Now Reading:
Polis rəisinin balıq-toyuq biznesi

«Deyirdi ki, artıq polisdə də pul çıxmır. Təklif elədi ki, yaxşı qazanclı iş var. Mən də inanıb razılaşdım. Ümumilikdə 185 min verdim…», – bu sözlər Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanov haqqında məhkəmədə deyilib.

Sabiq polis rəisi dələduzluq ittihamı ilə həbsdədir. Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Polis polkovnikindən şikayətçi olan isə öz dostudur. İndi zərərçəkmiş olan keçmiş dost deyir ki, F.Məmmədxanov onu birgə biznes qurmaq adıyla aldadıb, pulunu alıb, neçə ildir ki, qaytarmır.

Cinayət işinin materiallarında bəhs olunan hadisə F.Məmmədxanov polis rəisi işlədiyi dövrə təsadüf edir.

Sabiq polis rəisinin ailəvi dostu Eldar Hənifəyevi balıq biznesi qurmaq adıyla aldatdığı iddia olunur. İttihama görə, F.Məmmədxanov ondan pulu alandan sonra hər ay 5 min dollar olmaqla, altı ay ərzində qazanc da verib. Amma altı aydan sonra pullar kəsilib. İttihamda yazılıb ki, polis polkovniki qarşı tərəfin etibarını tam qazanmaq üçün belə davranıb.

«Deyirdi ki, artıq polisdə də pul çıxmır…»
Məhkəmədə bu ittihama münasibət bildirən F.Məmmədxanov özünü təqsirli bilmədiyini söyləyib, əlavə heç nə danışmayıb.

Ondan şikayətçi olan keçmiş dostu E.Hənifəyev isə zərərçəkmiş qismində ifadə verib:

«Ailə münasibətlərimiz olub, çox səmimi olmuşuq. Deyirdi ki, artıq polisdə də pul çıxmır. Təklif elədi ki, yaxşı qazanclı iş var. İnanıb razılaşdım, pulu verdim. Mənə qazanc olaraq 6 ay 5 min dollardan verdilər. Fərhad bu işi Gülməmməd adlı şəxslə görürdü. Bir neçə dəfə də pulu mən özüm gedib götürmüşəm. Mən də aldığım 5 mindən 2 min dollarını Fərhada vermişəm. Əvvəldən də demişdim ki, əgər aylıq 5 min qazanc olsa, 2 minini sənə verərəm. Hələ ona «sağ ol» da deyirdim ki, ayda mənə 3 min qazandırır. Altı aydan sonra pul kəsildi. Maraqlananda məlum oldu ki, ümumiyyətlə, balıq işi yoxdur. Toyuq təsərrüfatı olub. Pullar da şəxsi işlərinə xərclənib».

Zərərçəkmişin sözlərinə görə, 185 minin 35 minini əvvəldən verib. İş üçün ondan 150 min alınıb. İndi də heç 35 mindən danışmır. Deyir ki, 150 minin 30-u ona aylıq qazanc kimi qaytarılıb, qalan pulu istəyir: «Hazırda şikayətçiyəm. Qalan pul ödənilsə, şikayətimi geri götürərəm. 3-4 ildir pulumu ala bilmirəm…».

E.Hənifəyev deyir ki, ailəvi münasibətləri olan adamın ona qarşı bu cür davranmasına heç cür inana bilməyib: «Balasının başına hadisə gələndə onun yanına ilk qaçan mən olmuşam. Şikayət etdiyim günə qədər inanmırdım ki, mənə qarşı belə davranar».

Məhkəmədə E.Hənifəyevin söylədiklərinə təqsirləndirilən F.Məmmədxanov heç bir münasibət bildirməyib.

Polis polkovnik-leytenantı, 1960-cı il təvəllüdlü F.Məmmədxanov 2017-ci ilin iyununda vəzifədən çıxarılıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.