2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Pis idarəçiliyin yaxşı cazibəsi ola bilərmi?

Demokratiyanı zəiflədənlərin, investisiya cəlbediciliyini gücləndirmək cəhdi

Azərbaycan hakimiyyəti tənqiddən nəticə çıxara bilsəydi, real təklifləri dəyərləndirsəydi bu gün tamam fərqli mənzərənin şahidi olardıq. Amma mövcud hakimiyyət “inkişaf” deyə-deyə, ölkəni tənəzzülün qucağına atdı. Elə bildilər ki, inkişafı təmin etmək üçün “inkişaf” kəlməsini təkrarlamaq kifayət edir. Ötən yazılarımızda da qeyd etmişdik ki, sərəncamlar, fərmanlar, yeni qurumların yaradılması ölkəni böhrandan çıxara bilməz. Sərncamın arxasında real iş, siyasi iradə yoxdursa, həmin sərəncam adi kağız parçasıdır. Korrupsiya, hüquqsuzluq iş başındadırsa, yeni yaradılan qurum köhnələrin tayı olmağa məhkumdur. Yəni, mənfi səbəbləri aradan qaldırmadan,müsbət nəticələr əldə etmək mümkün deyil.
Son olaraq ölkə başçısı investisiya cəlbediciliyinin gücləndirilməsi məqsədiylə sərəncam verib.Yəni, Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsi üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi məqsədilə addımlar atılacağı nəzərdə tutulur.
Göründüyü kimi yenə də köhnə ənənə, köhnə təfəkkür meydan sulayır. Ölkənin imicinin bu qədər korlandığı bir vaxtda, hansı investisiya cəlbediciliyindən danışmaq olar. Qonşu Gürcüstana investisiya yatırılmasının, turist axınının əsas səbəbi ölkənin demokratik imic qazanması, Qərbə intieqrasiyada maraqlı olduğunu əməli addımlarla sübut etməsi oldu.
Amma Azərbaycan hökuməti bir tərəfdən ölkədə sahibkarlığı boğur, qanunları ayaqlar altına atır, məhkəmələri oyuncaq quruma çevirir, inhisarçılığı davam etdirir, o biri tərəfdən investisiya cəlbediciliyinin gücləndirilməsiylə bağlı sərəncam verilir.
Hansı investor müstəqil məhkəmənin olmadığı ölkəyə sərmayə yatırar? Sabah həmin investorun hansısa tamahkar məmurla mübahisəsi düşsə, hansı məhkəmədə öz haqqını axtara biləcək? Yerli iş adamalarının sürətlə ölkəni tərk etməsi, Azərbaycanlıların qonşu ölkələrə sərmayə yatırması da məhz ölkədəki eybəcər idarəçiliklə bağlıdır. Bugün Azərbaycan nə yerli, nə də xarici sərmayədarlar üçün cəlbedici deyil və ola da bilməz. İş adamları müşahidə edir ki, prezidentin müşavirədə barmaq silkələdiyi adamlar yenə də iş başındadır, yenə də saxtakarlıq, hüquqsuzluq qüvvədədir, yenə də iri məmurların tamahı dəmir kəsir. Günahısz adamlar şərlənərək həbs edilirsə, ölkədə insana qiymət verilmirsə, iqtisadi siyasət iqtisadi qanunauyğunluqlara əsaslanmırsa, bu ölkədə heç kim iş qurmaq, biznes imperiyası yaratmaq istəməz.
Ona görə də ilk növbədə ölkə özü cazibədar olmalıdır. Qanunların aliliyi, şəffaflıq, söz azadlığı, azad sahibkarlıq cazibə mərkəzinə çevrilmədikcə, bu ölkə adamları demokratik idarəçiliyinə görə cəlb etmədikcə, bütün sərəncamlar imitasiya xarakteri daşayacaq.
İndi Azərbaycan qeyri-azad, korrupsiyanın zirvəyə çıxdığı, təhsil və səhiyyənin iflic vəziyyətə düşdüyü, repressiya maşınının sürətlə şütüdüyü ölkə kimi cazibədardı. Mənfi reputasiyalı adamarla ölkəni mübət mənada cəlbedici etmək olmaz. Zülmün, pis idarəçiliyin cəlbediciliyi zəifləməyənə qədər, investisiya cəlbediciliyini gücləndirmək mümkün deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Akif

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button