Prokuror baş redaktor Anar Məmmədova cəza istədi - 24 saat xəbərlər
Now Reading:
Prokuror baş redaktor Anar Məmmədova cəza istədi
Full Article 2 minutes read

Prokuror baş redaktor Anar Məmmədova cəza istədi

Anar Məmmədovla bağlı məhkəmə istintaqı yekunlaşıb

Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. O, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və ondan sonra baş verənlər haqda iki yazıya görə dövlət əleyhinə çağırışlarda ittiham olunur.

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə keçirilən məhkəmə iclasında jurnalistin vəkili Elçin Sadıqov vəsatət qaldırıb: “Təhsil Nazirliyinə sorğu göndərilsin. Müəyyənləşdirilsin ki, yazılara ekspert kimi rəy vermiş, orada dövlət əleyhinə çağırışlar olduğunu iddia edən Bəxtiyar Əliyevin təhsili nədir? O, hansı peşənin sahibidir?”

“Rəy vermək üçün onun politoloji təhsili olmalıdır, amma yoxdur. Əgər nazirlikdən cavab alınsa, sübut olunacaq ki, xüsusi təhsili və biliyi olmadığı halda, rəy verib. O məntiqlə mən də rəy verə bilərəm”, – deyə vəkil bildirib.

Ötən məhkəmə iclasında hakim bildirmişdi ki, Anar Məmmədov jurnalist deyil, blogerdir. Vəkil bunun əksini sübut etmək məqsədilə onun vaxtilə ANS-də və “Azəri Press” agentliyində işlədiyini, beynəlxalq jurnalistika ixtisası üzrə təhsil aldığını təsdiqləyən sənədləri məhkəməyə təqdim edib.

Hakimlər sənədləri qəbul etsələr də, Təhsil Nazirliyinə sorğu göndərilməsi barədə vəsatəti təmin etməyiblər.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan olunub və prokuror çıxış edib.

Prokuror bildirib ki, A.Məmmədova irəli sürülən ittihamlar məhkəmə istintaqı zamanı şahid ifadələri, ekspertiza rəylərilə sübuta yetirilib. Dövlət ittihamçısı A.Məmmədovun 2 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq qadağasıyla, 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib, O, çıxışında bu cəzanın iki il sınaq müddəti təyin edilməklə, şərti hesab . olunmasını təklif edib.

Jurnalistin vəkili Elçin Sadıqov müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi martın 15-nə qədər təxirə salınıb.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.