2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Polis niyə tədbir görmür, gözləyir ki, kimsə ölsün?”

Tahirə Quliyeva: “Fikirləşmirlər ki, biz vaxtında tədbir görmürük, vəziyyət belə davam eləsə, qan tökülər…”

Bərdənin Qaradəmirçi kənd sakini Tahirə Quliyeva polis biganəliyindən gileylənir. Deyir ki, bu biganəlik davam etsə, polis tədbir görməsə, faciəvi nəticələrə gətirib çıxara bilər.

“Gəncdilər, o söyüşləri eşidib, aqressiv reaksiya verərdilər”

Saytların yığılması Saytlarin yigilmasi

Quliyevlər ailəsi Laçın rayonundan məcburi köçkündür. Onlar uzun illərdir ki, bu kənddə məskunlaşıb.

Tahirə Quliyeva Meydan TV-yə danışır ki, təxminən iki ildir qonşuluqda yaşayan Mobil Hümbətovgillə aralarında ədavət yaranıb. Onun sözlərinə görə, aralarındakı narazılıq getdikcə dava-dalaşa çevrilib. Tahirə Quliyeva iddia edir ki, Mobil Hümbətov ona hücum edib, özünün və ailə üzvlərinin ünvanına təhqirlər səsləndirib:

“Yaxşı ki, həmin vaxt oğullarım evdə deyildi. Gəncdilər, o söyüşləri eşidib aqressiv reaksiya verərdilər, xoşagəlməz hadisələr yaşanardı. Şəkər xəstəsiyəm, yaşlı adamam, mənim söyülən, döyülən vaxtımdır?”

O, qonşu ilə aralarındakı ədavətin səbəbini də açıqlayıb. Tahirə Quliyeva deyir ki, qonşunun qardaşı qızı onun gəlinidir:

“Qardaşı qızı ilə oğlum bir-birini sevib, evlənmək qərarı veriblər. Təxminən iki il əvvəl qız oğluma qoşulub gəlib. Xoşbəxt yaşayırlar, öz aramızda narazılığımız yoxdur. Gəlinin valideynləri də bir kənarda qalıb, bunlar bizə rahatlıq vermir. Gəlinim qorxudan darvazanın ağzına çıxa bilmir ki, ona nəsə eləyərlər…”

Tahirə Quliyeva bildirib ki, qonşunun onlara qarşı hücumları, təhqirləri ilə əlaqədar iki dəfə Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət edib. Amma şikayətlərinə baxılmır.

“Başqa nəsə tapmırlar, tövlədən yapışırlar”

Qarşı tərəf də Quliyevlər ailəsindən şikayətçidir. İddia edir ki, onların mal-qara tövləsinin iyindən evlərində rahat yaşaya bilmirlər. Mobil Hümbətov Bərdə Rayon Polis Şöbəsinə də bu barədə şikayət edib.

Tahirə Quliyeva isə hesab edir ki, tövlə məsələsi bəhanədir.

“Başqa heç nə tapa bilmirlər, tövlədən yapışırlar. Birincisi, bizim tövlə ilə onların evi arasında 40-50 metr məsafə var. İkincisi, kənd yerində hamı maldarlıqla məşğul olur. İki gəlinim bir evdə yaşayır, uşaqlar bir-birinə qarışır, imkanımız olsa, ev tikərik. Demək, imkanımız yoxdur ki, bu vəziyyətdə yaşayırıq. Mal-qaranı dolanışığa görə saxlayırıq. Ailəm nə yesin, necə dolansın?”, – Tahirə Quliyeva belə deyir.

“Polis məni hədələyir”

O, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı Natiq İsmayılovun hərəkətlərindən narazıdır. Deyir ki, bu polis əməkdaşı onlara qarşı qərəzlidir:

“Normalda tərəflərin dilindən söz almalıdır ki, daha hücum olmayacaq, narahatlıq yaranmayacaq. Bu işdə də qarşı tərəfdən iltizam alınsın ki, bizə dəyib-dolaşmayacaq. Amma belə eləmir. Elə birtərəfli qaydada bizi günahkar çıxarmağa çalışır. Hətta məni hədələyir. Əslində, səbəbi də məlumdur ki, niyə belə davranır. Daha fikirləşmirlər ki, biz vaxtında tədbir görmürük, vəziyyət belə davam eləsə, qan tökülər. İki ildir qorxu altında yaşayıram ki, övladlarım salamat evə gəlsin, onlara heç nə eləməsinlər. Hətta bir çox hərəkəti görməzdən gəlirəm, uduram ki, faciə olmasın. Qarşı tərəf isə sakitləşmir, qıcıqlandırır. Mənə maraqlıdır ki, polis niyə tədbir görmür, gözləyir ki, kimsə ölsün?”

Polis nə deyir?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan Meydan TV-yə bildirilib ki, Qaradəmirçi kənd sakinləri Tahirə Quliyeva və Mobil Hümbətovun arasındakı mübahisəli məsələ ilə bağlı hər ikisi şikayət ediblər. Onların qarşılıqlı şikayətləri əsasında Bərdə Rayon Polis Şöbəsində araşdırmalar başlayıb:

“Müraciətlərlə əlaqədar aparılan araşdırma zamanı göstərilən xüsusatlar mülki xarakterli olduğundan toplanmış materiallar Bərdə Rayon Polis Şöbəsində müvafiq qaydada işə alınıb. Həmçinin tərəflərlə profilaktik söhbətlər aparılıb, aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmələri tövsiyə olunub”.

P.S. Meydan TV DİN-dən münasibət öyrəndikdən sonra Tahirə Quliyeva yenidən redaksiya ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, Natiq İsmayılov telefon açaraq “gedib DİN-ə məndən şikayət etmisən, dur gəl polisə” deyə qadının üstünə qışqırıb. Lakin qadın şikayət ərizəsi verdiyini əsas gətirərək, polisə getməkdən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button