AZ24SAAT.ORG

Now Reading:
Prezident milli təhlükəsizlik xidmətinin ‘qudurğan itlərini’ hədələdi

AzadlıqRadiosunun müxbiri Farangiz Nacibulla yazır ki, Özbəkistanın Milli Təhlükəsizlik Xidməti – MXX-nin (Milli Xavfsizlik Xizmati) onilliklər ərzində ən qüdrətli orqan sayılıb, lakin indi “ölkənin yeni söz sahibi” onun da vaxtının çatdığını düşünür.

Prezident Şavkat Mirziyoyev öz sələfinin hakimiyyətini qoruyan sütunlardan biri olan MXX-nin tənqidindən çəkinmir. Prezident çıxışlarında bu təşkilatı “günahsız insanları hədəfləməkdə” və “səlahiyyətlərini aşmaqda” günahlandırır.

Fevralın 16-da Buxarada yerli fəallarla görüş keçirən Mirziyoyev MXX-nin tənqidini davam etdirib. O deyib ki, MXX-nin Buxarada “biznesmenləri ədalətsiz olaraq həbsxanalara salması” barədə sübutlara malikdir.

Mirziyoyev çıxışında deyib: “Mən hətta işgəncə şəkillərini görmüşəm. Mən bu əməllərə yol vermiş müstəntiqlərin adlarını da bilirəm”.

Prezident bundan o yana xırdalıqlara varmayıb, amma deyib ki, “Allah qoysa, sağ-salamat olsaq, vaxtı gələndə bunları televizorda görəcəksiniz”.

Təhlükəsizlik xidmətinin əməkdaşlarını “qudurğan it” adlandıran Mirziyoyev onları “biznesdə az-çox uğuru olan insanları hədəfləməkdə” ittiham edib.

Prezident deyib ki, dünyanın heç bir ölkəsində uniforma geyinən insanlara bu qədər ixtiyar verilməyib.

Mirziyoyev deyib: “Heç 1937-ci ildə də belə olmayıb”.

Özbəkistana 27 il rəhbərlik etmiş mərhum prezident Karimov fərqli düşüncənin və hər hansı müxalifətin boğulması üçün MXX alətindən istifadə edirdi.

Lakin yeni prezident Mirziyoyev bu dövlət orqanının ciddi islahata ehtiyacı olduğu qənaətdindədir.

O yanvarın 31-də bu təşkilata 23 il başçlılıq etmiş Rustam İnoyatovu vəzifəsindən kənarlaşdırıb.

Özbəkistanda “boz kardinal” ləqəbini qazanmış İnoyatov Karimovun sədaqətli müttəfiqi və ölkənin ən nüfuzlu rəsmisi idi. İndi onun postunu 2015-ci ildən baş prokuror olan İxtiyor Abdulloyev tutub.

İnoyatovun işdən çıxarılmasından bir neçə gün əvvəl MXX-ni tənqid edən prezident bu təşkilatın hətta yüksək vəzifəli hökumət rəsmilərinə də nəzarət etdiyini demişdi.

Yanvarın 19-da İnoyatovun doğma Surxandərya vilayətində çıxış edən Mirziyoyev demişdi: “Məsələn əgər regional başçılarıdan biri MXX-nin xoşuna gəlməyən bir söz desəydi, onu dərhal şərləyib vəzifəsindən uzaqlaşdırırdılar”.

Mirziyoev deyib ki, təhlükəsizlik xidmətinin heç bir rəsmisinə inanmır və “lazım gəlsə, onların poqonlarını qoparacaq”.

Keçmiş sovet DTK-sının xələfi olan MXX, 32 milyonluq Özbəkistanda dini ekstremizmə qarşı mübarizə pərdəsi altında insan haqları pozuntuları törətməsi ilə məşhurdur.

Bu təşkilat minlərlə insanı ekstremizmlə bağlı cinayətlərdə ittiham edərək həbsxanalara salıb, 17 min nəfərin adı olan “potensial ekstremist siyahısını” tərtib edib.

Mirziyoyev sentyabrın 1-də bəyan etmişdi ki, 16 min nəfərin adları bu siyahıdan çıxarılıb və onlar işlə təmin olunub.

İnanıldığına görə MXX hətta hökumət vəzifəlilərini güdən geniş çuğulçu şəbəkəsinə malikdir.

Bundan başqa Mirziyoev MXX-yə, özünün Özbəkistanın xarici missiyalarındakı casuslarını geri çağırmağı əmr edib. Özbəkistanın hüquq-mühafizə orqanlarına məhkəmə qərarı olmadan axtarışların aparılması və dinləmə cihazlarının yerləşdirməsi qadağan edilib.

Mirziyoyev deyib ki, Özbəkistanın, onun hökumət rəsmilərindən casusluq edən təhlükəsizlik idarəsinə ehtiyacı yoxdur.

Mirziyoyev Buxara fəalları qarşısında etdiyi çıxışda bildirib ki, təhlükəsizlik xidmətlərinin Buxarada, Surxandəryada və ölkənin qalan yerlərində hesabatsız hakimiyyətinə son qoyulur.

Bununla belə, Mirziyoyevin MXX-nin islahatlarında nə dərəcədə dərinə gedə biləcəyi naməlum qalır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.