Putin Rusiyanın dünya mədəniyyətindən imtina etməyəcəyini deyir

Yayımlandı: 27 Yanvar 2023 17:30
“Qoy, Qərb ölkələri Çaykovskisiz, Dostoyevskisiz, Tolstoysuz yaşasın, amma…”
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlardan sonra Qərbin rus mədəniyyətini ləğv etməsindən danışıb.
O deyib ki, Rusiya heç bir halda dünya klassiklərindən imtina etməyəcək.
“Qoy, Qərb ölkələri Çaykovskisiz, Dostoyevskisiz, Tolstoysuz yaşasın. Amma biz alman bəstəkarları Baxdan, Bethovendən, yaxud da amerikalı yazıçı O.Henridən imtina etməyəcəyik”, – Putin bildirib.
2022-ci il fevralın 24-də Rusiya Ukrayanada hərbi əməliyyatlara başlayıb.
Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar mədəniyyətdən də yan keçməyib.
Milan-Bicocca Universitetində rus yazıçısı Fyodor Dostoyevski ilə bağlı mühazirənin ləğvinə cəhd, həmçinin İtaliyada yaşayan rus yazıçısı Nikolay Lilinə qarşı sosial şəbəkələrdə hücumlar olub.
Avropa Yayım Birliyi Rusiyanı “Eurovision-2022” beynəlxalq mahnı müsabiqəsindən kənarlaşdırıb.
Ötən il Rusiya nümayəndə heyəti Beynəlxalq Kann Film Festivalına buraxılmayıb.
Amerika kinostudiyaları da Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada filmlərin yayımını ləğv edib.
Amerikanın Metropoliten-opera teatrı opera ifaçısı Anna Netrebkonu, “La Skala” opera teatrı isə Rusiya Xalq artisti, dirijor Valeri Gergiyevi səhnədən uzaqlaşdırıb.
Putin Qərbdə rus mədəniyyətinin ləğvini nasist Almaniyasındakı hadisələrlə müqayisə edib.