Loading...
Loading...
SEÇMƏ

Professor: “Hakimiyyət öz daxilindən islahata başlamalıdır”

“Prezidentin fərmanlarını islahat kimi təqdim edirlər”

Professor Rəhman Bədəlov Prezident İlham Əliyevin iyulun 28-də Elm və Təhsil Nazirliyinin yaradılması və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunun dəyişdirilməsi haqqında fərmanını islahat saymır.

O deyir ki, islahat riskə getmək və cəmiyyətə hüquq verməkdir:

“Məndən asılı olsa, Akademiyanı sabah bağlayaram. Çünki Akademiyanın nəinki xeyri yoxdur, hətta zərəri var. Elm təkcə bilik deyil, həm də enerjidir. Azərbaycan Milli Elmlər Akademiyasında azadlıq olmadığından enerji də yoxdur. Dünənki fərman müvəqqəti nəyisə dəyişə bilər”.

“Prinsipial dəyişiklik odur ki, hakimiyyət öz daxilindən islahata başlasın, amma bizdə bu olmadığından, o cür fərmanlarla nəsə dəyişməyəcək”, – deyə Rəhman Bədəlov bildirib.

Prezidentin dünən imzaladığı fərmanlara əsasən, AMEA-nın muzeyləri Mədəniyyət Nazirliyinə, texniki və dəqiq elmləri araşdıran institutlar Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Yalnız humanitar sahə akademiyanın nəzdində saxlanılıb.

Rəhman Bədəlov Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin istəmədən həyata keçirdiyi islahatı xatırladaraq bildirib ki, bu ölkədə də akademiyanın institutları universitetlərin tabeliyinə keçirildi.

“Akademiyada islahatlar aparmaq çətindir”

Amma iqtisadçı Sabit Bağırov hesab edir ki, fərman islahat istiqamətində birinci addım sayıla bilər:

“Məsələ ondadır ki, akademiya sistemində islahatlar çox mürəkkəb olduğundan orda bir addımla heç nə alınmaz. Amma birinci addım kimi dünənki fərman islahatdır. Buna görə elm sahəsində islahatların aparılacağına ümidlərim artıb”.

Sabit Bağırovun sözlərinə görə, AXC hakimiyyəti 1992-ci ildə AMEA-da islahatlar barədə düşünürdü:

“Sadəcə, akademiyada islahatlar aparmaq çətindir. Birincisi, Azərbaycan elitasının az olmayan qismi məhz orada təmsil olunub. Ona görə bu qurumda düzgün islahat aparılmasa, narazılıq yaranacaq. Dəqiq və texniki elmlər üzrə institutların Elm və Təhsil Nazirliyinə verilməsi birinci addımdır”.

“Çox güman ki, ikinci addım həmin institutların hansısa universitetlər arasında paylaşdırılması olacaq. Beynəlxalq praktikaya baxaq, elm əsasən universitetlərdə,böyük şirkətlərdə mərkəzləşib və bunların arasında rəqabət də yaranır”, – deyə o bildirib.

Sabit Bağırov təəssüflənir ki, dünyanın aparıcı min universiteti arasında Azərbaycandan bir universitet də yoxdur:

Ermənistan və Gürcüstanın adı həmin sıralamada var. Reytinqi təhlil edəndə məlum olur ki, bu məsələdə bir neçə meyar tələb olunur, məsələn, universitetlərin elmi işlərinin hansı səviyyədə olması. Elmi işlərin göstəricilərindən də biri istinadlardır. Əgər universitet professoru beynəlxalq aləmdə tanınmırsa, yəni onun hər hansı elmi əsərinə istinadlar yoxdursa, həmin universitetin dünya sıralamasında aşağı yerdə olur. Mən də onu gözləyirəm ki, həmin institutlar universitetlərə verilsin, amma bilmirəm, olacaqmı?! Olarsa, Azərbaycan universitetlərinə xarici ölkələrdən tələbələr oxumağa gələr”.

Gözdən qaçırmayın:  Yeni yol çəkilir: Ermənilər Laçın dəhlizindən istifadə etməyəcəklər

“Rəyasət Heyətinin hansı yaltaqlardan və dələduzlardan ibarət olduğunu bilirəm”

Uzun müddət akademiyada çalışan siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, hökumətin təbliğatı artıq fərmanları islahat kimi təqdim edir:

“Amma düşünmürəm ki, 28 iyul fərmanları ilə Azərbaycan elminin səmərəsi artsın. Çünki ölkədəki sistem dəyişmədən ara-sıra dəyişiklər nəticə verməyəcək. İkincisi, dəqiq və texniki elmlərin məqsədi kəşflərdir. Azərbaycanda hansısa texnologiyanı həyata keçirən istehsalat varmı? Yoxdur! Azərbaycan sənayesi neft-qaz sahəsinə köklənib. Belə olanda, Elm və Təhsil Nazirliyinə verilən institutlar nəyə lazımdır? Üçüncüsü, Azərbaycanda avtomobil sənayesi olmadığı halda, “Formula-1” yarışları keçirilir. Əlbəttə, bu cür yarışlar hakimiyyətə lazımdır. Ona görə Azərbaycanda elmin inkişafından çox, vergi işçilərinin, polislərin sayının artmasına diqqət yetirilir”.

Zərdüşt Əlizadə bildirib ki, hökumətə ictimai elmlər də gərək deyil:

“Qərbdə ictimai elmlər cəmiyyətdə sorğular aparıb adamların istəklərini və arzularını yayırlarsa, Azərbaycanda bu, qadağandır. Məsələn, bizdə xalqın hansı partiya liderinə münasibəti barədə sorğu keçirmək qadağan edilib. Yalnız hakim elitayla bağlı sorğu keçirilir, bu da yalanlarla dolu olur. Ona görə də Milli Elmlər Akademiyası Azərbaycana lazım deyil. Bu baxımdan akademiyanı bölüşdürüb müxtəlif qurumlara paylaşdırsan da, heç nə dəyişməyəcək. Mən 17 il akademiyada işlədiyimdən Rəyasət Heyətinin hansı yaltaqlardan və dələduzlardan ibarət olduğunu bilirəm. Odur ki, onlardan heç nə gözləmirəm”.

“Elmə qiymət verilsə, islahatdan danışmaq olar”

Professor Nəsib Nəsibli isə fərqli düşünür.

Onun fikrincə, dünənki fərmanlar hələ ki struktur dəyişikliklərini ö
ehtiva etdiyindən bununla kifayətlənmək olmaz.

N.Nəsiblinin qənaətincə, ilk addım kimi AMEA-da çalışanların fəaliyyətini stimullaşdırmaq üçün maaşları bir neçə dəfə artırılmalıdır:

“İkincisi, elmi baza gücəndirilməlidir. Əlbəttə, Elm və Təhsil Nazirliyinin yaradılması doğru addımdır. Normal ölkələrdə elm sektorunda mərkəzləşmə yoxdur. Amerikada onlarla akademiya var. Üçüncüsü, humanitar sahələr də uyğun şəkildə bölünməlidir. Məsələn, Bakı Dövlət Universitetinə verilsə, müsbət olar. Ancaq əsas məsələ elmə veriləcək qiymətdədir, bu olsa, islahatdan danışmaq mümkündür”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button