SEÇMƏ

Paşinyan: “İlham Əliyev Qarabağda soyqırımına hazırlaşır”

Yayımlandı: 10 Noyabr 2022 13:15

Bakı və Yerevan bir-birini öhdəlikləri yerinə yetirməməkdə ittiham edir

İlham Əliyev nəinki Dağlıq Qarabağ ermənilərini təhdid edir, o, həmçinin soyqırımına hazırlaşır”.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin 10 noyabrda keçirilən iclasında çıxışı zamanı belə deyib.

O bildirib ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələlərdə beynəlxalq təminatlar olmadan sülhməramlıların geri çəkilməsi doğru deyil.

“Sülhməramlıların geri çəkilməsi söhbətlərinin getməsi təkcə üçtərəfli bəyannamələrin pozulması deyil, həm də Dağlıq Qarabağ ermənilərinin soyqırımına hazırlıqdır”, – Paşinyan bildirib.

10 noyabr 2020-ci ildə qəbul edilən üçtərəfli atəşkəs sazişinə əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilib.

Nikol Paşinyan hesab edir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər həll olunanadək sülhməramlıların səlahiyyət müddəti artırılmalıdır:

“Ermənistanın yeganə öhdəliyi Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin etməkdir. Heç bir bəyanatda konkret marşrut qeyd olunmayıb. Bir neçə gün əvvəl Şuşada Azərbaycan qələbə günü münasibətilə tədbir keçirib. Mərasimdə Əliyev: “Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir”, – deyib. Belə çıxır ki, o, bizi öhdəliklərimizi yerinə yetirməməkdə suçlayıb. Mənsə belə anlayıram ki, Azərbaycan Laçın dəhlizini bağlayıb, Dağlıq Qarabağ ermənilərini mühasirəyə alıb, orada soyqırım törətmək istəyir”.

Paşinyan Ermənistan hökuməti tərəfindən dövriyyəyə buraxılan Ermənistan-Azərbaycan sərhədində buraxılış məntəqələrinin açılması layihəsindən də danışıb.

O vurğulayıb ki, Yerevan bu cür rabitəni təmin etməyə hazırdır, lakin bu qərar nədənsə qəbul edilmir:

“Görünür, Azərbaycan bu yolu istəmir. Bu, o deməkdir ki, Ermənistan üzərinə düşən öhdəliyi tam yerinə yetirib. Sadəcə, Azərbaycan fürsətdən istifadə etmək istəmir”.

“Əgər Azərbaycan, həqiqətən də, sülh istəyirsə, buna hazırdırsa, gəlin o pasport nəzarət məntəqələrini açaq”, – Nikol Paşinyan bildirib.

Noyabrın 8-də Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Ermənistan iki il əvvəl – noyabrın 10-da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.

O bildirib ki, erməni silahlı qüvvələri hələ də Qarabağdadır.

Əliyevin sözlərinə görə, Azərbaycanın səbri tükənməz deyil:

“Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bir daha xəbərdarlıq etmək istəyirəm: Ermənistan öhdəliklərini yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq”.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Gözdən qaçırmayın:  Rusiya XİN: “Ukrayna ilə danışıqlara hazırıq”

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunu işğal edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button