2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Politoloq: ‘Notanın faydası olmadı’

Son aylar həm sosial şəbəkələrdə, həm də bəzi media orqanlarında Ermənistandan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə İrana və bəzi başqa ölkələrə məxsus yük maşınların keçməsi ilə bağlı videolar yayılıb.

Dünən, sentyabrın 12-də də Azərbaycan Müdafiə Nazirliyi bu məsələ ilə bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanladığını açıqladı. Məktublarda qeyd olunub ki, bu kimi hallar Azərbaycan, Rusiya prezidentlərinin, habelə Ermənistan baş nazirinin 10 noyabr üçtərəfli bəyanatına ziddir və onların qarşısının alınması xahiş olunur. Amma açıqlamada ölkə adı çəkilmirdi. Lakin bu il avqustun 11-də İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona həmin məsələ ilə bağlı nota təqdim edildiyi açıqlanmışdı.

A.Mirzəzadə

“Azərbaycan suverenliyini pozan məsələlər olub”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə “Turan”a bildirib ki, 10 noyabr sazişi imzalananda Azərbaycan hər şeyin çox rahat və səliqəli gedəcəyini heç də düşünmürdü: “Çünki uzunmüddətli çox ağır və mürəkkəb bir problem, əsasən, həll edilsə də, müəyyən məsələlərin həlli müəyyən zamana qalırdı. Zaman göstərdi ki, bu, həqiqətən də belədir. Ermənistanın Azərbaycan ərazilərini hələ də atəşə tutması, sülh sazişindən imtina etməsi, Rusiya sülhməramlılarının müvəqqəti olaraq ərazimizdə yerləşməsi və müəyyən Azərbaycan suverenliyini pozan məsələlər olub”.

Saytların yığılması Saytlarin yigilmasi

Deputat qeyd edib ki, Azərbaycan bu məsələləri gizlətmir, açıq şəkildə Rusiya tərəfinə və beynəlxalq ictimaiyyətinə bildirmişdi: “İran maşınlarının Rusiya sülhməramlılarının postundan həmin əraziyə qeyri-qanuni keçməsinə Azərbaycan öz ciddi narazılığını bildirdi. Bu barədə əvvəldən də məlumatlar verilirdi, sonra nota verildi. Ümid etmək istərdik ki, Rusiya tərəfi bu məsələdə bir qayda yaradacaq”.

“İran hakimiyyəti bu şirkətlərlə…”

O vurğulayıb ki, Azərbaycan bu məsələyə nə göz yummaq, nə də güzəştə getmək fikrindədir: “Bu məsələdə biz Rusiya tərəfdən konkret bir addım gözləyirik. Eyni zamanda, İran tərəfi ilə iş gedir. Bu yüklər İrandan gəlir və İran hakimiyyəti bu şirkətlərlə Azərbaycan ərazisi bütövlüyünü pozan bir subyekt kimi iş aparmalıdır”.

Deputatın sözlərinə görə, son günlər Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolunda post quraraq həmin maşınları yoxlaması özü də Azərbaycanın suveren hüququdur: “Azərbaycan öz hüquqlarını qoruyur və qoruyacaq. Azərbaycan öz ərazisinə qeyri-qanuni daxil olmanın qarşısını alıb və alacaq. Azərbaycanın qətiyyəti bu tip problemlərin azalmasına və sonda yox olmasına gətirəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, notanın bir faydası olmadı: “Nota, adətən, ölkəyə verilir ki, o öz siyasətini bir az korrektə etsin. Amma notadan sonra İran nəinki yükdaşımaları dayandırmadı, yüklərin sayı daha da artdı”.

E.Şahinoğlu

E.Şahinoğlu

Ekspertin fikrincə, belə olan halda Azərbaycan müəyyən qərarlar verməlidir: “Birinci atacağımız addım İranla münasibətlərin səviyyəsini aşağı endirmək olmalıdır. Dövlətlərarası münasibətlərin dörd prinsipi var: qonşuluq münasibətləri, tərəfdaşlıq münasibətləri, strateji tərəfdaşlıq münasibətləri və strateji müttəfiqlik. Biz Rusiya və İranı rəsmi səviyyədə “tərəfdaş” adlandırırıq. Amma bu təxribatların sonunda Rusiya və İranla artıq bu səviyyəni qonşuluq münasibətlərinə endirmək lazımdır”.

“Sanksiyalar tətbiq etmək lazımdır”

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan ərazilərinə qeyri-qanuni keçən şirkətlərə və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmək lazımdır: “Üçüncü addım isə dünən reallaşdı. Gorus-Qafan yolunda Azərbaycan ərazisinə düşən hissədə nəzarət gücləndirildi və İranın yük maşınları yoxlanılır”.

“Laçın dəhlizi nəzarətə götürülməlidir”

Politoloq hesab edir ki, Laçın dəhlizi də nəzarətə götürülməlidir: “Çünki İran yükləri dayandırılsa da, başqa ölkələrdən yüklər keçəcək. Biz bu yüklərin keçirilməsinin əleyhinə deyilik. Əgər ora yanacaq aparılırsa və həmin yanacaq mülki insanlar üçün lazımdırsa, bu, problem deyil. Amma bu Azərbaycanın razılığı ilə olmalıdır, kontraktlar bağlanmalıdır. Biz bu yüklərin nə olduğunu bilməliyik”.

E.Şahinoğlunun fikrincə, məsələ artıq Rusiyanın qarşısında tələb formasında qoyulmalıdır: “Əgər tələblərimiz yerinə yetirilmirsə, artıq 10 noyabr bəyanatına yenidən baxmalıyıq”.

Bütün bu deyilənlərə, hələlik, Rusiya və İranın Azərbaycandakı səfirliklərindən münasibət almaq mümkün olmayıb.

Səfirlik təkzib etmişdi

Amma bir müddət öncə İranın Azərbaycandakı səfirliyi xüsusi bəyanatla çıxış edərək belə məlumatları yalanlamışdı: “Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı kiberməkanda irəli sürülən iddialara cavab olaraq, İran İslam Respublikasının müvafiq qurumları tərəfindən aparılmış araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməmişdir… İki ölkə arasındakı münasibətlərin inkişafını istəməyən kanallar və qruplar tərəfindən belə əsassız və yalan məlumatlar yayımlanır”.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button