2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Prokuror Əli Əliyevə 4 il iş istədi

Partiya sədri hakimə: “Sizə hazır yazılıb verilmiş hökmü oxuyacaqsız”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev haqqında son 1 il ərzində başlanmış 4-cü cinayət işinin sonuncusu üzrə məhkəmə istintaqı yekunlaşıb. Söhbət Əli Əliyevin həbsdə olduğu halda – Bakı İstintaq Təcridxanasında kamera yoldaşını vurub xəsarət yetirməsi iddiasıyla başlanmış cinayət işindən gedir. Bu cinayət işinə təxminən 1 ay idi ki, Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyilə baxılırdı.

Noyabrın 22-də hakim məhkəmə istintaqının yekunlaşdığını və çıxışlar mərhələsinin başlandığını elan edib. Bundan sonra çıxış edən prokuror deyib ki, Əli Əliyevə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma – ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə verilən ittiham məhkəmədə sübuta yetirilib. Prokurorun sözlərinə görə, zərərçəkmiş qismində tanınan Zabit Nəzərov, şahidlər öz ifadələrilə, başqa sübutlarla VİP sədrinin kamera yoldaşını döyüb, ona xəsarət yetirdiyini təsdiqləyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Prokuror Əli Əliyevə bu əmələ görə 3 il 11 ay azadlıqdan məhrumetmə cəzası verilməsini, onun əvvəlki hökmdən qalmış iki aya yaxın cəzası da nəzərə alınmaqla, üzərində 4 il cəza müddəti saxlanmasını təklif edib.

Cəza müddətinin isə Əli Əliyev hələ birinci hökmlə həbs olunduğu gündən – 13 yanvar 2022-ci ildən hesablanmasını istəyib.

Prokurordan əvvəl vəkillər Şəhla Hümbətova və Toğrul Babayev isə bir neçə vəsatət qaldıraraq, bu cinayət işində saxta sübutlardan istifadə olunduğunu vurğulayıblar.

“Zəhərli ağacın meyvələri də zəhərli olar” – vəkil Şəhla Hümbətova cinayət işinin də, istifadə olunan sübutların da bir-birinə uyğun olduğunu söyləyib. Onun sözlərinə görə, hadisə yerinə baxış protokolundan görünür ki, zərərçəkmiş vurulandan sonra onun baş nahiyəsinə qoyulmuş əski parçası hadisə yerindən tapılıb.

Amma şahid ifadələrinə görə, zərərçəkmiş təcridxananın tibbi-sanitar hissəsinə başında əski ilə gedib:

“İndi bunların hansı düzdür?”

Vəkillər onu da bildirib ki, Əli Əliyev haqqında bu iş başlanan gün səhər saatlarında müstəntiq təcridxanaya gəlib və gözləyib:

“Müstəntiq hardan bilirdi ki, belə bir hadisə baş verəcək, səhər tezdən gəlib oranı kəsdirmişdi? Deməli, əvvəldən qurulmuş ssenari idi. Müstəntiqin ora nə vaxt gəlib-getməsini təcridxanaya giriş-çıxışla bağlı qeydiyyat kitabından da bilmək olar”.

Vəkillər bir sıra sənədlərin, şahid ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib. Müdafiəçilər bildirib ki, şahid ifadələri bir-birinin köçürməsidir, bu da onların şübhə altına alınması üçün əsasdır.
Lakin hakim vəsatətlərin heç birini təmin etməyib.

Əli Əliyev hakim Anar Rzayevin vəsatətləri təmin etməməsinə belə münasibət bildirib:

“Onsuz da siz özünüzü hakim kimi aparmırsınız. Sizə hazır yazılıb verilmiş hökmü oxuyacaqsız. Hökm də hazırdır. Gəlib oxuyun, bizim də vaxtımızı almayın”.

Prokurordan sonra çıxış edən zərərçəkmiş Zabit Nəzərov Əli Əliyevdən şikayətçi olduğunu, onun cəzalandırılmasını istədiyini bildirib.

Əli Əliyev özünü təqsirli bilmir. VİP sədri bu ittihamın saxta olduğunu, onun həbsdə saxlanma müddətini artırmaq üçün quraşdırıldığını bildirib.

Əli Əliyev deyib ki, xəsarət yetirdiyi iddia olunan şəxs 6 aydan çoxdur onunla eyni kamerada qalır, hətta onun çörəyindən yeyirdi.

Rəhbərlik etdiyi Vətəndaş və İnkişaf Partiyası da Əli Əliyevə qarşı bu ittihamın əsassız olduğunu bəyan edib. İddia olunur ki, partiya sədri əfv diləmək, peşmanlığını dilə gətirmək haqda qarşısına qoyulan şərtlə razılaşmadığına görə onun haqqında yenidən saxta cinayət işi başlanıb.

2022-ci ilin yanvarından iyununa qədər Əli Əliyevə üç dəfə hökm oxunub. VİP sədri birinci dəfə yanvarın 13-də Yasamal Rayon Məhkəməsinin hökmüylə məhkum edilib. Ona Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib. Bir müddət sonra DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.

Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib. Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.

“Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə, alətdi. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”, – Əli Əliyev bildirib.

Bu il iyunun 23-də isə cəzası daha 6 ay uzadılıb. Budəfəki hökm Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.

Ramiz Göyüşovun 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə intim videosu yayılandan sonra o, YAP-dan kənarlaşdırılıb.

Ramiz Göyüşov iddia ərizəsində partiya sədrinin “Bumerang” internet televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini iddia edib. O, xüsusən VİP sədrinin onun haqqında işlətdiyi “mastrubant” ifadəsini özünə təhqir hesab edir.

Əli Əliyev son sözündə deyib ki, bu ifadə tibbi termindir, təhqir sayıla bilməz.
Buna baxmayaraq, məhkəmə VİP sədrini təqsirli bilib və həbsdə saxlanma müddəti 2023-cü ilin yanvarına qədər uzadılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button