2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

”Prison break” serialının qəhrəmanı: Azərbaycan o qədər görülməli ölkədir ki…

‘Prison break’ serialında İŞİD başçısı rolunda oynayan Numan Acar Meydan TV-ə danışıb

Numan Acar türk əsilli alman aktyorudur. Alman, türk və Hollivud kinosu onun aktyor kimi xarizmasını çoxdan qəbul edib. İŞİD, Taliban kimi radikal qruplaşmaların üzvlərini məharətlə canlandıran aktyoru Azərbaycan tamaşaçısı bu yaxınlarda Asif Kapadianın ekranlaşdırdığı “Əli və Nino” filmindəki rolundan tanıdı. Numan Acar bu filmin çəkilişləri əsasında Azərbaycanda da olub.

Numan bəylə sənəti, etnik bağlılığı, Almaniyada yaşayan türklər barədə danışdıq.

Saytların yığılması Saytlarin yigilmasi

– Numan bəy, tərcümeyi-halınızda doğum yeri olaraq eyni zamanda Türkiyə və Almaniya yazılır. Doğru məlumat hansıdır?

• Hər nə qədər insanların doğulduğu yerin dünyanın harasında olduğunun əhəmiyyətli olmadığına inansam da, Türkiyədə doğuldum. Ərzincan Kelkitə bağlı Kozoğlu kəndində. Məktəb həyatıma da Ərzincanda başladım. Atam o tarixlərdə Almaniyada yaşadığından ailəmin digər üzvləri ilə 7 yaşımda Almaniyaya köçdük.

Numan Acar Prison Break serialında İŞİD-in başçısı rolunda oynayır
Numan Acar Prison Break serialında İŞİD-in başçısı rolunda oynayır.

– Avropa və ABŞ-dakı müvəffəqiyyətli aktyorluq karyeranızda Almaniyada yaşayan türk mənşəli film prodüserlərinin rolu böyükdürmü? Almaniya film sektorunda türk mənşəli film prodüserləri və aktyorların bir dairəsi varmı?

• Ürəyim istərdi ki, buna müsbət cavab verə bilim. Doğrusunu desəm, təəssüf ki , mənşəyindən asılı olmadan, əldə etdiyim beynəlxalq müvəffəqiyyətdə Almaniyadakı prodüser və rejissorların hər hansı bir dəstəyi və köməyini görə bilmədim. Bunu çox istəmiş, çox axtarmış olsam da. İstər Almaniyada, istərsə də Türkiyədə, içində olmaqdan böyük həzz aldığım bir çox layihədə iştirak etdim, lakin beynəlxalq arenada işləməyə başlamağımda heç bir cəbhədən bir dəstək görə bilmədim. Ancaq dünyanın hər yerində izlənilən verilişlərdə görsənməyə başladıqdan sonra, bir anda alman və türk prodüser və rejissorların kadrlarına girə bildim. “Kaş ki, daha əvvəl olsaydı” dediyim mövzulardan biridir bu.

Son dövrdə bu sektorda çox qiymətli, çox istedadlı yoldaşlar yetişdi. Hər kəs- istər aktyor, istər prodüser, istər rejissorlar, məhdud imkanlarla və bütün mövcud mühakimələrə baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Belə ki, Türkiyə mənşəli sənətçilərin son illərdəki təsadüfi olmayan müvəffəqiyyəti də bunun dəlilidir. Bəlkə hələ istədiyimiz filmləri edə bilmirik, hələ istədiyimiz rolları ala bilmirik, amma yenə də hazırkı mərhələni çox əhəmiyyətli hesab edirəm. Nə qədər çətin olsa da, aktyor olduğuma çox sevinirəm. Ümid edirəm, yaxın zamanda daha yaxşı layihələrlə əlaqəli adımızı eşidəcəksiniz.

Numan Acar və Leyla Əliyeva
Numan Acar və Leyla Əliyeva.

– Fatih Akın “Divara qarşı” filmində köhnə və yeni nəsildən olan Almaniya türkləri müqayisə edilir. Yeni nəsil Avropa mədəniyyəti və həyat tərzinə uyğunlaşmış, amma köhnə nəsil hələ ənənəçi, qaydaçı, din və milli bağlara çox düşkündür. Bu cür sualları siz də öz mühitinizdə yaşadınızmı?

• Bunlar cavablandırılması lazım olan çox əhəmiyyətli suallardır. Fateh Akının “Divara qarşı” filmində izah etdiyi, təsvir etdiyi hekayələr hər nə qədər yalnız Almaniyada yaşayan türkilərin xüsusi problemlərinə yönəlsə də, hekayənin əsas qismi universal olaraq mühacirətə əsaslanıb. Cəmiyyətə özünü aid hiss etməyən və əksərən cəmiyyətin də onları tam olaraq qəbul etməməsi haqqında hekayələr hər yerdə eynidir. Yabancılığın təbii nəticələrindən biri öz mədəniyyətinə daha da sarılmaq və davamlı olaraq bu mədəniyyəti itirmə qorxusudur. Bu qorxunu və prosesləri özlüyündə birbaşa yaşayan biri olaraq dərk edib anlasam da, eyni zamanda bunun bizə bəxş edilən böyük bir şans olduğunu düşünürəm. Bütün bu fərqliliklər kimi, zaman dəyişkənliyə yol açsa da, fərdi təcrübəmə əsaslanaraq deyirəm: əsasında hər iki mədəniyyətin yaxşılarını və pislərini özəlləşdirmiş, bunu fürsətə çevirməyi və bundan maksimum şəkildə faydalanmağı bilən fərdlər yaradır və kino özəlliyində də çox özünəxas bir dünyagörüşü ortaya çıxarır. Bunu itki yerinə yazmaqdansa, çox qiymətli bir fürsət və böyük bir mədəni qazanc olaraq qiymətləndirmək lazımdır. İnsanlar bəzən yalnız və yalnız qorxduqları üçün bağlarını, köklərini və keçmişlərini buraxmaq istəmirlər. Amma yenilənmək üçün bəzən köhnəni buraxmaq, ya da köhnə ilə mənəvi bağları qoparmaq lazımdır. Elə mən də tam bu yeniliyin arxasıncayam.

– Eyni zamanda Türkiyə və Almaniyada film istehsalçılığı, aktyorluq etməkdəsiniz. Hansı ölkə sizə daha yaxın, hansı film sənayesini daha çox özünüzünkü hesab edirsiz?

• Hər iki ölkədə bu sektorun təsvir etdiyi hekayələr bir-birindən çox fərqlidir. Bəsləndiyi yerlər və iş şəraitləri də. Almaniya əhəmiyyətli bir ölkədir. Mədəniyyət və sənət həyatında fəaliyyətləri də bəllidir. Bəlkə çox iddialı bir ifadə olacaq, amma öz hekayəsi, öz tarixi ilə bu qədər geniş əhatəli, bu qədər çox film buraxan başqa bir ölkə də yoxdur. Almanlar yaxşı və pisləri ilə birlikdə keçmişilə üzləşməyi bacardı və buna filmlərlə də nail oldu. Tarixi ilə barışıqlığını alman filmlərində xeyli görə bilirik. Türkiyədə də son dövrdə bədii mənada nəhəng bir hərəkət yaşandı. Dünya səviyyəsində çox yaxşı filmlər hazırlandı. Yilmaz Guneyin başladığı istiqaməti Nuri Ceylan daha da irəli apardı və gənc nəsil, eyni zamanda çox qabiliyyətli kinematoqraflar da bu mövzunun pərəstişkarı oldular. Hər il məhdud imkanlarla festivalların əsas yarışmalarına girən çox dəyərli film izləyirik . Daha da gözəllərini izləyəcəyimizə əminəm. Türkiyə mədəniyyəti və tarixi çox zəngin bir ölkədir. Çox mədəni, çoxdinli və çoxrəngli bir ölkədir. Hər küncündə fərqli bir xüsusiyyət, fərqli bir hekayə yatan və bunu da nəsillərdən nəsillərə ötürməyi bacarmış bir ölkədir. Yetər ki, bu fərqlilikləri, bu plüralizmi izah etməyi özünə əldə şüar etmiş kinematoqraflara arzu etdikləri dəstək verilsin, önlərinə sərhəd qurulmasın.

– Uzun illər Azərbaycanda yaşayan və işləyən bir gürcü dostum “mən burda gürcü, Gürcüstanda azerbaycanlıyım” dedi. Siz də Almaniyada türk, Türkiyədə alman kimi qəbul edilirsiniz?

• Bir yerə aid olduğunun, ya da bir yerdə özünü yaxşı hiss etmənin mənşəylə birbaşa əlaqəli olduğunu düşünmürəm. Mən getdiyim və yaşadığım yerdə əvvəl özüm qalmağa və başqalarının yanında dayanmağa, onlar kimi hiss etməyə çalışıram. Almaniyada türk, Amerikada əfqan və İngiltərədə yaşayan bir hindli kimi. Universal düşünən və hər yerdə özünü var etməyə çalışan bir dünya vətəndaşı olduğumu düşünürəm.

– Müsəlman xarakterlərini, xüsusilə də İŞİD, Taliban kimi təşkilat üzvlərini müvəffəqiyyətlə canlandırarkən, heç qorxursunuz? Bu təşkilat üzvləri oyununuzu sevə də bilərlər, amma günlərin birində təhdid almanız istisna deyil hər halda …

• Mən bu rolları oynamamış və müvəffəqiyyətlə canlandırmamış olsam da, təəssüf ki, bu mövzudakı mühakimələr ortadadır. Lakin tək dərdim peşə etikasına bağlı qalaraq, mənə verilən rolu ən həqiqi şəkildə oynamaqdır. Aktyor olaraq, ilk növbədə, bu, işin bədii tərəfidir. Siyasət, ya da gündəlik həyat məsələləri ikinci məsələmizdir. Mühüm olan tamaşaçıya keçəcək realizm hissiyyatıdır. Biz insanı oynayırıq, insanın hər cür halı və insanın hər cür cəhətləri ilə.

Numan Acar filmlərin birində
Numan Acar filmlərin birində.

– Bir az sənət barədə xüsusi danışaq. Bir rol təklifi aldıqda ilk etdiyiniz nədir? Məlumat almaq, xarakteriniz roman qəhrəmanıdırsa, romanı tapmaq, xarakteriniz üzərinə yazılmış tənqidləri oxumaq və ya tarixi qəhrəmansa, o zamanların tarixi haqqında məlumat əldə etmək…

• Rol təklifi gələr-gəlməz, xarakter haqqında əldə edə biləcəyim nə qədər tarixi və şəxsi məlumat varsa, əvvəlcə onları toplamağa çalışıram. Mövzu haqqında sənədli filmlər izləyir, o xarakterə ən yaxın kim varsa, haqqında nələr öyrənə bilərəmsə, ona baxıram. Sonra xarakteri öz daxili süzgəcimdən keçirir və öz həyatımdakı hadisələrə yedirməyə çalışıram. Şəxsi təcrübəmlə müqayisə edirəm, harada bu xarakter sözü keçən adam oldu və mən verəcəyim hansı seçimlə, hansı qərarlarla bu adam ola bilərəmsə, ona baxıram. Duyğuları qarşılaşdırıram və özümdən soruşduğum ən əhəmiyyətli sual isə hər daim budur: Görəsən altından qalxa bilərəmmi, qalxa bilmərəmmi? Beləcə yavaş-yavaş oynayacağım xarakterə özümü də qataraq ona həyat verməyə çalışıram. Və hər zaman, amma hər zaman təbii qalmağa çalışıram. Bu, Seyit Mustafaya hazırlanarkən də eynilə belə oldu. Bakının küçələrində tək başıma az gəzmədim, görəsən küçədə gerçək Seyit Mustafaya rast gələ bilərəmmi deyə..
– Azərbaycanı izah edən filmdə, “Əli və Nino”da rol aldınız. Bir də bioqrafiyanızda Azərbaycan dilini yaxşı bildiyiniz yazılır. Doğrudurmu? Bu ölkə haqqında nələr eşitmisiniz?   

• Mən Azərbaycanı çox sevdim. Coğrafiyasını, insanlarını. “Əli və Nino”da oynamaq da mənim üçün çox böyük bir zövq oldu. Həm özüm üçün, həm də Azərbaycan üçün çox uğurlu və dəyərli hekayədir. Bunu həmişə arxa planda hiss edərək filmdə oynadım. Həm də təbiətinə aşiq oldum. Təbiəti sevən, təkbaşına gəzintiyə çıxan biri olaraq mənə çox yaxşı gəldi. Çox yaxşı insanlarla tanış oldum, çox yaxşı yoldaşlıqlar qurdum. Kədərləndiyim cəhət isə insanları bu qədər isti, təbiəti bu qədər bənzərsiz bir ölkənin hazırda çox insan tərəfindən ziyarət edilməmiş olmasıdır. Halbuki , Azərbaycan o qədər görülməli və o qədər isti bir ölkədir ki. Dil məsələsinə gəlincə, sizə “Azəri türkcəsini bilirəm” demək ayıb olar. Amma etiraf edin ki, türk ilə Azərbaycan dilləri bir-birinə çox yaxın dillərdir. Ona görə dərdinizi anlayır və dərdimi anlada bilirəm. 3 ay Bakıda qalmağım da təbii ki, buna bir şeylər qatdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button