2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Paşinyanın rahatlığını poza bilərik…

Rusiyanın davamlı təzyiqləri Ermənistan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsi imzalamaq iradəsinə ciddi təsir göstərib. Hər halda, rəsmi İrəvandan verilən son bəyanatlar belə nəticə çıxarmağa əsas verir. Mayın əvvəlindən müddətsiz etiraz aksiyalarına başlayan müxalifət prosesləri zor müstəvisinə çəkməyə cəhdlər etsə də, cəmiyyətdən ciddi dəstək ala bilmədi. Amma Baş nazir N.Paşinyan 20 apreldə Moskvadan Putinlə görüşdən qayıtdıqdan sonra verdiyi əksər bəyanatlar göstərir ki,  Brüssel görüşündən sonrakı mövqeyindən uzaqlaşıb. Aprelin 7-də Paşinyan “Qərb bizdən Qarabağın statusuna dair gözləntilərimizi aşağı salmağı istəyir” deyirdisə, indi Qarabağ ermənilərinin razılığı olmadan hər hansı sülh müqaviləsinin imzalanmasının mümkün olmayacağını deyir. Xatırladaq ki, Niderlanda səfəri zamanı da Paşinyan rəsmi Bakını qıcıqlandıran açıqlamalar vermişdi, rəsmi Bakı isə onu danışıqlar prosesini pozmaq cəhdində qınamışdı.

Ötən həftə Düşənbədə Rusiya xarici işlər nazir Sergey Lavrovun iştirakı ilə Azrbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən sonra ümidverici bəyanat səslənmədi. Lavrov dedi ki, Azərbaycan və Ermənistan arasında danışıqlar prezidentlərin razılaşdığı qayda ilə getməlidir. Bu, 10 noyabr bəyanatını xatırlatmaqdır və orada ikitərəfli sülh müqaviləsindən bəhs olunmur. Rusiya təmsilçisi Moskvanın patronajlığı ilə qəbul olunan bəyanatları, orada qeyd olunmuş sərhədlər və kommunikasiyalarla bağlı razılaşmaların icrasından danışdı. Onun erməni həmkarı Mirzoyan da eyni cümlələri təkrarlamaqla kifayətləndi. Ceyhun Bayramov isə bir qədər narazı tonda 10 noyabr bəyanatının icrasının vacib olduğunu bildirmişdi.

Ümumiyyətlə, rəsmi İrəvandan verilən son açıqlamaların heç birində Brüssel görüşündə razılaşdırılan məqamlar xatırlanmır.  

Saytların yığılması Saytlarin yigilmasi

Ötən həftə Ermənistan Baş nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan rəsmi İrəvanın Azərbaycanla sülh danışıqlarına başlamaq üçün rəsmi Bakıya təklif etdiyi 6 bənddən ibarət paketi açıqlayıb. Sənədin ikinci bəndində yazılıb ki, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur. Qeyd olunur ki, Ermənistan MDB-nin yaradılması haqqında Azərbaycanla 8 dekabr 1991-ci il tarixli sazişə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyıb. Ermənistan onu 1992-ci il fevralın 18-də ratifikasiya edib (Yəni imzalanan zaman tərəflər bu birliyə qoşularaq, bir-birini tanıyıblar).

Təkliflərin üçüncü bəndində isə yazılıb: “Erməni tərəfi üçün “Dağlıq Qarabağ” ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, eləcə də “Dağlıq Qarabağ”ın yekun statusunun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir”.

Sonrakı bənddə 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında göstərilən öhdəliklərin (müharibə əsirlərinin qaytarılması, kommunikasiyaların açılması) yerinə yetirilməsi vacib hesab edilir.

Ermənistan tərəfi bəyan edir ki, İrəvan BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycanla dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır.

Sonuncu – 6-cı bənddə isə müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib.

Xatırladaq ki, rəsmi Bakı hələ fevral ayında Ermənistana sülh müqaviləsinin aşağıdakı 5 baza prinsip əsasında hazırlanmasına dair sənəd vermişdi:

– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Beləliklə, tərəflərin mövqeləri ortadadır və xeyli prinsipial ziddiyyətli məqamlar var. Əvvəla, Ermənistan Qarabağda qalan azsaylı ermənilər üçün status müəyyənləşdirilməsini istəyir. Rəsmi Bakı müharibədən dərhal sonra bəyan edib ki, bölgədə yaşayan ermənilərə hər hansı status verilməyəcək, amma Azərbaycan vətəndaşları kimi, onların bütün hüquqlarının qorunmasına təminat verməyə hazırdır.

İkincisi, Ermənistan danışıqlar prosesinin hələ də artıq mövcud olmayan ATƏT-in Minsk Qrupunun egidası altında aparılmasını istəyir. Azərbaycanın mövqeyi belədir: vasitəçilər ancaq Azərbaycan və Ermənistan arasında aparılacaq sülh danışıqlarına töhfə verə bilərlər. Müharibədən əvvəlki danışıqlar formatına heç bir halda qayıdılmayacaq və Qarabağla bağlı məsələ müzakirə predmeti ola bilməz. Proses ancaq 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqlar tamamilə nəzərə alınmaqla davam etdirilə bilər.

Üçüncüsü, Ermənistan Azərbaycanın “Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi” təklifinə aydın cavab vermir.

Nəhayət, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Qarabağın yuxarı hissəsi ilə bağlı iddialarından əl çəkdiyini açıqlamır. Bu da rəsmi Bakı üçün qəbuledilməzdir. Azərbaycan BMT-nin qəbul etdiyi ərazi bütövlüyü və suverenliyin qeyd-şərtsiz qəbul edilməsini istəyir.

Diqqətçəkən məqamlardan biri də Ermənistanın ancaq Rusiyanın patronajlığı altında qəbul edilən bəyanatlara istinad etməsidir. 15 dekabr 2021 və 6 aprel 2002-ci ildə Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə ölkə rəhbərləri tərəfindən razılaşdırılan bəyanatlar xatırlanmır. Bu da kifayət qədər ziddiyyətli məqamdır.

Təkliflərdə üst-üstə düşən bəzi maddələr də var. Azərbaycan və Ermənistan müharibədən sonra qəbul edilən bəyanatlarda yer alan öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edirlər. Amma bu günə qədər sərhədlərin açılması, kommunikasiyaların bərpası ilə bağlı hər hansı addım atılmayıb. 

Politoloq Fərhad Məmmədov bildirir ki, son bir neçə həftə ərzində danışıqlar prosesinin pozulmasına səbəb ola biləcək hadisələr baş verib. Onun sözlərinə görə, növbəti həftələrdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi aydınlaşacaq. Ekspert bir neçə mühüm məqamı qeyd edib: 

“Ermənistan xarici işlər nazirinin mayın 16-17-də Düşənbədə kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi üzrə İşçi Qrupun Moskvada görüşəcəyi barədə açıqlaması Azərbaycanın rəsmi strukturları tərəfindən hələlik təsdiqini tapmayıb. Yəni, əgər görüş baş tutmasa, o zaman güman etmək olar ki, Ermənistanın sülh müqaviləsi prinsipləri üzrə konsepsiyasını dəyişdiyi bir vaxtda Azərbaycan danışıqlar aparmağa əsas görmür;

Ermənistan tərəfinin səsləndirdiyi 6 prinsip ziddiyyətlidir və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini, Qarabağ ermənilərinin “təhlükəsizliyi” və “statusu” məsələsini gündəmdə saxladığını nümayiş etdirir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu 6 prinsipə gözlənilən reaksiyası İrəvanın danışıqlar prosesini pozmasının nümayişi olacaq;

Ermənistan tərəfi Bakıya təqdim etdiyi 6 prinsdə yuxarıda qeyd olunan mövzuların onlar üçün fundamental olduğunu iddia edir. O zaman Azərbaycan da öz prinsiplərə sadiqliyini nümayiş etdirməli, Ermənistana qarşı ərazi iddialarını rəsmiləşdirməlidir. Bu da yaxın həftələrdə baş verə bilər. Məsələn, Zəngəzurun Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsinin qeyri-legitim olması haqqında parlamentin bəyanatı qəbul oluna olar.

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan ərazisindən atəşkəsin pozulması ilə bağlı gündəlik hesabatları ehtimal etməyə əsas verir ki, paralel olaraq, təhlükənin neytrallaşdırılması və sərhədin müəyyənləşdirilməsi məqsədilə sərhəddə silahlı toqquşmaların intensivləşməsi baş verəcək”.

F.Məmmədov əlavə edir ki, Azərbaycan və Türkiyə prezidentlərinin 14 may görüşü yaxın bir-iki həftənin mənzərəsini müəyyən edəcək. “Azərbaycanın əlində Ermənistana, xüsusən onun daxili siyasi gündəmə təsir etmək üçün çoxlu sayda rıçaqları var ki, onlar Paşinyanın rahatlığını poza bilər. O, yaxın tarixlə bağlı yaddaşını təzələsə, kifayətdir”, – politoloq qeyd edib.

Ekspert əmindir ki, Azərbaycan Xarici İşlər Nazirliyi artıq Ermənistanın addımlarını, hərəkətlərini və bəyanatlarının qeydiyyatını aparır: “Bu da Ermənistanın danışıqlar prosesini necə pozması ilə bağlı nazirliyin verəcəyi bəyanatın əsasını təşkil edəcək. Xatırladım ki, belə bir siyahı 27 sentyabr 2020-ci ildə açıqlanıb. İndiki vəziyyət 2020-ci ilin mart-aprel aylarındakı vəziyyətə bənzəyir…”

Turqut

24 saat” “Paşinyanın rahatlığını poza bilərik…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button