Loading...
Loading...
Cəmiyyət

Prezident İlham Əliyev vəd verdi – Abşeron sahillərinin zəbt edilməsinə son qoyulacaq

Son illər ölkədə torpaq fondunun qanunsuz ələ keçirilməsi geniş miqyas alıb. Bunu bazar ertəsi dövlət başçısı İlham Əliyev Masallı, Göyğöl və Lerik rayonlarına yeni təyin edilmiş icra başçılarını qəbul edərkən deyib.

« Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerlərdəki nümayəndələri vasitəsilə torpaq sahələrini tuturdular. Təəssüf ki, bu, təkcə rayonlarda deyil, paytaxtda da baş verir”, –  o deyib.

Əsasən Abşeronda bəzi məmurlar və biznesmenlər Buzovna qəsəbəsində dəniz sahilindəki qayaları zəbt ediblər və bəzi yerlərdə dağıdıblar. Əliyevin sözlərinə görə, bununla bağlı bir qrup fəal şikayətlə ona müraciət  edib. O, Bakı merinə məsələni araşdırmağı tapşırıb.

«Dövlət məmurları və bir sıra sahibkarlar tərəfindən böyük pozuntular aşkar edilib. Bu, tariximizə və təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir. Həmin şəxslər onları ələ keçirmək və orada villa tikmək qərarına gəliblər. Təəssüf ki, belə faktlar çoxdur və indi belə hallara qarşı ciddi mübarizə aparılır”, – Əliyev deyib və əlavə edib ki, hakimiyyət bu cür məmurlardan “təmizlənir”.

Sonra o qeyd edib ki, əvvəlki illərdə Bakıda tikilmiş bir çox hündür binalar şəhərsalma normalarına uyğun deyil. O, bunda “qanunsuz icazələr” verən icra başçılarını ittiham edib. Bununla da şəhərsalma normalarına “böyük ziyan” vurulub, prezident  qeyd edib və əlavə edib ki, buna son qoyulub.

*Qeyd edək ki, 10 ildən çoxdur ki, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və ictimai xadimlər Abşeron yarımadası sahillərinin qanunsuz zəbt edilməsi barədə yazırlar. Hazırda onlarla kilometr sahil zəbt edilib. Bu, daim və hər yerdə hakimiyyətin gözü qarşısında baş verib, baxmayaraq ki, qanunvericilik dəniz sahilindən 150 metr yaxında tikintini qadağan edir.

24 saat” “Prezident İlham Əliyev vəd verdi – Abşeron sahillərinin zəbt edilməsinə son qoyulacaq” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button