2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Paşinyan Moskvaya qarşı: 10 noyabr razılaşması ləğv olunur?

Ermənistanın Baş naziri Nikol Paşinyan Naxçıvan Muxtar Respublikası (NMR) ilə Azərbaycanın qalan hissəsini birləşdirəcək yeni yolun tikilməsini təklif edib. Baş nazir Twitter-də yazıb ki, ölkəsi, Azərbaycanla razılığa gəldiyi təqdirdə, yeni yolların tikintisinə hazırdır.

“10 noyabr bəyanatına görə, Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yol tikmək üçün birtərəfli qaydada götürdüyü öhdəlik varmı? Yox! Bu, Ermənistan və Azərbaycan arasında razılaşma nəticəsində baş verə bilərmi? Bəli! Ermənistan bunu öz qanunvericiliyi əsasında etməyə hazırdır. Buna görə Azərbaycanın müsbət cavabı lazımdır”.

Bu, Ermənistan rəhbərinin yeni təklifidir, bundan əvvəl o bəyan etmişdi ki, 10 noyabr razılaşmasında Ermənistan ərazisindən keçən hər hansı dəhliz nəzərdə tutulmayıb: “Kimsə 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında Ermənistan ərazisindən keçən dəhliz barədə nəsə tapa bilərmi? Bəli, bu, Dağlıq Qarabağa gedən Laçın dəhlizidir. Orda yalnız bundan söhbət gedir”. 

Saytların yığılması Saytlarin yigilmasi

Paşinyanın ötən həftə dilə gətirdiyi təkliflər sırasında Ermənistan ərazisindən Naxçıvana üç buraxılış məntəqəsi açmağa hazır olması da vardı. Rəsmi Bakı İrəvanın bu təklifini qeyri-real adlandırmışdı. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistan Laçın dəhlizinin nümunəsində Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. 

Baş nazirin bu gün səsləndirdiyi təklif maraqlı olduğu qədər hazırkı konfiqurasiyaya uyğun gəlmir. Ona görə də Paşinyanın dediklərini bir qədər provakativ adlandırmaq mümkündür. Söhbət nədən gedir?

Naxçıvana Azərbaycandan gediş-gəliş üçün Ermənistan ərazisindən yol verilməsi məsələsi Ermənistanın 10 noyabr razılaşması ilə üzərinə götürdüyü öhdəliklərdən biridir. Sənəddə belə yazılıb: 

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Beləliklə, sənəd üç ölkə arasında imzalanıb, Paşinyanın yeni təklifi isə Naxçıvana yol məsələsinin Bakı və İrəvan arasında ayrıca razılaşdırılmasını ehtiva edir. Deməli, Paşinyan dolayısı ilə 10 noyabr razılaşmasının qüvvədən düşməsini istəyir. Əgər bu sənədin bir maddəsi üzrə hər hansı razılığa gəlmək mümkün deyilsə, bu səbəbdən ikitərəfli formata müraciət edilirsə, bu, ümumilikdə atəşkəs razılaşmasının digər maddələrinin, tərəflərin öhdəliklərinin sıfırlanması deməkdir. Rəsmi Bakı ilk növbədə bu səbəbə görə Paşinyanın bu təklifinə razılıq verə bilməz. Çünki 10 noyabr razılaşmasında həm də Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması öhdəliyi var və İrəvan 2 il keçsə də bu maddəni tam şəkildə icra etmir. Bölgənin silahsızlaşdırılması məsələsi isə Azərbaycanın ilk üç prioritetindən biridir.

İkincisi, Paşinyanın təklifi açıq şəkildə Rusiyanın Qarabağ problemindəki iştirakını bilavasitə məhdudlaşdırmağa yönəlib. Baş nazir təklif edir ki, Naxçıvana yol məsələsini Bakı və İrəvan öz aralarında həll etməlidirlər və bu, Rusiyasız yeni razılaşma tələb edir. 10 noyabr sənədində isə Naxçıvana yolun Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanlarının nəzarətində olması imperativ şəkildə yazılıb. Bu, nəzəri baxımdan, Bakı üçün pis səslənən təklif deyil, amma reallaşma imkanları yox dərəcəsindədir.

Əvvəla, Rusiya heç bir şəkildə Naxçıvana yol məsələsinin ikitərəfli razılaşma çərçivəsində həllinə imkan verməyəcək. Moskvanın əlində hələ də kifayət qədər təsirli alətlər var ki, öz maraqlarını həyata keçirsin.

İkincisi, rəsmi Bakı Rusiya ilə konfrontasiyaya getməmək siyasətinə sadiqdir, bunu dəfələrlə təsdiq edib. Sonuncu dəfə rəsmi Bakı Avropa İttifaqının sərhədə mülki müşahidəçilər göndərilməsinə razılıq verməyib, amma Paşinyan razılaşıb, müşahidəçilər artıq Ermənistan tərəfindən sərhədə baş çəkiblər. 

Üçüncüsü, Paşinyanın təklifi hüquqi və siyasi baxımdan Azərbaycanı qane etmir. Çünki Paşinyan yolun statusunun ancaq Ermənistan qanunvericiliyi çərçivəsində müəyyənləşməsini təklif edir. Bu da mahiyyətcə Baş nazirin əvvəlki təkliflərindən o qədər də fərqlənmir. Xatırladaq ki, Paşinyanın Naxçıvana gediş-gəliş üçün Ermənistan ərazisindən üç keçid məntəqəsi açmağa hazır olması təklifi Bakı tərəfindən rədd edilib. Azərbaycan tələb edir ki, NMR-a gedən yolun statusu Qarabağı Ermənistanla əlaqələndirən Laçın dəhlizi ilə bərabər olmalıdır.  

Paşinyanın sözügedən təklifi keçərli olmasa da, İrəvanın Moskvadan uzaqlaşmaq siyasətinin daha bir təzahürü hesab etmək olar. Ötən həftə Rusiya Avropa İttifaqı müşahidəçilərinin Ermənistana gəlməsinə kəskin etiraz edib, eyni zamanda, KTMT müşahidəçilərinin Ermənistan sərhədinə yerləşdirilməsini təklif edib. Bunun üçün sadəcə İrəvanın KTMT katibliyinə müraciəti olmalıdır. Hərbi ittifaqa sədrlik edən Nikol Paşinyan hökuməti isə Sergey Lavrovun bu təklifinə cavab vermədi, əksinə, Avropa İttifaqı ilə yanaşı, ATƏT-ə də müraciət edərək, sərhədə müşahidəçilər göndərməyi xahiş etdi. 

Beləliklə, qarşıdakı günlərdə Moskva-İrəvan münasibətlərinin daha da gərginləşməsini gözləmək olar. Şübhəsiz ki, bu gərginliyin əsas elementləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsində özünü göstərəcək. Azərbaycan bu fürsətdən necə istifadə edəcək, bunu zaman göstərəcək. Ehtimallardan biri budur ki, ilk addımlardan biri kimi Laçın dəhlizinə sərhəd-keçid məntəqəsinin quraşdırılması ilə bağlı Rusiya ilə danışıqlar başlaya bilər…

Turqut

24 saat” “Paşinyan Moskvaya qarşı: 10 noyabr razılaşması ləğv olunur?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button