Now Reading:
“Prezidentin Ehtiyat Fondu ləğv edilməlidir”

“Prezidentin Ehtiyat Fondu ləğv edilməlidir”


Qubad İbadoğlu:“Cari ildə Prezidentin Ehtiyat Fondu sivil ölkələr arasında yalnız Azərbaycanda fəaliyyət göstərir”

“2006-cı ildən etibarən dövlət büdcəsinin bir hissəsi Prezidentin Ehtiyat Fondu vasitəsilə xərclənir. Həmin dövrdən indiyədək Prezidentin Ehtiyat Fondu büdcədən 3 milyard 347 milyon manat xərcləyib”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. O, Prezidentin Ehtiyat Fondunun ləğv edilməsini təklif edir. Deyir, 14 ildir ki, Azərbaycan prezidenti hər il orta hesabla 240 milyon manata qədər vəsait üzərində birbaşa sərəncam vermək hüququna malikdir:

“Azərbaycan Respublikasının 2019-cu il üçün dövlət və icmal büdcələrini özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” kitabında qeyd olunur:

Ehtiyat fondları dövlət büdcəsində nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün yaradılmış maliyyə mənbələridir. Ehtiyat fondlarının tərkibinə Dövlət Büdcəsinin Ehtiyat Fondu və Prezidentin Ehtiyat Fondu daxildir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa görə,

Dövlət Büdcəsinin Ehtiyat Fondunun həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən,

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun həcmi isə dövlət büdcəsi gəlirlərinin 2 faizindən artıq olmamalıdır”.

İqtisadçı deyir ki,

2019-cu ilin dövlət büdcəsində Dövlət Büdcəsinin Ehtiyat Fondu üzrə 100 milyon manat,

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üzrə isə 300 milyon manat

vəsait nəzərdə tutulub. Deməli, cari ilin büdcəsindən ehtiyat fondlarına ayrılan 400 milyon manat vəsaitin dörddə üçü prezidentin, dördə biri isə Dövlət Büdcəsinin Ehtiyat Fonduna yönəldilir. Bu, ədalətsiz bölgüdür:

“Bəzi qanunların tələblərinə əməl edilmir.

Büdcə sistemi haqqında” Qanununa görə, Prezidentin Ehtiyat Fondunun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Bu vəsait müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur. Amma təəssüflə qeyd etməliyik ki, bununla bağlı qaydalar mövcud deyildir”.

Qubad İbadoğlu deyir ki, qanuna görə, Prezidentin Ehtiyat Fondundan maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər:

“Hesab edirəm ki, bu da büdcə sisteminin tamlığına və vahid təqvil ilində mövcuduluğuna dair tələblərə ziddir. Belə ki, “Büdcə sistemi haqqında” Qanununa görə büdcə ili – yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövrü əhatə edir.

Qanunda qeyd olunur ki,

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə,

habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

Lakin ötən və əvvəlki prezident seçkilərində (2018 və 2013-cü illər) Qanunun bu maddəsinin tələblərinə əməl qoyulmayıb”.

Q.İbadoğlu bildirir ki, hələ 2012-ci ildə Milli Büdcə Qrupunun 22 ölkənin təcrübəsinə istinadən apardığı tədqiqat Prezidentin Ehtiyat Fondunun araşdırmaya cəlb edilən ölkələr arasında yalnız Azərbaycan və Gürcüstanda mövcud olduğunu göstərdi:

“2018-ci ilin dekabr ayında Gürcüstan parlamenti ölkə prezidentinin ehtiyat fondunu ləğv edilib. Bu isə o deməkdir ki, cari ildə Prezidentin Ehtiyat Fondu sivil ölkələr arasında yalnız Azərbaycanda fəaliyyət göstərir. Odur ki, təmsil olunduğum ADR Hərəkatı gələn büdcə ilindən etibarən Prezidentin Ehtiyat Fondunun ləğv edilməsini təklif edir”.

2006-cı ildən mövcud olan Prezidentin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.