Loading...
Loading...
SEÇMƏ

Professor Nəsib Nəsibli: “Tarix Məlikməmmədin nağılı deyil, ciddi elmdir”

“Coğrafiyaya dayalı tarix bizim ən naqis məsələlərimizdəndir”

Azərbaycan tarixşünaslığının dünəni, bu günü və sabahı həmişə müzakirə və mübahisə predmeti olub. Problemi daha çox tarixşünaslığın bir sıra ehkamlarda-tarixin ideologiyalaşdırılmasında və siyasiləşdirilməsində görənlər də var. Professor Nəsib Nəsiblinin Meydan TV-yə müsahibəsində sadalanan problemlərə qismən də olsa, cavab almağa çalışdıq.

XIX əsrdə yaranan Azərbaycan tarixşünaslığı çar və bolşevik Rusiyası dövrlərindən müstəqillik illərinə hansı miraslar gətirib?

XIX əsrdə yaranmağa başlayıb desək, daha yaxşı olar. Həmin əsr boyu bizdə milli tarixşünaslıq yaranmadı, formalaşmadı. Tarixşünaslığın yaranması daha çox sovet dövrünə düşdü. Sovet rejimi də istədiyi tezisləri rəsmi tarixşünaslığa sızdıra və hopdura bildi. Ümumiyyətlə, totalitar rejimlərdə tarixçilik ideologiyanın əsirinə çevrilir. Baxmayaraq ki, Azərbaycanın çox istedadlı və görkəmli tarixçiləri də o illərdə yetişdi, amma hər istədiklərini yazıb, axıra çatdıra bilmədilər. Çünki işlərini dar çərçivədə görmək məcburiyyətləri vardı.

Azərbaycan tarixi: millət, dövlət, siyasət” araşdırmanızda Azərbaycan tarixinin 7 bəlası olduğunu bildirmisiniz. Hansılardır onlar?

7 rəqəmi şərtidir, 8, yaxud 9 bəla da ola bilər. Fikrimcə, ən əsası 7 bəlaldır:

Birincisi tarixçiliyin ifrat şəkildə ideologiyalaşması, ya da hakim ideologiyaya tabe edilməsi.

İkincisi, ifrat şəkildə siyasiləşdirilməsi.

Üçüncüsü tarixçiliyin ifrat formada coğrafiyaya bağlı olması.

Dördüncü, tarix elmimizin fokusa sahib olmaması və digər bəlaları da var.

Bunların ən əsası ideologiyadır. Bəlkə də, sovet dövrünün rus tarixçiliyi üçün bunlar o qədər önəmli deyildi. Ancaq qeyri-rusların tarixşünaslığı üçün hakim siniflərin və hökmdarların şəxsiyyətinə baxsaq, hamısı mənfi işarəli verilib. Məsələn, rus tarixşünaslığında Pyotr “Böyük Pyotr” adlandırılıb, elə Aleksandr Nevski də elə. Azərbaycan sovet tarixçiliyində bir nəfər belə müsbət hökmdar yox idi. Bir istisna vardı, o da Şah İsmayıl Xətai idi. Bu, artıq başqa mövzudur.

Azərbaycan tarixşünaslığında ən çox mübahisə doğuran əzəlçilik və etnogeniz probleminin yenə də diskussiyaya çevrilməsinə ehtiyac varmı?

Bu, bizim tarixçiliyin ən həssas məsələlərindən biridir. Əzəlçilik, elmi dildə “primordializm” adlanır. Yəni qədim tarixə bağlılıq. Məsələn, Sovet dövründə Moskvadan göstəriş gəlmişdi ki, ermənilər bölgənin ən qədim xalqı sayılır, digərləri isə gəlmə…

Eyni zamanda, gürcülər və biz də?

Gürcülər nisbətən, azərbaycanlılar isə gəlmə və hətta dövləti olmayan köçəri xalq hesab olunurdular. Həm də gəlmə məsələsi tarixsevərlərin və ümumiyyətlə, vətəndaşların ən yaralı yeri idi. O səviyyəyə qədər gətirib çıxartdılar ki, insanlar öz tarixlərindən utanmağa başladı. Bu haqda mənim tələbələrim də: “Müəllim, biz bura gəlməyik də” – deyə, söyləyirdilər. Mən də cavab verirdim ki, ermənilər də, farslar da, gürcülər də gəlmədir. Ümumiyyətlə, dünyada elə bir xalq yoxdur ki, bu gün yaşadığı ərazidə 3-5 min əvvəldən yaşamış olsun.

Yəni avtoxton mübahisələrinə son qoymaq lazımdır?

Əlbəttə. Azərbaycan artıq müstəqildir və xüsusən, bu dövrdə Moskvadan idarə olunmayan bir tarixçilik ifrat əzəlçiliyə son qoymalıdır. Şübhəsiz ki, biz qədim tariximizi ortalığa qoymalıyıq. Bir zamanlar hörmətli tarixçimiz Süleyman Əliyarlı deyirdi ki, təbii dərinləşdirmə metodu olmalıdır. Yəni süni şəkildə qədim tarix yaratmağa ehtiyac yoxdur və bunun heç kəsə xeyri olmur. Gəlmə məsələsi də psixolojimizə pis təsir edən amillərdən idi. Tariximizdə oğuz köçü XI əsrdə olub, amma bunun əsl adı heç köç də deyildi. Bu, türklərin tarixdə dünyaya ikinci dəfə yayılmasıdır. Dünyada bir neçə xalq fiziki və kültür varlığını geniş coğrafiyaya daşıyıb. Bu, ərəblərdə, ispanlarda, portuqallarda, çinlilərdə olub…

Yəhudilərdə də?

Yox, onlarda olmadı, onlar çox yayıldı, amma geri çəkilmək məcburiyyətində qaldılar. 7 millət dünyaya yayılıb ki, onlardan biri türklərdir. Yəni bu yayılmanın özü sağlam passionar enerjinin varlığına dəlalət edən bir məsələdir. Bundan utanmaq yox, o dönəmin türk tarixi ilə qürur duymaq lazımdır.

Bəs qonşularımızda əzəlçilik məsələsi necə qoyulur?

Onlarda Moskvanın təhrikiylə qədimçiliyə meyl vardı. Amma xaricdə yaşayan erməni alimləri bu məsələni gülüş obyektinə çevirirdi. Məsələn, Los-Ancelesdə yaşayan erməni tarixçi Riçard Hovanesyan Ermənistanda yaşayan tarixçiləri ələ salırdı. Deyirdi, erməni tarixçilər az qalırlar desinlər ki, emənilər meymundan yaranıb. Əzəlçilik məsələsinin tarixçilikdə və beynəlxalq münasibətlərdə əhəmiyyəti yoxdur. Bəzi vətəndaşlarımız düşünür ki, biz bu regiona ermənilərdən gec gəldiyimizi iddia etsək, onlar azərbaycanlılara burda yaşamaq haqqı tanımazlar. Elə bir şey yoxdur və dünya da bunu ciddi qəbul etmir. Bu məsələ eyni zamanda, farslara da aiddir. Qədim farslar regiona gələndə, Əhəmənilər dövründən əvvəl çox zəngin mədəniyyət olub, söhbət Elam mədəniyyətindən gedir. Onlar da Elam mədəniyyətinin üstündə dövlət qurublar. Elam dili də iltisaqi dillərdən biridir, yəni fars dil qrupuna daxil deyil.

Yenidən tarixşünaslığımızın dediyiniz 7 bəlasına qayıdaq, nədən yarandı bunlar, yenə siyasətə gedib çıxır?

Əlbəttə. Özəlliklə avtoritar rejimlərdə ideologiyanın əsasını təşkil edən məsələlərdən biri tarixşünaslıqdır. Biz onun ideolgiya tərəfini açdıq, bir də siyasi tərəfi var. Məsələn, ötən əsrin 60 və 80-ci illərində çap olunan 3 və 7 cildlik “Azərbaycan tarixi” kitablarında Rusiya xilaskar kimi verilir. Halbuki Azərbaycan üçün xilaskar söhbəti olmayıb, əksinə, Rusiya işğalçıydı. Yaxud deyilirdi ki, XIX əsrin əvvəllərində Azərbaycan 3 alternativ yoldan ən doğrusunu seçdi, yəni geridə qalmış feodal İran və Türkiyəni yox, daha yüksək inkişaf səviyyəsində olan Rusiyanı seçdi. Bu, ifrat dərəcədə siyasiləşmədir. Eyni zamanda, qəhrəmanlara yanaşma, nədən qubalı Fətəli xan qəhrəman oldu? Onun xidməti nədir? Sovet illərində ən çox vəsf olunan qəhrəmanlardan biridir. Səbəb Rusiya qoşunlarını dəvət etməsidir. Ancaq onun oğlu Şeyx Əli xan atasından fərqli olaraq 1822-ci ilədəkəlində silah rus işğalına qarşı müqavimət göstərib. Belə bir adamın rəsmi tarixçilikdə yeri yoxdur. Hətta müstəqilliyimizin 30-cu ilində də dərs kitablarında Şeyx Əli xan barəsində heç nə deyilmir.

Gözdən qaçırmayın:  Azərbaycanda sərhəd pozuntuları: bir ayda 38 nəfər saxlanılıb

Nəsib bəy, sizi daha çox tariximizə etnik baxışdan yanaşmada suçlayırlar, əsas varmı?

Bu ittihamın əsası yoxdur. Çünki “English history” deyirlər, əlbəttə ki, “History of England” da var, yəni ingilis, fransız, alman, rus tarixi. Yaxud sovet dövründən indiyədək olan erməni tarixi və ya erməni xalqının tarixi. Ancaq bizdə Azərbaycan xalqının tarixi yox, eləcə Azərbaycan tarixi yazırlar. Coğrafiyanın tarixi bizim tariximizin təhrif etmək yollarından biridir. Halbuki bütün tarixlər ərazidə yaşayan xalqın tarixini əks etdirməlidir, nəinki meşənin, çayın, dağın, yəni coğrafiyanın. Bir də önəmli məsələlərdən biri dünyada mütəhərrik xalqlar var, bütün xalqlar mütəhərrikdir. Amma ən çox hərəkətdə olan xalqlardan biri türklərdir. Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri daxilindən xaricə çıxmadan bu tarixi izah etmək mümkün deyil. Coğrafiyaya söykənən tarix bizim ən naqis məsələlərimizdən biridir. Həmçinin millətin millət olmasının şərtlərindən biri də doğru, inandırıcı və keçmişindən dərs almaq imkanı verə bilən tarixşünaslığın olmasıdır. Millət haqqında onlarla tərif var. Nə qədər dövlət varsa, o qədər də millət tərifi var. Hər dövlət və xalq öz şərtlərinə uyğun olaraq tərifini müəyyən edir. Elmi təriflərdən biri budur ki, keçmişi haqqında paylaşılan ortaq dəyərlərə sahib olan xalq – millətdir. Yəni az-çox dərəcədə hamı üçün ortaq bir dəyər olan tarix şüurunun olmasıdır. Digər tərəfi də odur ki, o da gələcək haqqında paylaşılan ortaq konseptlərin və baxışların olmasıdır. Beləliklə, birincisi keçmiş haqqında ortaq dəyərdir. Əgər bu, yoxdursa, millət də yoxdur.

Azərbaycanda müxtəlif xalqlar var: ləzgi, talış, erməni, rus, kürd və digərləri. Siz onların hamısının azərbaycanlı adlandırılmasının tərəfdarı deyilsiz?

Artıq Azərbaycan xalqı ifadəsi də var və bu, oturuşub. Gürcüstan xalqı deyildiyi kimi eyni zamanda, gürcü milləti də var. Azərbaycanda bir türk milləti də var və bunun yanında talış xalqı da var, ləzgi, rus və digərləri də. Bunlar hamısı Azərbaycan xalqı ifadəsinə daxildir. Məncə, bu məsələdə mübahisəli bir şey yoxdur. Say baxımından etnik çoxluğun güclü olması, tarix və milli şüura sahiblənməsi digər xalqların ziyanına yox, əksinə, xeyrinədir. Çünki etnik çoxluq nə qədər şüurlu olarsa, həmin məmləkət özünüqoruma imkanına daha artıq dərəcədə sahib olar.

 Azərbaycan tarixinə təkan verən iki şəxs – Axundov-Zərdabi tandemində hansına üstünlük verərdiniz? Bir çoxları hər şeyin, yəni təkanın Axundovla başladığını deyir. Siz nə düşünürsünüz?

Şübhəsiz, Mirzə Fətəli Axundovun Azərbaycanda modernizmin inkişafında müstəsna rolu var, amma ondan əvvəl Bakıxanovu da deyərdim. Bakıxanov peşəkar tarixçiliyin (klassik mirzə tarixçiliyi yox, mənbələrə əsaslanan tarixçilik) əsasını qoyub. Niyə onu götürməyək? Məsələ ondadır ki, Axundov türklüyə çox soyuq yanaşan, hətta bəzi məsələlərdə düşmən münasibətdə olan adamdır. “Kamalüdövlə məktubları”nı oxumaq kifayətdir. Digər yazılarında da bu münasibət görünür. İslamla bağlı Axundovun fikirləri bərbaddır. Yəni sıradan bir vətəndaşı çox narahat edən məsələdir, o, öləndə dəfninə bir müsəlman da getməyib.

Bəlkə, xurafatın əleyhinə olmasından irəli gəlirdi?

Xurafat başqa bir şeydir, Axundov ümumiyyətlə, İslamın, dinin əleyhinə idi.

Ancaq 2 əsr əvvəl xurafatçılıq elə bir səviyyədəydi ki, Axundov fikirlərini o şəkildə ifadə edə bilərdimi?

İfadə önəmli məsələdir. Ancaq bəzən həqiqəti deyəndə belə ifadə tərzində ifrata varanda məqsədini tam aça bilmirsən. Tam tərsinə olur.

Bəs Zərdabi?

Zərdabi mükəmməl və yeni bir nəslin, yeni bir cərəyanın başında dayanan şəxsiyyətdir. Zərdabi həm türkçüdür, həm milliyyətçidir, həm də müasirdir. Eyni zamanda, mənəvi-əxlaqi dəyərləri də rədd etməyən şəxs olub, ümumiyyətlə, Zərdabi özü üçün yaşamırdı. Nəhayət, bizim bayrağımızda əksini tapan, Əli bəy Hüseynzadə tərəfindən formula olunan yanaşma rəhmətlik Həsən bəy Zərdabinin həyatında özünü göstərib. Ona görə Zərdabi təkcə jurnalistikanın, qəzetçiliyin banisi deyil, o, milli fikrin başında dayanan şəxsdir.

Söhbətimizin yekununda rus jurnalisti Mixail Zıqarın bir fikrini xatırlatmaq istərdim. Zıqar yazır ki, mən tariximi sevirəm, onu öyrənməliyəm, ancaq ondan asılı qalmaq istəmirəm. Sizə elə gəmir ki, biz də, ruslar da, ermənilər də gələcəyə hədəflənmək əvəzinə, tarixdən asılı qalmışıq?

Doğru müşahidədir, çünki tarixçilik o qədər təhrif olunub ki, insanlar yeni tarix əsərləri axtarır. Eyni zamanda, sovet dövründə tarix elmi o qədər bərbad vəziyyətə salınıb ki, onun təsiri altına düşüb. Amerikalı alim Hoffin deyirdi ki, insan keçmişini nə qədər yaxşı bilirsə, onun o ölçüdə daha az köləsi, qulu olur. Amerikada, İngiltərədə və digər ölkələrdə tarix şüuru ilə bağlı bəzi proqramlarda iştirak etmişəm. Həqiqətən bizim rəsmi tarixçilikdən dilə gətirdiyiniz asılılığı Qərb ölkələrində görə bilməzsiniz. Məsələn, siz bir qəhrəmanı sevib onun filan xalqın tarixində çox böyük rol oynadığını deyə bilərsiniz. O zaman sorğulamayla qarşılacaqsınız. Çünki “həmin qəhrəman nə yaratdı və nə qaldı?” – sualını verəcəklər. Əgər dəlilləri gətirə bilmirsinizsə, qəhrəman havadan asılı qalır. Ona görə tarixi bilmək, ondan dərs almaq lazımdır. Tarix Məlikməmməd nağılı deyil, ciddi elmdir. Məsələ ondadır ki, keçmişindən dərs almayan bir xalqın özünü dərk etməsi də mümkün deyil. İbrət dərsi tarixdən alınır, özü də obyektiv tarixdən.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button