SEÇMƏ

Polisin məhkəmə binasında tutub apardığı şəxslə bağlı qərar verildi

Yayımlandı: 13 Oktyabr 2022 19:28

İbrahim İsmayılov: “Qardaşımı oktyabrın 10-da daxil olmuş şikayətə görə tutublar, halbuki, ayın 6-dan bölmədə işgəncəyə məruz qalırdı”

Oktyabrın 10-da axşam saatlarında Xətai Rayon Məhkəməsində hakim azadlığa buraxandan sonra məhkəmə binasının qapısında polislərin zorla tutub apardığı İsmayıl Qəhrəmanov haqqında həbs qərarı çıxarılıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İsmayıl Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Onun işi üzrə istintaq Bakı şəhər Baş Polis İdarəsində aparılır.

Daxili İşlər Nazirliyinin İsmayıl Qəhrəmanovla bağlı məlumatında onun oktyabrın 10-da saxlandığı bildirilir. İddia olunur ki, polisə oktyabrın 10-da Xətai rayonundakı mənzillərdən birindən oğurluq olması haqda məlumat daxil olub. Əməliyyat-axtarış tədbirlərilə həmin oğurluğu İsmayıl Qəhrəmanovun törətməsinə şübhələr yaranıb və o saxlanılıb. İddiaya görə, saxlanılarkən onun qeyri-adekvat hərəkətləri diqqət çəkib, o, narkoloji müayinədən keçirilib. Müayinə zamanı narkotik qəbul etdiyi müəyyənləşib. Bu məsələ ilə bağlı materiallar oktyabrın 10-da məhkəməyə göndərilsə də, hakim onun buraxılmasına qərar verib.

Nazirliyin məlumatında vurğulanıb ki, hakim onu narkotik məsələsilə əlaqədar buraxıb. Oğurluqla bağlı araşdırmalar davam etdirildiyi üçün o, yenidən polis bölməsinə aparılıb.

DİN-in mətbuat xidmətindən onu da əlavə ediblər ki, araşdırma zamanı, İsmayıl Qəhrəmanovun Binəqədi rayonu ərazisində daha iki oğurluqda iştirakı üzə çıxıb.

Məlumatda vurğulanıb ki, İsmayıl Qəhrəmanov yetkinlik yaşına çatmadığı dövrdə Bakıda 96 mənzil oğurluğunda təqsirli bilinərək, 10 il azadlıqdan məhrum edilib. O, 2019-cu ildə həbsdən buraxılıb.

Bundan başqa, onunla bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində də oğurluq ittihamıyla məhkəmə prosesi gedir. O, öncə həbs olunsa da, sonradan məhkəmə onu ev dustaqlığına buraxıb.

İsmayıl Qəhrəmanovun ailəsi isə polisin iddialarını təkzib edir. Onun qardaşı İbrahim Qəhrəmanov Meydan TV-yə bildirib ki, İsmayıl Qəhrəmanovun oktyabrın 6-dan Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsində saxlandığını sübut edən faktlar var:

“Bu adam ayın 6-dan oradadırsa, ayın 10-da daxil olmuş şikayətə görə necə saxlanıla bilər? Mənim ayın 10-dan əvvəl müstəntiqə yazdığım mesaj var. Bu, bir sübut. Qardaşım taksi sürür. Maşının sahibi ayın 6-da gedib avtomobili 36-cı bölmədən tapıb. Telefon anten məlumatlarını çıxara bilərlər…”

Qardaşı hesab edir ki, İsmayıl Qəhrəmanov əvvəl oğurluq ittihamıyla həbsdə olduğuna görə aça bilmədikləri oğurluq cinayətlərinin hamısını onun üstünə qoyurlar.

Gözdən qaçırmayın:  AYB sözçüsü: “Ölkə başçısına müraciət etdik, pul ayırdılar…”

Ailə üzvlərinin fikrincə, İsmayıl Qəhrəmanov 4 gün ərzində işgəncələrə baxmayaraq, oğurluqla bağlı etiraf ifadəsi vermədiyinə görə onun haqqında narkotiklə bağlı iş qaldırıb, məhkəməyə göndərib həbs qərarı almağa çalışıblar: “İstəyiblər ki, həbs qərarı alıb gətirsinlər, rəsmi qaydada bunların əlində olsun. Yoxsa 4 gün idi ki, qanunsuz saxlayırdılar. Artıq vəkil də tutmuşduq, gedib görüşmək istəmişdi. Amma vəkili görüşməyə qoymamışdılar. Lakin hakimin həbs qərarı çıxarmaması buna imkan vermədi. Ona görə də məhkəmədən çıxan kimi, yenə zorakılıqla götürüb apardılar”.

Oktyabrın 10-da məhkəmə azadlığa buraxılması haqda qərar çıxarandan sonra məhkəmənin dəhlizində videoçəkilişlə müsahibə verən İsmayıl Qəhrəmanov bildirmişdi ki, 4 gündür 36-cı polis bölməsində işgəncələrə məruz qalır. Ondan törətmədiyi oğurluğu üzərinə götürməsini tələb edirlər.

Görüntülərdə İsmayıl Qəhrəmanovun sifət nahiyəsində də xəsarət izləri görünür.

Daxili İşlər Nazirliyindən bildirilib ki, onun işgəncə şikayətilə bağlı araşdırma aparılır.

1995-ci il təvəllüdlü İsmayıl Qəhrəmanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 177.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button