Loading...
Loading...
SEÇMƏ

“Polislər məni ömürlük şikəstə çevirdi”

Yayımlandı: 5 Sentyabr 2022 11:44

Bakıya toya gələn İmişli sakini heç bir günahı olmadığı halda polisin təzyiqinə məruz qaldığını deyir

“Maşının salonunda gözümə qaz vurdular, salonda iki azyaşlı uşağım da vardı, ikisi də qorxudan huşunu itirdi. Məni aparıb səhərədək polis bölməsində döydülər. Sabahı gün polis şöbəsindən buraxılanda bildim ki, uşaqlarımın qorxudan hərarəti qalxıb, xəstəxanaya götürülüblər. Özümünsə qolumu sındırmışdılar, səhərə yaxın təcili yardım çağırıb bölmədən xəstəxanaya göndərdilər. Məni vurub ömürlük şikəst ediblər”.

Bunu Meydan TV-yə İmişli sakini Pərvin Həsənov deyir.

Pərvin Həsənov danışır ki, iyunun 23-də yaxın qohumunun toy məclisində iştirak etmək üçün ailəsiylə Bakıya gəlib. Toy məclisi Binədəki şadlıq evlərindən birində keçirilib. Məclis başa çatandan sonra qonaqlar dağılışanda tanımadığı şəxslər arasında mübahisə düşüb, şadlıq evinin rəhbərliyi polis çağırıb:

“Polislər şadlıq evinə çatanda qonaqların çoxu getmişdi. Mən, ailəm-uşaqlarım, qardaşlarım maşınlara minirdik. Sanki polislərin əlinə biz keçmişdik, dedilər, bizimlə şöbəyə gedib izahat verməlisiz. Bizsə bildirdik ki, mübahisə edənləri tanımırıq, rayondan gəlmişik, rayona da qayıdırıq, görmədiyimiz, bilmədiyimiz bir işə necə şahidlik edək? Mən israrla polis şöbəsinə getməyəcəyimi deyəndə, bir polis işçisi qaz balonuna əl atdı, maşının salonundaydım, gözümə qaz sıxdı, sonra məni sürüyüb maşından yerə saldı. Maşında hamı qışqırışırdı, uşaqlarım qorxudan bayılmışdılar”.

Pərvin Həsənov. Foto: Meydan TV

Pərvin Həsənovun sözlərinə görə, adını bilmədiyi polis əməkdaşı onu yerə yıxaraq qolunu sındırıb. Onu, qardaşı Elvin Həsənovu və digər yaxın qohumu Murad Muradovu 3-cü polis bölməsinə aparıblar:

“Məni səhərədək bir otaqda saxladılar. Şadlıq evindəki münaqişəyə şahidlik etməyimi tələb edirdilər. Gedib-gəlib dedilər, bura qol çək, çıx get. Dedim, görmədiyim bir şeyə necə şahidlik edə bilərəm? Hətta görsəm belə, məni heç kim zorla şahidlik etməyə məcbur edə bilməz. Hər dəfə belə deyəndə döyülürdüm. Qaşımı partlatdılar, qulağım hələ də eşitmir. Sınmış qolumun ağrısından zarıyırdım, səhərə yaxın bölməyə təcili yardım çağırdılar, təcili yardım maşını ilə məni Sabunçudakı 3 saylı xəstəxanaya yola saldılar. Qoluma gips qoyuldu. 6 gün o xəstəxanada qaldım. Ailəm məni oradan Travmotologiya Xəstəxanasına götürdü. Qolum əməliyyat olundu, mil qoyuldu. Həkim bildirdi ki, bu mil qolumda ömürlük qalacaq. Qolumu iki aydır qatlaya, hərəkət edə bilmirəm. Məni vurub, ömürlük şikəst ediblər”.

İyunun 24-də Pərvin Həsənovun sınıqlarla xəstəxanaya götürüldüyünü öyrənən ailə üzvləri DİN 102 Xidmətinə zəng vuraraq şikayət edib. Avqustun 6-da Bakı Şəhər Baş Polis İdarəsindən ailəyə göndərilən məktubda qeyd olunub ki, şikayət araşdırılıb. Pərvin Həsənovun polis əməkdaşları tərəfindən döyülməsi təsdiqini tapmasa da, vətəndaşla nəzakətsiz davrandığına görə polis əməkdaşları intizam məsuliyyətinə cəlb ediliblər. Ancaq vətəndaşa ünvanlanan məktubda həmin polis əməkdaşlarının ad-soyadları əksini tapmayıb.

Pərvin Həsənov. Foto: Meydan TV

Bir neçə gün əvvəlsə Pərvin Həsənova zəng vuraraq onu Xəzər Rayon Polis İdarəsinə dəvət ediblər. Deməsinə ğörə, onu idarənin rəisi qəbul edib, baş verənlərdən təəssüfləndiyini bildirib, iki polis əməkdaşına töhmət verildiyini deyib:

“Dedi, üçüncü polis əməkdaşı işə yeni düzəlib, ona töhmət verə bilmədim. Mənsə bildirdim ki, həmin polis əməkdaşlarına töhmət verilməsiylə iş bitmir. Məni səhərədək döyüblər. Qaşımı, qulağımı partladıblar, qolum sındırılıb, mil qoyulub, ömürlük şikəst ediblər. Həmin qərarı mənə verin, mən o polislərlə bağlı daha sərt cəza tədbiri görülməsi üçün aidiyyatı orqanlara müraciət edəcəm. Rəis dedi, ad verə bilmərəm”.

Daxili İşlər Naziriyinin mətbuat xidmətindən Meydan TV-yə bildirib ki, Pərvin Həsənovun müraciəti əsasında polis əməkdaşlarının ona qarşı intizamsız davranışı ilə bağlı şikayəti araşdırılıb. Polis əməkdaşlarına şiddətli töhmət verilib.

Pərvin Həsənovun vəkili İlqar Rüstəmov Meydan TV-yə bildirib ki, müvəkkilinin xəsarətləri ilə bağlı fotoşəkillər, xəstəxananın xəstəlik tarixçəsi, ailə üzvlərinin kəskin respirator xəstəlik diaqnozu ilə bağlı xəstəxanaya müraciət etməsinə dair sübutlar ərizəyə əlavə edilməklə avqustun 24 və 25-də Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə göndərilib. Həmin gün də hər iki məktub ünvana çatsa da, əlaqə saxlayan olmayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button