2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Polis idarəsində Azərbaycan polisi ayaqqabılarını ağzımıza soxurdu”

Nardaran məhbusu məhkəmədə polisə: “Yaşar Nuri bilsəydi ki, bu cür aktyor var, korifey olmazdı…”

Nardaran hadisələrindən sonra həbs olunan və ağır maddələrlə ittiham verilən, hər biri 12 nəfərdən ibarət daha iki qrupun mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımov və daha 11 nəfərin işi üzrə aprelin 28-də keçirilən məhkəməsi qalmaqalla yadda qalıb. Qalmaqal isə Elçin Qasımovla bu işə baxan hakim Mayıl Bayramov arasında baş verib. Əvvəlcə qalmaqala səbəb olan olaylara diqqət yetirək. İttihamda yazılıb ki, Elçin Qasımov 2015-ci il noyabrın 5-də məsciddən çıxıb gedərkən yolda söyüş söyüb, polis əməkdaşları onu intizama dəvət etsələr də, əhəmiyyət verməyiblər. Ona görə də tutub Sabunçu rayon Polis İdarəsinə gətiriblər. Ona 30 sutka inzibati həbs cəzası veriblər. Amma noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş qanlı əməliyyat baş verəndən sonra bir çox başqaları kimi, həmin vaxt inzibati həbsə görə təcridxanada olan Elçin Qasımov haqqında da cinayət işi başlanıb. Ona dövlət çevrilişinə cəhddən tutmuş, terrorçuluğa qədər bir xeyli ağır maddələrlə ittihamlar verilib. “Elçini saxlayanda papağım yerə düşüb, ona görə zərərçəkmişəm” Aprelin 28-də məhkəmədə Elçin Qasımovun tutulması epizodu üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin sahə inspektoru Yusif Qurbanov zərərçəkmiş qismində ifadə verib. Təxminən 50-55 yaşlarında olan Qurbanov vəkillərin “nədən zərər çəkmisən?” sualına cavab verərkən deyib ki, “Elçin Qasımovu saxlayarkən papağım yerə düşmüşdü”. Polis iddia edib ki, 2015-ci il noyabrın 5-də digər sahə inspektoru Emin Babayevlə birlikdə xidmətdə olublar. Həmin vaxt Elçin Qasımov məsciddən çıxıb, onlara tərəf gələrkən təhqiramiz ifadələr işlədib: “Yaxınlaşıb sakitləşdirməyə çalışdıq, lakin müqavimət göstərdi, maşına minmək istəmirdi, zorla maşına mindirib apardıq polis idarəsinə”. Qurbanov Elçin Qasımovu uşaqlıqdan tanıdığını deyibvə onu müsbət xarakterizə edib. Baxmayaraq ki, papağı yerə düşdüyünə görə özünü zərərçəkmiş hesab edir, amma Elçin Qasımovdan heç bir şikayət tələbinin olmadığını söyləyib. Elçin Qasımov isə polisin yalan danışdığını bildirib: “Düzünü deyirsən, ya suallarla ortaya çıxarım? Olmaz axı belə. Zərərçəkmiş yalan ifadə verib. Məni onlar tutmayıb. Məni Sadiq Heydərov və 3 nəfər gəlib polis idarəsinə dəvət edib. Sizi yalan danışmağa nə vadar edir?” Qurbanov isə israr edib ki, o, düzünü danışır. Elçin Qasımov etiraz edib: “Hər iki sahə inspektorunun ifadəsi eyni formada yazılıb. Ancaq ad və soyad yerlərini boş qoyublar, bunlar da onu doldurub. Mən bu şəxsi axşam idarədə görmüşəm. İkiniz də girdiniz içəri, qorxurdunuz. Məni səninlə “bandotdel”də üzləşdirəndə dedin ki, “mənim əlimdə deyil, yoxsa səni buraxdırardım”. Fərhad Muradov da orada idi. Bu adamı məcbur ediblər, üzümə dayanıb. Onu öyrədiblər. İndi üzümə baxa bilmir, vicdan əzabı çəkir. Sizin qol çəkdiyiniz bu ifadəyə görə nə qədər ailə başsız qalıb. Adamın kişiliyi olar, boynuna alar. Bu adamın boynuna qoyublar hamısını. İfadədəki ziddiyyətə baxın, yazılıb ki, mən səs-küy salmışam, ora yığılanlar bir az sonra dağılışıb gediblər. Sonra da yazılıb ki, yarım saat sonra camaat mənə görə yığılıb polis idarəsinin qabağına. Nə oldu ki bəs sonra idarənin qarşısına yığıldılar? İnsanlar var ki, siyasi təbliğat aparmaq üçün milyonlar sərf edirlər. Məni tutanda cibimdə ancaq metro kartım olub. Başqa heç nə olmayıb. Mən hər yerə metroyla gedib-gəlmişəm. Biz 1 manat da xərcləməmişik ki, insanlar bizə məhəbbət bəsləsinlər. Bunu edən aləmlərin rəbbi olan Allahdır. Bacardığımız qədər çalışmışıq Allahın yolu ilə gedək. Qəlbləri fəth etmək üçün milyonlara ehtiyac yoxdur, bu cür insanların cisimlərini (zərər çəkmiş Qurbanovu göstərərək) almaq üçün pula və vəzifəyə ehtiyac var. Bu işin açarı məhz bu məqamdadır. Bu adam həqiqəti desə, nə qədər məsələlərin üstü açılar. Sənə bundan sonra polkovnik rütbəsi verməyəcəklər, buna əmin ola bilərsən. Polis idarəsində Azərbaycan polisi ayaqqabılarını ağzımıza soxurdu. Mənə orada səhərə qədər işgəncə, tok verdilər. Səhər otağa qaldırdılar, xuliqanlıqla bağlı inzibati protokol qoydular qabağıma, dedim, elə şey olmayıb. Sonra apardılar məkəməyə, mənə 30 sutka inzibati həbs verdi. Bəs sonradan fikrinizi nə dəyişdi ki, cinayət işi açdınız? Sənə hədə-qorxu gəldilər ki, işdən çıxararlar, ya təhdid etdilər ki, tutarlar səni?” Bu suala polisin əvəzinə hakim cavab verib: “Elə şey olmayıb”. Hakimlə ilahiyyatçı arasında qalmaqal Hakimin bu addımı Elçin Qasımovu hiddətləndirib. Onların arasında mübahisə yaranıb. Elşin Qasımov: – Tamaşa qurmusan burda. Hakim Mayıl Bayramov: – Tamaşanı sən özün qurmusan. Bu zaman hakimin zərərçəkmiş polisə “gedə bilərsən” deməsi Elçin Qasımovu əsəbiləşdirib: – Hara gedir, suallarım var hələ. O, bura qayıtmasa, məhkəmə olmayacaq. Hakim Mayıl Bayramov: – Olacaq. – Gör mən deyən olacaq, ya sən deyən. – Otur aşağı. – Mən sənə demişəm ki, mənimlə əmrlə danışma. Sən kimlər üçünsə hakim ola bilərsən, amma bizim üçün sən hakim deyilsən. – Otur aşağı. – Əmr eləmə mənə. – Sən oturmaq üçün də icazə almalısan. – Əmr eləmə mənə. İcazə almıram. Səni hakim saymıram. – Özün bilərsən. – Əlbəttə, özüm bilərəm. – Qayda-qanuna tabe olmalısan. – Hansı qayda-qanundan danışırsan sən? Qayda-qanunların hamısını ət maşınından çəkmisiniz. – Xəbərdarlıq olunur sənə, ikinci dəfə. – Lap 10 dəfə elə. – Görərsən sən. – Səndən qorxmuram. Özün də qışqırma, məni təhdid eləmə. – Otur aşağa. – Əmr eləmə. – Əmr eləmirəm, tələb edirəm, sən də tabe olmalısan. – Hirslənmə, ürəyin tutar, yazıqsan. – Otur aşağı. – Eşidirsən məni, mənimlə əmrlə danışma. Mənə “otur aşağı” deməyəcəksən. – Bəs nə deyim, deyim qalx göyə? Bu mübahisədən sonra zərərçəkmiş Qurbanov zala qayıdıb. Təqsirləndirilən İsa İbrahimov ona deyib: “Yaşar Nuri bilsəydi ki, bu cür aktyor var, korifey olmazdı…” Vəkillərdən biri zərərçəkmiş polisə belə bir sual verib: “Siz Taleh Bağırzadənin də məhkəməsində ifadə verəndə sizə Maksim Qorkinin “Lazımsız adam” əsərini oxumağı məsləhət bildilər. Oxudunuz?” Hakim sualı çıxarıb. Məhkəmə mayın 5-də davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button