq istəmirik. Ermənistan vətəndaşlarının KTMT-yə münasibəti və münasibətlərimizin gələcəyi məhz bu məsələ ilə bağlı formalaşacaq”.

“Məsələ ondadır ki, Azərbaycan işğal etdiyi əraziləri tərk etmək əvəzinə, Bakının hansı əraziləri nəzərdə tutduğunu dəqiqləşdirmədən Ermənistandan da Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsini tələb edir”, – deyə Paşinyan konkret adlar çəkib.

“Misal çəkə bilərəm. Tavuş rayonunun Berkaber kəndində əkin sahələrinin 70 faizə yaxını işğal olunub. Bu, 1991, 1992-1994-cü illərdə baş verib. Sərhəd xəttini göstərin və göstərdiyiniz sərhəd xəttinin hüquqi əsaslandırmasını göstərin. Belə olan halda, biz də, son müsahibələrimin birində dediyim kimi, bütün sərhəd boyu nə Azərbaycan, nə də Ermənistanın işğal etdiyi ərazilər qalmayana qədər vəziyyəti inkişaf etdirməyə hazırıq. Biz bu qərarları qəbul etməyə hazırıq və mən də bu məsuliyyəti öz üzərimə götürməyə hazıram”, – deyə hökumət başçısı bildirib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Gözdən qaçırmayın:  “Bayram günləri İmişli müəllimləri məcburi təlimə aparılıb”

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button