SEÇMƏ

Prokuror MTN-çilərə iş istədi: General rütbəsi alınsın, əmlakı müsadirə edilsin…

Yayımlandı: 28 Sentyabr 2022 12:10

Hazırda “Azərsu”da məxfi şöbənin rəisi olan keçmiş MTN-çinin işinə xitam verilməsi istənildi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Nizami Şirinov və nazirlikdə onun tabeliyində işləmiş Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun işi üzrə məhkəmə araşdırmaları yekunlaşıb. Sentyabrın 28-də Bakı Hərbi Məhkəməsində prokuror çıxış edərək, sabiq MTN-çilərə cəza istəyib.

Prokuror təklif edib ki, Nizami Şirinov 12 il azadlıqdan məhrum edilsin, onun general rütbəsi alınsın, özünün və yaxınlarının adına olan, istintaq dövründə üzərinə həbs qoyulmuş əmlaklar müsadirə olunsun.

Digər təqsirləndirilən şəxslərdən Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin nəzdindəki idarənin rəisi olmuş Elcan Abdullayev və əməliyyat müvəkkili Nadir Nəzirovun hər birinə 11 il həbs cəzası verilməsini istəyib. Daha bir sabiq idarə rəisi Elman Tahirovun barəsindəki cinayət işinə isə prokuror xitam verilməsini təklif edib. O bildirib ki, Elman Tahirova verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib.
Elman Tahirov hazırda “Azərsu”da məxfi şöbənin rəisidir.

General Nizami Şirinov istisna olmaqla, digər təqsirləndirilən şəxslər həbsdə deyil. Prokuror Elcan Abdullayev və Nadir Nəzirovun məhkəmə zalından həbs olunmasını istəyib.

Adları çəkilən şəxslərin işinə bir ildir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyilə baxılır. Növbəti məhkəmə iclasında vəkillər çıxış edəcək, sabiq MTN-çilər son sözlərini deyəcək.
General və tabeliyində işləmiş sabiq idarə rəisləri müxtəlif adamları zorakılığa məruz qalacaqları, barələrində rüsvayedici məlumatların yayılacağı ilə hədələyib, onların külli miqdarda pulunu almaqda, cinayət yoluyla əldə edilən əmlakların leqallaşdırılmasında ittiham olunur.

Amma onlar məhkəmədə ittihama münasibət bildirərkən deyiblər ki, özlərini təqsirli bilmirlər.
Onların zorakılıqla pul və əmlaklarını ələ keçirdikləri iddia olunan şəxslər arasında Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov da var. O, məhkəmədə ifadə verərkən bildirib ki, uzun müddət polkovnik rütbəsində Müdafiə Nazirliyində çalışıb, 2009-cu ildən 2013-cü ilə qədər Ali Hərbi Məktəbinin rəisi olub. Onun sözlərinə görə, 2007-ci ildə MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilib:

“Orada məni şantaj elədilər ki, haqqımda cinayət işi acacaqlar, məni həbs edəcəklər. Məndən 275 min dollar bir, 25 min dollar bir aldılar. Bununla da kifayətlənmədilər. Daha sonra 15 min dollar verməyə məcbur elədilər. Məndən cəmi 315 min dollar pul alınıb”.

Mirzəli Yusifovun sözlərinə görə, 2013-cü ildə Ali Hərbi Məktəbin rəisi vəzifəsindən azad olunub. Bundan sonra onu yenidən Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə çağırıblar:

Gözdən qaçırmayın:  Müdafiə Nazirliyinin daha bir xidmət rəisi həbs olunub

“Orada məni döydülər, qulaqlarımın pərdəsi deşildi. Həmin vaxtı Elcan Abdullayev və Nadir Nəzirov orada iştirak edib. 300 min dollar pul istəyirdilər, bir də o dövrdə Müdafiə naziri olan Səfər Əbiyevin əlehinə ifadə. Mən imtina elədim. Mənə dedilər ki, razılaşmırsansa, səni də tutacağıq, Səfər Əbiyevlə eyni kamerada olacaqsan. O biri kamerada isə Məmməd Beydullayev, Şahin Sultanov olacaq. Mən yenə qəti şəkildə imtina etdim. Söz verdilər ki, səni tutduracağıq. Elə də oldu, rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay həbs cəzası çəkmişəm”.

Nizami Şirinov 2021-ci ilin aprelində daha bir MTN – nazirliyin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevlə birlikdə həbs olunmuşdu. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev haqqında hökm çıxarılıb. O, 12 il azadlıqdan məhrum edilib, general rütbəsi alınıb, özünün və ailə üzvlərinin əmlakları müsadirə edilib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button