2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Putin məngənədə: müharibə qaçılmazdır…  – 24 saat

Müəllif: Seymur Həzi

İndependent (türkcə) yazır ki, NATO baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik şurasında danışarkən deyib ki, Rusiyanı daha bir diplomatik dialoqa çağırıb. O, Kremlin baş diplomatı Sergey Lavrova bununla bağlı məktub yazıb. Stoltenberq deyib ki, Rusiya Ukraynanı işğal etmək üçün bəhanə axtarır. NATO baş katibi başqa bir maraqlı məlumat da verib. Onun sözlərinə görə, soyuq savaşdan bəri Avropada ilk dəfədir ki, bu qədər əsgər döyüş hazırlığına gətirilib. Dünyanın bir nömrəli hərbi alyansının liderinin açıqlamasından görünür ki, vəziyyət heç də təxminlərdə olduğu kimi çoxkombinasiyalı deyil. Zaman keçdikcə böhranın aradan qalxması üzrə addımların sayı azalır. Səbəb isə həm gərginliyin artması, həm də tərəflərin prosesə ölüm-dirim savaşı kimi yanaşmasıdır. 

Bəs, əslində necədir? Bu, doğrudanmı bir ölüm-dirim savaşdır və kimin üçün? 

 Rusiya öz böhranını yaşayır 

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna ətrafında baş verənlər mahiyyətcə Putin hakimiyyətinin siyasi legitimlik böhranıdır. Heç zaman hüquqi legitimliyə söykənməyən rus siyasi elitası həmişə işğal-qənimətə dayanan imperialist siyasi legitimliyə əsaslanıb. Çarlar, Kommunist Partiyasının liderləri, müstəqil Rusiyanın başçıları həmişə bu sınaqlarla üzləşiblər. Məsələn, sovet qoşunlarını  Əfqanistandan çıxaran Qorbaçov Karib böhranını yaradan Xruşşovdan daha maymaq biri kimi xatırlanır. Demokrat Yeltsin heç kimə hücum etmədiyi üçün “az qala Rusiyanı dağıdacaqdı” kimi fikirlərlə xatırlanır. Putin isə daha dəhşətli məngənənin dəmir qolları arasında sıxılır. Onun, özündən əvvəlkilərdən fərqli olaraq, həm ölkədə, həm də dünyada nüfuzu olan rəqibi var. “Navalnının zəhərlənməsi işi” bütün hallarda Putinin bacarmadığı əməliyyat kimi yadda qaldı. Əlbəttə, bu, məhkəmə qaydasında sübut olunmayıb, amma dünya ictimai fikri bu mübahisədə Putinin tərəfində deyil. Putin “tanınmayan dövlətlər birliyi” yaradıb, beynəlxalq hüquqa meydan oxuduğunu göstərir, amma iqtisadi baxımdan itirdikləri onu küncə sıxır. 44 günlük Qarabağ müharibəsində dünyaya satdığı hərbi texnika və sursatın etibardan düşməsi isə onun hərbi qüdrətini şübhə altına aldı. Ukrayna Türkiyədən “Bayraktar”lar almağa başladı, amma Rusiyada bilirlər ki, NATO bu silahların daha üstün keyfiyyətlisinə malikdir. Avropa Birliyi genişlənmə proqramı ölkələri bir-bir öz sərhədinə almaqla, hərbi mühasirəni inzibati-siyasi yolla bərkidir. Bu mənzərə Rusiya hakim elitasında sonun  başlanğıcının  görsənişidir. Çünki üfüqdə heç bir parlaq gələcək yoxdur. 

  1. Demokratiya yoxdur
  2. İqtisadi azadlıq və sosial rifah yoxdur 
  3. İmperialist siyasətin gələcəyi yoxdur 
  4. Putinin xalqın problemləri və arzuları ilə heç bir əlaqəsi yoxdur  

Bu zaman müharibə qaçılmazdır. Vaxtılə Yapon müharibəsindən öncə Çarın dediyi “bizə xırda bir hərbi qələbə lazımdır” tezisi, əvvəlkini olduğu kimi, Putini də sona doğru aparır. Çünki bütün hallarda, bu, dünyaya və onun yeni düzəninə qarşı savaşdır. Putin çox aydın bilir ki, sistemin sonudur. O, sadəcə, özü yıxılmaq istəmir. Onun şəxsi eqosu bütün Rusiyanın mənafeyindən çox uca olduğu üçün xalqı dünya ilə bir savaşa çəkib, dünyaya qarşı döyüşdüyünü göstərmək istəyir. 

Qərb üçün geriyə yol 

NATO baş katibinin yuxarıda xatırlatdığım sitatlarına ABŞ prezidenti Baydenin “Rusiya Ukraynaya müdaxilə etsə, biz hər şeyi edəcəyik” bəyanını əlavə etsək, görərik ki, söhbət Qərb blokunun strateji olaraq geri çəkilməsindən getmir. Alyansda dəqiq qənaət var ki, əsəbi şəraitdə zamanın uzanması Rusiyanı taqətdən kəsir. İqtisadi baxımdan aldığı zərbələr öz yerində, sosial-psixoloji baxımdan da Kreml hər keçən gün zəifləyir. Bu isə Qərb blokuna zamandan düzgün yararlanmağa imkan verir. Bütün hallarda, hərbi müdaxilə Rusiya üçün çətin vəziyyət yaradacaq, amma savaşmadan məğlub olmağın fəsadları daha uzunömürlü olacaq.  

24 saat” “Putin məngənədə: müharibə qaçılmazdır…  – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button