2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Pencər yığan qız, sərhədçiyə boyunbağı hədiyyəsi, 30 illik dramın son səhnəsi 

Bircə kəndimizi, evimizi görsəydim…

Beyləqanı keçdik. Füzulinin kəndlərini də. Ətrafdakı mənzərə müharibə adlı dəhşət filminin son səhnəsidir – daş-torpaq yaralı, ağlar. Cəbrayıldayıq. Səfər təşkilatçılarının məqsədi film çəkməkdir. Bizi – 30 ildir buralardan köçkün düşmüş, bu torpaqlara həsrət qalmış cəbrayıllıları öz evimizdə çəkəcəklər. Bizim üçün isə bu, yeni film deyil, həsrət adlı dram filminin son səhnəsidir. Final səhnəsi…

Saytların yığılması Saytlarin yigilmasi

Aktrisa Məlahət Abbasova, anası, bacım Qənirə Qurbanlı və mən Anar Cəbrayıllının maşınında gedirdik. Hamımızın kəndinə gedəcəkdik, birincı Anarın kəndi oldu – Balyand. 

Mina təhlükəsi yoxdur, Anar düz həyətlərinin qarşısına sürür maşını. Evin qarşısına deyə bilmirik, çünki ev yoxdur… 

Kəndin ortasında bulaq qaynayır, ətrafı yaşıllıqdır, qalan yerlər isə quruyub. Bir yerdə şanlı bayrağımız dalğalanır. Biz evin qalıqlarına baxıb geri dönüncə çəkiliş qrupu çatıb, samovara od da atmışdı. Rejissor  Fariz Əhmədov maşından düşüb bizə sarı gəlir. “Sizi Cəbrayılda görmək çox xoşdur” – deyir. 

“Hər görüşümüzdə “Cəbrayılda görüşək” deyə nə qədər arzu etmişik, çatdıq arzumuza” – deyirəm. Yurd istisi hamını o qədər yaxınlaşdırıb ki, sevinclə qucaqlaşırıq. 

Bircə, kəndimizi, evimizi görsəydim…

Daşkəsən kəndinə çatırıq. Məlahət Abbasovanın anası bu kənddə doğulub, böyüyüb. Kəndin girəcəyindən qadının yanaqları boyu yaş gilələnir, dodaqlarının altında nə isə deyib, ağlayır. Susub baxmaqdan başqa əlimizdən bir şey gəlmir. 

Fariz Əhmədov həyətdən nənəsinin səhəngini tapdı. Zəng elədi, yazıq qadın dedi ki, gecəyarı gəlsən də birbaşa bizə gəl, gətir, görüm səhəngimi… 

Filmin daha bir qəhrəmanı cəbrayıllı  Elmin Həmzə maşının arxasında yerə çöküb, ağlayır, ürəyini boşaldır. 

Qəribə hisslər keçirirəm. Ağlamaq istəmirəm, hətta sevinmək lazım olduğunu da anlayıram, amma içimdə rahatlıq qarışıq bir hüzn var. İtirilmiş illərin, bu torpaqlar işğal olunarkən itirdiyimiz insanların, pərən-pərən düşmüş obanın, ailələrin və… özümün ömrümün yarıdan çoxunu ağrı və həsrətlə keçirməyimin kədəri… Bu torpaqları geri qaytaran, burda qanlarının izi qalan oğulları düşünürəm, minnətdarlıq hissi artır, amma azdır, haqları heç vaxt ödənməyəcək…

 Bu da Horadiz. Elə bildim yuxudayam, doğrudanmı indi kəndimizə çatırıq, lap yaxındadır, ona doğru gedirik? Əslində, ordan çıxmağa məcbur qaldığımız gündən bəri ona doğru getmişik. Amma bax bu yol, bu cığır, bu səmt 30 ildən sonra ilk dəfədir…

Böyük Mərcanlını keçdik. Nəfəsim genişlənir…

Burdan Aşağı Maralyana qədər yolun hər iki tərəfi ağaclıq idi. Çox sevirdim bu yolu, uşaqlıqda elə bilirdim dünyanın ən gözəl yoludur. İndi o ağaclardan əsər-əlamət yoxdur. Yalnız quru yol var. Amma indi anlayıram ki, bax indi, bu an dünyanın ən gözəl yolu doğrudan da bu yoldur…   

Diqqətim sağda qalıb – birdən ötüb keçərik, -deyə. Burda olmalıdır. Məktəbimizi deyirəm. Yol ayrıcında kəndin adı yazılmalıdır – “Aşağı Maralyan”. İndi mənə dünyanı versələr, istəmərəm, bircə kəndimizi görüm deyərəm, bircə evimizi görüm, qalıqlarını, hər hansı bir işarəsini görüm, başqa heç nə lazım deyil. 

Uzaqdan görünən bina doğmalığı, istiliyi ilə çəkir məni… İnana bilmirəm ki, məktəbimizin binasıdır, kəndə çatmışıq. Odur, niyə inanmıram, çatmışıq. Bilirdim axı, yeganə salamat bina odur, qalanlarından ancaq daş qırıntıları qalıb. Ən məsum illərimin yadigarı, atamın, anamın müəllim, bizim şagird kimi sevdiyimiz, məbəd bildiyimiz məktəb. Buranın əzəməti daşında-sementində deyil. Ağlımızda və ürəyimizdəki yeri əzəmətlidir. 

Maşın döngəni burulub, binanın düz qarşısından keçir. Məktəbdə indi sərhədçilərimiz  yerləşiblər, yaxşı təmir olunub. “Anar, saxlamayacaqsan?” – içimdən gələn sual qarışıq nidadan özüm də səksənirəm. “Bu dəqiqə, saxlayıram”, – deyir.

Düşürük. Mən məktəbə, bacım kəndə sarı yön alır. Əvvəldən xəbərdarlıq etmişdilər ki, kəndinə çatan hər kəs başını götürüb gedir, saxlaya bilmirik, qaydaları unudurlar. Bunu eşitməyimizə rəğmən, biz də özümüzü unudub gedirik, narahatdırlar ki, birdən yoldan çıxarıq, peşmanlıq olar. Düşmən bizim kəndlərə minanı toxum kimi səpib. Həm də həmyerlimiz bizim evimizi gördüyümüz o anı kameranın yaddaşına köçürməlidir, sənədli filmin mövzusu budur. 

İki ildir ki, əlimdə ssenari döymədiyim qapı qalmayıb – həm film çəkim, həm də evimizi görüm deyə heç ağız açmaq istəmədiyim adamlardan da xahiş etmişəm. Fariz Əhmədov öz layihəsi ilə mənim də ideyamı reallaşdırır. 

Bircə kəndimizi, evimizi görsəydim…

Məktəbdə hərbiçilərimizi gördüm. Halal xoşları olsun, döyüşüb düşməndən geri alıblar, onların haqqıdır. Bir dəfə hardansa, kimsə şəklini çəkib atmışdı ki, məktəbimizdə düşmən əsgərləri məskən salıb, yeddi qatıma qədər yanmışdım. İndi elə gözəl təmir olunub. İşğalçıdan, talançıdan almışıq, yenidən qururuq. Yəqin yeni məktəb binası da tikilər. 

Gavur arxının suyu yoxdur, bir damla da, onu da gördüm. İçini zibil basıb. Təkcə insan, bəşər düşməni deyil bu torpağı işğalda saxlayanlar, həm də kainatın düşmənidilər. Bulaqları, çayları, kanalları qurudub, yaşıllıqları məhv edib, yurdları talayıb, torpağa sitəm ediblər…

Yayın əvvəlində, bir də sentyabrda məktəbdən gələndə oğlanlar üst paltarlarını çıxardıb, özlərini körpüdən atırdılar Gavur arxına, kim daha uzağa üzüb, daha gec suyun üzünə çıxacaq deyə yarışardılar. Biz də gözucu kimin çıxdığına baxıb, bilib, sonra yolumuza davam edərdik… Sonra o arxdan lap tez çıxanlar da, heç ora qorxub atılmayan oğlanlar da bu arx üçün, bu torpaqlar üçün döyüşüb, şəhid oldular.

İdarənin binasından iki daş hörgü qalıb – onu da gördüm. O bina da məktəb binası kimi 1986-87-ci illərdə təhvil verilmişdi, yeni bina idi. Kəndimiz o qədər abad idi ki…

İdarədən sonra nənəmgilin həyətidir. Qamış basıb, həyət görünmür. Qamışlıqdan keçmək olar, minalardan keçmək olmur. Dabanımı qaldırıb mümkün olduğu qədər baxıram. Nənəmin səsi gəlir qulaqlarıma  – “ay, bala, o pilləkənlərdən yıxılacaqsan, çıxma ora”. İkinci mərtəbə kərpicdəndir, yarısına qədər qalır, pilləkənlər yarıda qırılır. Gördüyüm bu oldu. Həyətə girə bilsəm yəqin daha çox görərdim, bəlkə nənəmin qab-qacağı da gözə dəyərdi. Qəribədir, paslanmış, çürümüş nə isə tapmaq adama sevinc gətirərmiş. 

Gördüm ki, Vilayət müəllimgilin ikimərtəbəli evindən heç bir nişanə qalmayıb. O evin yanından dəmiryolunun altına atılan tunel də yoxdur. Nə var idisə, hamısı düzlənib,  olub düzənlik. 

Yolun kənarından dərdiyim yovşanı bayaqdan ovcumun içində sıxmışam, qoxuladıqca harada olduğumu özüm özümə sübut edirəm sanki… Çox doğma, tanış, çoxdan duymadığım başqa qoxuları da arxasınca gətirir. Cırcıramalaın səsi sakitliyi pozur, lap o uzaq, xoşbəxt, qayğısız uşaqlıqda olduğu kimi… 

Qonşuların evlərinin yerini yeni çəkilmiş dəmiryol xətti boyunca müəyyən edə-edə bacımla yolboyu gedirik. Bura Qaraş dayıgilin evidir. Daha doğrusu, evinin yeri. Bu, Həsən dayıgilin. Bundan sonra əmimgilin evidir. 

Yox, yaxşısı budur, gedək “pereezd”dən keçək dəmiryolun o tərəfinə, bizim ev “pereezd”ə yaxındır. Elə də edirik, həyətlərin yaşıllığı qalır. Təəccüblüdür, üzü yuxarı dağ kəndlərində – Şəybəy, Nüzgar, Daşkəsən, Qaracallarda bütün yaşıllıqlar məhv edilib, bizim Araz qırağında isə yaşıllıqlar qalır. Görünür, elə hikmət də Arazdadır, torpağın altından şirə verib qoruyub ağacları.

Güloğlan dayıgilin evindən sonra bizimkidir, onlarla bizim bağın arasında qarğılıq vardı.

Qarğılıqdan tanıdıq həyətimizin sərhədini, yaxşı ki, onların kökünü kəsmək olmur. 

Budur… Evimiz. “Evimizdəyik, bacı, bax…” Bacımın nitqi quruyub. Göz yaşları danışır…

Son dəfə də bu evdən, həyətdən məcburən çıxanda onunla birlikdə çıxmışdıq. Bacımın 15, mənim 23 yaşım vardı. Dayanmışıq abad qoyub getdiyimiz viranə həyətimizin qarşısında. Viranəsini gördüyümüzə sevinirik də… Bir addım içəri ata bilmirik. Evimizdən qalan qırıq daşlara, qaməti əyilmiş tut, budaqları qocalmış alça, tut ağaclarına baxırıq, onlar da bizə baxırlar. “Hardaydınız? – soruşurlar, – bizi qoyub hara getmişdiniz?” “Heç bilirsiniz başımıza nələr gəldi, nələr yaşadıq?” – deyə ürəyimdə cavab verirəm, özümüzə haqq qazandıracaq söz axtarıram, tapmıram. Hər iki tərəf eyni “həyatı yaşayıb”, həm düşmən əlindən yurdunu qoyub çıxmağa məcbur olan biz, həm də bizsiz əsirlikdə qalan yurd…  

Burdan o yana daha heç nə bilmirəm, nə oldu, necə oldu?  Bir onu bilirəm ki, yolun kənarında üzü həyətimizə doğru o qədər danışmışam ki, çəkiliş qrupu sözümü kəsmək istəməyib, vaxtı belə nəzərə almadan dinləyiblər, çəkiblər, ağlayıblar. Bir də onu bilirəm ki, arada dodaqlarım quruyub kilidlənirdi, danışa bilmirdim. Uşaqlar su verirdilər, içirdim, yenə danışırdım. Tut ağacından, ərik ağacından, üzümlükdən, evimizin qarşısından keçən Bakı-Mincivan qatarından, İranla sərhədin tikanlı məftillərinin arasından pencər yığmağımızdan, azərbaycanlı sərhədçiyə boyunbağımı verməyimdən… 

Kaş, atamla anam da gəlib görə biləydi. Tez də fikrimi dəyişirəm, qismət olacaqsa, abad həyətimizi görmək qismətləri olsun, bu vəziyyətə dözməzlər.  

Xatırladığım odur ki, Anar Cəbrayıllı dəmir yolun üstünə çıxıb bizi harayladı ki, bəsdir, gəlin gedək, qaranlıq düşür, Bakıya çatmalıyıq. 

Bir də hiss etdim ki, çox kədərli danışmışam, yazıq durumunda olmaq istəmirəm, heç yazıq gündə olanda yazıq görünməyi özümüzə sığışdırmadıq, kimsədən kömək istəmədik. 70 yaşlı atamla anam yenidən ev tikdilər, yurd qurdular. İndi köhnə dədə-baba yurdunda ev tikməyə ömür vəfa edəcəkmi? İnsan bir ömürdə neçə dəfə ev qurar, didərgin düşər… Bu nə taledir yaşadıq?

Bircə kəndimizi, evimizi görsəydim…

Bu həsrəti çəkənlərə bircə sözüm var. Mən də çox ah-zarını çəkdim, getdim ki, görüm.  Kənddən, yurddan, evdən nə qalmışdısa, gördüm. Kəndimizi, evimizi görmədim…

O kənd, o yurd, o evlər bizdən qoparılıb, qoparılmış uşaqlığımız, gəncliyimizlə birgə çox uzaqlarda bir işıq zərrəsi kimi öləziyib və sönüb… 

Daha gözəl kənd, daha gözəl evlər tikiləcək, gedəcəyik, görəcəyik, yaşayacağıq… amma o bizdən qoparılanı heç nə və heç kim qaytara bilməyəcək…

Bizdən sonra kimsə bir daha bunları yaşamasın!

***

Bakıya qaranlıqda çatdıq, amma içimdə bir işıq vardı. Elə bir işıq ki, bir də heç bir qüvvə söndürə bilməz. Ayaqlarım doğma yurdun torpağından enerji alıb, içimə ötürmüşdü… 30 il səndən uzaq yaşamadım, Vətən, hər udduğum havanı, hər günü özümə haram bildim, bundan sonra yaşamağa doğru… Bu həyat üçün həyatından keçənlərin ruhu qarşısında təzim edirəm. Onların yox, bizim buna ehtiyacımız var, bir ömür boyu belə də olacaq. 

Doğma yurdundan, 

Ramilə Qurbanlı 

P.S. Fariz Əhmədova. Aygün Həsənovaya, bütün Baku Media çəkiliş qrupuna təşəkkür edirəm. Film barədə əlavə məlumat olacaq. 

24 saat” “Pencər yığan qız, sərhədçiyə boyunbağı hədiyyəsi, 30 illik dramın son səhnəsi ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button