Xəbərlər

Putin Əliyevə zəng edib

Telefon danışığı əsnasında dövlət başçıları iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Noyabrın 17-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı əsnasında dövlət başçıları iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Hökumət başçıları da görüşüb

Bundan başqa noyabrın 17-də Bakıda Azərbaycan baş naziri Əli Əsədovun Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustinlə görüşü olub.

Azərbaycan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli iqtisadi əlaqələrin durmadan inkişaf etməsi xüsusi vurğulanıb:

“Diqqətə çatdırılıb ki, cari ilin 10 ayı ərzində qarşılıqlı ticarətin həcmi təqribən 20 faiz artıb və 3 milyard dollara yaxın olub”.

Nazirlər Kabinetinin bildirməsinə görə, görüşdə həmçinin investisiya əməkdaşlığını daha da inkişaf etdirməyin vacibliyi söylənib:

“Bununla əlaqədar iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılmasında, əməkdaşlığın inkişafında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının fəal rolu xüsusi qeyd edilib”.

Məlumata görə, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın davamlı inkişafı ilə bağlı vurğulanıb ki, bu ilin əvvəlindən Azərbaycan ilə Rusiya arasında yükdaşımaların ümumi həcmi təqribən 22 faiz artıb.

Azərbaycandan keçən nəqliyyat dəhlizləri vasitəsilə Rusiya yüklərinin tranzit daşınmasının əhəmiyyətli dərəcədə artması da qeyd edilib. Habelə, bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında bu artım 98 faizə bərabər olub.

Açıqlamaya görə, tərəflər qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə səyləri daha da artırmaq əzmində olduqlarını bildiriblər.

Görüşün yekunlarına əsasən bir sıra sənədlərin imzalandığı açıqlanıb.

Amma sənədlərlə bağlı detallı bilgilər verilməyib.

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın 17-də Azərbaycana gəlib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Ağdam və Xocalıda vəziyyətin yenidən gərginləşdiyi xəbər verilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button