SEÇMƏ

Paşinyan sülhməramlılarla bağlı təklifinin qəbul olunmadığını bildirib

Yayımlandı: 2 Noyabr 2022 16:55

“Kontingentin mandatını uzatmaqla bağlı qərar sülh sazişinin imzalanmasından, sərhədlərin delimitasiyasından asılıdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı Rusiya sülhməramlılarının missiyasını uzatmağı təkif edib.

Bu, oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşdə təklif edilib. Noyabrın 2-də Ermənistan parlamentindəki 2023-cü ilin büdcə müzakirələrində Baş nazir Nikol Paşinyan bu barədə yenidən danışıb.

“Azatutyun” yazır ki, Baş nazir sülhməramlıların missiyasını 20, 15, 5 il müddətinə uzatmağı təklif etdiyini açıqlayıb.

Paşinyanın sözlərinə görə, bu təklif qəbul olunmayıb:
“Məncə, məsələ gündəliyə salınıb”.

Baş nazir həmçinin qeyd edib ki, kontingentin mandatını uzatmaqla bağlı qərar digər məsələlərdən – sülh sazişinin imzalanmasından, sərhədlərin delimitasiyasından asılıdır:

“Bu məsələlər həllini tapsa, onda sülhməramlılar məsələsi də başqa cür həllini tapacaq. Ancaq olmasa, yaxud müəyyən həcmdə həll edilsə, sülhməramlı kontingentimizin taleyi də bundan asılı olacaq”.

Nikol Paşinyan oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçi görüşünün yekunlarına dair birgə bəyanata imza atıb. Bəyanatda tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşmasına, Cənubi Qafqazda sülhə, sabitliyə, təhlükəsizliyə sadiqliklərini bildiriblər. Tərəflər güc tətbiqindən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə razılaşıblar.

Meydan TV

Gözdən qaçırmayın:  Cəbrayılda sürücü minaya düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button