SEÇMƏ

“Polislərin vətəndaşları güllələməsini ört-basdır eləmək üçün bunu düzüb qoşublar”

Yayımlandı: 28 Oktyabr 2022 16:07

Rauf Zaitov: “2 il 7 aydır övladlarımız nahaqdan həbsdə saxlanılır…”

Cəlilabadda polislərin güllələdiyi Rüfət Zaitov və İsmayıl İsmayılovun valideynləri hesab edir ki, bu məsələni ört-basdır eləmək üçün onların övladlarını narkotik ittihamıyla həbs ediblər. Onlar 2 il yarımdan çoxdur həbsdədir.

“Niyə güllələyiblər, buna cavab vermək lazımdır”

Rüfət Zaitov və İsmayıl İsmayılov öncə polisə müqavimətdə təqsirli bilinirdi. İddia olunurdu ki, onlar polisə müqavimət göstərdiklərinə görə atəş açılıb. Daha doğrusu, polis öncə “dayan” əmri verib, xəbərdarlıq atəşi açıb. Onlar tabe olmayıb, müqavimət göstərdiklərinə görə güllələniblər.

İddiaya görə, onlar Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində narkotiki gizlətdikləri yerdən götürüb qaçanda bu hadisə baş verib. Rüfət Zaitov qaçıb avtomobilə minəndə atılan güllə onun ayağından, sükan arxasında olan İsmayıl İsmayılova isə şüşəni keçən güllə sinəsindən dəyib. Həmçinin iddia edilir ki, onlar yaralı vəziyyətdə maşınla qaçıblar, Bakının Qaradağ rayonu ərazisində – Ələt postunda saxlanılıblar. Həmin vaxt avtomobildən 3 kiloqramdan artıq narkotik tapılıb. Üstəlik, Qarazəncir kəndi ərazisində – hadisə baş verən yerdə də polislərin kol dibindən 2 kiloqram narkotik tapdığı cinayət işinin materiallarında yazılıb.

Rüfət Zaitov və İsmayıl İsmayılova əvvəl satış məqsədilə külli miqdarda narkotik daşıma ilə yanaşı, həm də polisə müqavimət ittihamı verilib. Lakin istintaqın gedişində polisə müqavimət ittihamına xitam verilib.

“Onlarda narkotik olmayıb. Sadəcə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının özbaşınalıqlarına haqq qazandırmaq, vətəndaşları dayanan yerdə güllələməklərini ört-basdır eləmək üçün bunu düzüb-qoşublar. Hadisə yerindən 4 güllə gilizi aşkarlanıb. Müəyyənləşdirilib ki, bunun da üçü maşına dəyib keçib, biri də Rüfətin ayağına. Polis əvvəldən xəbərdarlıq atəşi açıbsa, onun gilizi hardadır? İstintaqın gedişində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə, zor tətbiq etmə) maddəsinə xitam verilib. Bu da sübut edir ki, nə polisə müqavimət göstərən olub, nə də zor tətbiq edən. Xəbərdarlıq atəşinin də sübutu yoxdur. Bəs onda niyə güllələyiblər bu adamları? Buna cavab vermək lazımdır. Ört-basdır eləmək üçün də bu ssenarini düzüb-qoşublar”, – Rauf Zaitovun sözləridir.

Qan içində, güllə deşmiş maşınla polis postuna doğru…

Ata deyir ki, ön şüşəsində güllə deşikləri olan avtomobil istər-istəməz diqqət çəkir. Bu vəziyyətdə olan avtomobillə Rüfət və İsmayılın Bakıya qədər 3 kiloqramdan artıq narkotiki aparması inandırıcı deyil. O vurğulayıb ki, maşında narkotik olsaydı belə, Cəlilabaddan Bakıya qədərki yolda imkan tapıb onu atardılar: “Qan içindədilər, güllə deşmiş şüşəli maşınla gedirlər, bilirlər ki, postu keçəcəklər, diqqət çəkəcəklər və 3 kiloqram 200 qram narkotiki də özlərilə aparırlar. Bunu heç uşaq da eləməz…”

Gözdən qaçırmayın:  “Qarabağ” Fransa klubuna məğlub olub

Rauf Zaitov əlavə edib ki, cinayət işinin materiallarında çoxsaylı ziddiyyətlər var. Məsələn, təhqiqatçının hadisə yerində tərtib etdiyi protokolun vaxtı 10.30-10.45 göstərilib. Lakin baxış zamanı aparılan çəkilişlə bağlı videogörüntüdən görünür ki, həmin video saat 14.46-da çəkilməyə başlayıb, saat 15.01-də isə çəkilib qurtarıb: “Bu, işdəki çoxsaylı ziddiyyətlərin sadəcə, biridir. Onlar karantin postunda saxlanılandan sonra 3 saat ərzində avtomobil polislərdə qalıb. Ondan sonra maşına baxış keçirilib və guya heroin tapılıb. Kim zəmanət verir ki, o narkotiki avtomobilə həmin müddətdə polislər atmayıb?”

Ümid edirik haqsızlığa göz yummayacaqsız”

Rauf Zaitov və İsmayıl İsmayılov haqqında cinayət işi baxılması üçün öncə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Orada qərar verilib ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxmalıdır. Çünki təqsirləndirilən şəxslər Bakıda tutulub və avtomobildən də bu ərazidə narkotik tapılıb.

Rauf Zaitovla yanaşı, Mədət İsmayılov da bu məhkəmədə işə baxan hakim Zeynal Ağayevə müraciət edib, bu işin obyektiv, hərtərəfli araşdırılıb, ədalətli qərar verilməsini istəyib:

“Hazırda övladlarımız 2 il 7 aydır ki, qanunsuz olaraq həbsdə saxlanılır. Ümid edirik ki, siz bu haqsızlığa göz yummayacaqsınız, işi ətraflı öyrənərək araşdıracaqsınız və bütün halları nəzərə alaraq ədaləti bərqərar edərək övladlarımız barəsində bəraət hökmü çıxaracaqsınız”.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Meydan TV-yə bildirilib ki, yanvarın 24-də adları çəkilən şəxslərə hökm oxunub. Onların hər biri 10 il azadlıqdan məhrum edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə Meydan TV-yə bildirilib ki, valideynlərin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları haqda iddiaları onların şəxsi mülahizələrdir:

“Bu iddiaların hüquqi əsası araşdırmalarla təsdiqlənməyib”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button