Loading...
Loading...
SEÇMƏ

Paşinyan yeni rəqəm açıqladı: “İtkilərimizin sayı 135 nəfərdir”

Yayımlandı: 16 Sentyabr 2022 12:11

Baş nazir: “Bu, yekun rəqəm deyil, çoxlu yaralı var”

“Bu günə qədər təsdiqlənmiş itkilərimizin sayı 135-dir, lakin təəssüf ki, bu rəqəmin hələ yekun olmadığını bilirik. Çoxlu yaralı var”.

Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.

Müdafiə naziri Suren Papikyan isə bildirib ki, hazırda əməliyyat vəziyyəti nisbətən sabitdir:

“Dünən gecə atəşkəs rejiminə əməl olundu. Qeyd edə bilərəm ki, Silahlı Qüvvələr üzərinə düşən vəzifəni yerinə yetirə bilər”.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyi 71, Ermənistan isə 105 hərbçisini itirdiyi haqda məlumat yaymışdı.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Nərmin işində “cins şalvar” şübhəsi: olmayan şalvar ekspertizaya necə çıxıb?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button