AZ24SAAT.ORG

Now Reading:
Post-seçki: hakimiyyətdə yenilənmə dövrü

Qərblə Rusiya arasında qarşıdurmanın kəskinləşməsi hakimiyyət komandasında müəyyən dəyişikliklər edilməsini zərurətə çevrilib

Növbədənkənar prezident seçkisinə bir həftədən az vaxt qalıb. İctimai rəy seçkinin nəticələrinə deyil, post-seçki dövrünə köklənib. Seçkinin nəticəsi ictimaiyyəti o qədər də maraqlandırmır.

24saat.org saytının analitik qrupunun şərhinə görə, belə bir rəyin yaranmasında bir neçə amil rol oynayır. İlk növbədə, növbədənkənar prezident seçkisinin ənənəvi qaydada keçirilməyəcəyinə təminat yoxdur. Hətta seçki azad və şəffaf keçirələcəyi təqdirdə belə, hazırkı namizədlərin İlham Əliyevə qalib gələcəyi inandırıcı deyil.

Ölkənin əsas müxalif təşkilatları isə seçkini boykot edib. Onların fikrincə, ölkədə siyasi rəqabət mühiti yoxdur, müxalifətin fəaliyyəti ən müxtəlif üsullarla məhdudlaşdırılıb, azad mətbuat sıradan çıxarılıb, seçki qanunvericiliyinə mürtəce xarakterli dəyişikliklər edilib və s.

Müxalifətin keçirdiyi aksiyalarda kütləviliyin zəif olması isə onu gösərir ki, boykot qərarı da seçkinin nəticəsinə əhəmiyyətli təsir göstərməyəcək.
Bəs seçkidən sonrakı dövr ictimaiyyət üçün niyə bu qədər maraq kəsb edir? Əgər İlham Əliyev növbəti müddətə prezident seçiləcəksə, nə dəyişəcək? Nə üçün ictimai rəy post-seçki dövrünə fokuslaşıb?

Bu, bir neçə səbəblə bağlıdır. Hələ 2016-cı ildə keçirilən referendumdan sonra belə məlumatlar yayılmışdı ki, hakimiyyət komandasında ciddi dəyişiklik ola bilər. İddia olunurdu ki,vitse-prezidentlik institunun yaradılması ilə Nazirlər Kabineti ləğv olunacaq. Bundan başqa bir-birini təkrarlayan qurumların fəaliyyətinə son qoyulacaq. Komandada yenilənmə aparılacaq və s. Referendumdan sonra bu gözləntilər özünü doğrultmasa da, hakimiyyət komandasında ziddiyyətlərin olması barədə iddialar planın sadəcə ertələndiyi qənaətinin yaranmasına səbəb oldu.

Qəfildən prezident seçkisinin 6 ay əvvələ çəkilməsi isə yenidən bu mövzunu gündəmə gətirib. Ehtimal olunur ki, hakimiyyətdə yenilənmə məhz seçkidən sonra baş verə bilər. Bu barədə mediada ən müxtəlif məlumatların yayılması istər-istəməz ictimai rəyi post-seçki dövrünə fokuslaşdırıb. Digər tərəfdən Qərblə Rusiya arasında qarşıdurmanın kəskinləşməsi də hakimiyyət komandasında müəyyən dəyişikliklər edilməsini zərurətə çevrilib.

Lakin belə düşünənlər də var ki, seçkidən sonra gözlənilən dəyişikliklərin idarəetməyə hər hansı təsiri olmaya bilər. Hesab edilir ki, dəyişiklik sadəcə artıq uzun illərdir vəzifədə kök atmış və iqtisadi cəhətdən güclənməklə hakimiyyət üçün təhlükəyə çevrilən oliqarxiyanın yeni kadrlarla əvəzlənməsindən ibarət ola bilər ki, burada da məqsəd mövcud sərt üsul-idarənin yumşaldılması yox, iqtisadi imperiyaların bir əldə cəmlənməsi ola bilər.
Bu mülahizələrin nə qədər əsaslı olduğununu isə seçkidən sonrakı dövrdə görəcəyik.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.