Loading...
Loading...
Cəmiyyət

Prezident Əliyev Facebook-a görə məhkəməyə verildi

İctimai fəal Bəxtiyar Hacıyev Prezident İlham Əliyevi məhkəməyə verib. Səbəb isə Facebook sosial şəbəkəsində prezident Əliyevin rəsmi səhifəsində onun bloklanmasıdır.

Bu barədə AzadlıqRadiosuna Hacıyev özü məlumat verərək bildirib ki, prezidentin rəsmi səhifəsində vətəndaşın bloklanaraq rəy bildirməsinin qarşısının alınması ifadə azadlığının pozulmasıdır.

“Kiminsə kefi istəyir deyə…”

“Prezidentin səhifəsi onun şəxsi profili deyil, dövlət hesabına saxlanan, kontenti dövlət hesabına formalaşan resursdur. Səhifədə prezident öz fəaliyyəti ilə bağlı məlumatlar paylaşır, insanlara bu fəaliyyəti bəyənmək, müzakirə etmək imkanı verir. Bir vətəndaşın Facebook-da qaydaları pozmadığı halda, kiminsə kefi istəyir deyə, siyasi baxışlarına görə blok edilməsi qanunsuz hesab edilməlidir”, – Hacıyev dövlət başçısına qarşı məhkəmədə iddia qaldırmasını belə əsaslandırıb.

İctimai fəalın fikrincə, prezidentin rəsmi səhifəsində bloklanması ifadə azadlığı ilə yanaşı, həm də ayrı-seçkiliyə məruz qalmamaq hüququnun pozuntusudur. Hacıyev deyir ki, məhkəməyə müraciət etməkdə məqsədi hüquq ictimaiyyətində belə müzakirələrin açılmasıdır. Daha bir məqsəd də vətəndaşları hüquqları pozulduğu anda məhkəmələrə müraciətə təşviq etməkdir.

İddia ərizəsində maddi təzminat tələbi qoyulmayıb, məhkəmədən hüquq pozuntusunun tanınması istənilib. Hacıyev əlavə edib ki, əgər ölkə daxilindəki məhkəmələr onun şikayətini təmin etməsə, bu mübahisəni Avropa Məhkəməsi müstəvisinə çıxarmaq niyyətindədir.

İddia ərizəsi məhkəməyə daxil olub

Hacıyev prezidentə qarşı iddia ərizəsini Səbail rayon Məhkəməsinə təqdim edib. Prezident Administrasiyası bu rayonun ərazisində yerləşir.

Məhkəmədən AzadlıqRadiosuna belə bir iddia ərizəsinin daxil olduğunu təsdiqləyiblər: “Bu iddia ərizəsi avqustun 25-də məhkəməyə daxil olub. Onun araşdırılması hakim Şahin Abdullayevə həvalə olunub. Hələlik məhkəmənin vaxtı təyin edilməyib”.

Məhkəmədən o da bildirilib ki, prezidentə qarşı şikayətin icraata götürülüb araşdırılacağı, yoxsa geri qaytarılacağı məlum deyil: Hakim buna məhkəmənin hazırlıq iclasında qərar verəcək”.

Prezident Administrasiyasından məsələyə, hələlik, münasibət bildirilməyib.

Avropa İnsan Hüquqları Məhkəməsi “Markes Portuqaliyaya qarşı” qərarında yazır ki, hətta qanuni əsaslarla rəsmi şəxslərin sosial şəbəkə səhifələrinə məhdudiyyət müdaxilələri varsa, yerli qanunvericilikdə bunun əsaslandırılması olmalıdır.

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button