2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Polis rəisi hardan bilirdi ki, 10 yaşlı Nərmin tanınmaz vəziyyətdə tapılacaq? 

Nərmin Quliyeva işində eksqumasiya tələbi

Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanın oğurlanıb təxminən ay yarım sonra öldürülməsi və yandırılmasına görə həbs olunan İlkin Süleymanov meyitin ekskumasiyasını (qəbirdən çıxarılıb ekspertiza olunması) tələb edib. Onun vəkilləri istintaq dövründə bu barədə vəsatət qaldırıb, lakin təmin olunmayıb. Bu, sentyabrın 8-də Süleymanovun işi üzrə məhkəmədə azyaşlının anası Aynurə İsmayılova dindirilərkən məlum olub.

Saytların yığılması Saytlarin yigilmasi

İfadələrdə zidiyyətlər

Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bundan öncəki məhkəmə iclaslarında azyaşlının atası Şərif Quliyev dindirilmişdi. Son iki iclasda isə ana dindirilir. Valideynlərin eyni məsələ ilə bağlı verdikləri ifadələr arasında ziddiyyətlər ortaya çıxıb.

Məsələn, atası ifadəsində göstərib ki, uşaq sonuncu dəfə evdən çıxıb, əmisigilə gödəkçəni gətirməyə gedəndə əynində şalvar olub. Anası isə Nərminin məktəbdən evə qayıdandan sonra əmisigilə getdiyini, bu üzdən əynində həmin vaxt ətək olduğunu deyib. Həyat yoldaşının bu məsələ ilə bağlı fərqli ifadə verdiyi bildiriləndə isə İsmayılova belə cavab verib: “Mən evdə olmamışam, ola bilər ki, evə gələndən sonra paltarlarını dəyişib”.

“Əgər uşaq geyimini dəyişibsə, onun məktəbə geyindiyi ətək evdə olmalıydı. Bəs hardadır?”, – vəkillərin bu sualına ana konkret cavab verməyib.

İsmayılovadan Nərminin boyu, ayağının ölçüsü soruşulsa da, o, uşağının ayağının ölçüsünü bilmədiyini söyləyib.

“O hardan bilirdi ki…”

Dindirmə zamanı o da məlum olub ki, 2020-ci il yanvarın 6-da – uşağın meyiti yanmış vəziyyətdə tapıldığı gün səhər saatlarında Nərminin valideynləri Tovuz rayon Polis Şöbəsinə gediblər. Ana deyir ki, orada polis rəisi Şirzad Əsgərovla da görüşüblər. Onlar evə qayıdandan sonra polis rəisi yenidən onlara gəlib. Ananın sözlərinə görə, polis rəisi ondan uşağın əynində hansı paltarların olduğunu soruşub. Həmçinin sual verib ki, uşağın meyiti tapılsa, onu paltarlarından tanıya bilərlərmi?

“Siz polis şöbəsində olmuşdunuz, polis rəisinin də lazım olan suallarına cavab vermişdiniz. Yarım saat sonra polis rəisinin sizə gəlməsinə nə ehtiyac vardı? Ay yarım idi uşaq itmişdi, o vaxta qədər sizdən geyimini soruşmamışdılar ki, yanvarın 6-da soruşurdular? Üstəlik, o, sizdən uşağı geyimindən tanıya biləcəyinizi soruşanda siz şübhələnmədinizmi ki, niyə soruşur? Demədinizmi ki, ay rəis, mənim uşağım hansı vəziyyətdədir ki, mən onu geyimindən tanıyım? Onda hələ uşağın öldüyü, meyitin yandırıldığı da məlum deyildi. O hardan bilirdi ki, uşaq tanınmaz vəziyyətdə tapılacaq…”, – vəkil Əlibaba Rzayevin anaya belə sualları olub.

Ana bu suallara konkret cavab verməyib. Bildirib ki, Nərmin itkin düşəndən polis rəisi daim bu məsələ ilə maraqlanırdı, uşaqla bağlı suallar verirdi: “Şirzad müəllim onsuz da həmişə maraqlanırdı ki, uşaq axtarılırmı, əynində nə olub. Mənim bildiyim də yadımdan çıxıb. Uşağımın iki ili olacaq…”

Ana qızının meyitini görmədiyini deyir

İsmayılova suallara cavabında onu da deyib ki, Nərminin meyiti tapılandan sonra onu görməyib. İlkinin tutulduğunu isə yanvarın 8-də bilib: “Bizə şöbədə dedilər ki, İlkin eləyib. Ayın 8-də – uşaq dəfn olunan gün bacısı İlhamə bizə gəlib dedi ki, onun qardaşını günahsız tutublar…”

Cinayət işinin materiallarında isə İlkin Süleymanovun yanvarın 10-da saxlandığı yazılıb.

Hakim Dadaş İmanov anadan soruşub ki, hüquq-mühafizə orqanlarının rəsmiləri onlara bu cinayəti İlkin Süleymanovun törətdiyini deyəndə onun uşağını hansı səbəbdən öldürdüyünü soruşubmu? İsmayılova da, həyat yoldaşı Quliyev də hakimin sualına cavab olaraq bildiriblər ki, Nərminin hansı səbəbdən öldürülməsilə maraqlanmayıblar. Yalnız iş məhkəməyə göndəriləndə ittiham aktını oxuyublar.

Basdırılan Nərmin Quliyevadırmı?

Vəkillər uşağın qan qrupuyla maraqlananda anası deyib ki, Nərminin qan qrupu atasıyla eyni idi. Ata II qrup qan daşıyısıcı olduğunu desə də, onun şəxsiyyət vəsiqəsinə baxış keçiriləndə I qrup olduğu üzə çıxıb.

Bundan başqa, İsmayılova deyib ki, uşağın meyitini atası və əmisi yuyub. Ata Quliyev isə bu haqda sualına cavabında bildirib ki, meyiti özü yumayıb: “Mən çöldə idim, içəridə ekspertizanın işçiləri və qardaşım vardı…”

Meyitin ekskumasiyasıyla bağlı sualları isə təqsirləndirilən Süleymanovun özü verib. Məlum olub ki, o, eləcə də vəkilləri yandırılan meyitin Nərmin Quliyevaya aid olmasına şübhə edirlər.

Bu barədə suallara İsmayılova belə cavab verib: “Mən heç vaxt razı olmayacağam ki, uşağımın meyiti qəbirdən çıxarılsın…”

Ananın dindirilməsi sentyabrın 29-da davam edəcək.

Xatırlatma

Cinayət işinin materiallarında iddia edilir ki, İlkin Süleymanov sinif yoldaşı olmuş Şərif Quliyevin övladı olduğu halda, özünün ailə-uşağı olmamasına görə qısqanclıqdan qətlə yetirib. Süleymanov isə bu ittihamı rədd edir, azyaşlının oğurlanması və öldürülməsinə heç bir aidiyyəti olmadığını bildirir.

10-yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq azyaşlının qətlində şübhəli bilinən 1973-cü il təvəllüdlü İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

Süleymanov bildirib ki, yanvarın 6-dan etibarən 4 gün ərzində məruz qaldığı işgəncələrə dözməyərək, ayın 10-da etirafedici ifadəyə imza atıb.

Prokurorluq isə Süleymanovun işgəncə altında etirafedici ifadəyə imza atması barədə dediklərinin əsassız olduğunu bəyan edib.

Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button