2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

‘Putinin aşpazı’nın yüksəlişi. Priqojin sözünü birbaşa prezidentə deyir

“Concord Catering and Management” adlı Sankt-Peterburq şirkətinin oktyabrın 31-də yaydığı mətbuat açıqlamasında deyilir: “Rusiyanın ikinci ən böyük şəhərinin seçilmiş başçısı fırıldaqçıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Şirkətin Baş Prokurorluğa xitabən yaydığı açıqlamada deyilir ki, prokurorluq “qubernator Beqlovun dövlət büdcəsini mənimsəmək və ətrafındakı rüşvətxor məmurları zənginləşdirmək məqsədilə Sankt-Peterburq ərazisində mütəşəkkil cinayətkar dəstə yaratması faktını araşdırmalıdır”.

AzadlıqRadiosunun əməkdaşı Mayk Ekel yazır ki, Rusiyada siyasətlə biznesin daim kəsişdiyini nəzərə alsaq, buna fikir verməmək də olardı. Ancaq bu dəfə seçilmiş dövlət rəsmisinə hücum edən biznesmen, bütün varidatını Kremllə keyterinq kontraktlarına borclu olan və “Vaqner” özəl hərbi şirkətinin və “trol fabrikinin” sahibi kimi tanınan Yevgeni Priqojindir.

Priqojinin Beqlovla konfliktinin tarixçəsi bir neçə il əvvələ gedib çıxır. Ancaq bu sonuncu hücum Priqojinin, xüsusən də Ukraynadakı müharibə kontekstində, Rusiya siyasətində diqqət mərkəzinə çıxması ilə eyni vaxta təsadüf edir.

Rusiya qanunlarına görə hazırda silahlı qüvvələri tənqid etmək, “gözdən salmaq” və ya özəl muzdlu şirkətlər işlətmək qadağandır. Ancaq Priqojin həm aylardır ki, ölkə komandanlığının işğala münasibətini tənqid edir, həm də illərdir “Vaqner” qrupuna rəhbərlik edir.

“Açıq-aşkar görünür ki, Priqojin öz ictimai profilini genişləndirmək üçün əlverişli fürsət tapıb. O, opportunistdən başqa bir şey deyil. Karyerası bunu göstərir. Müharibəni dəstəkləyən istənilən fəaliyyət mükafatlandırıla bilər”, – Vaşinqtondakı “Yeni Amerika” Fondunun tədqiqatçısı və 2019-cu ildə çıxan “Decoding The Wagner Group” (“Vaqner qrupunun deşifrə edilməsi”) hesabatının müəllifi Kəndis Rondo (Candace Rondeaux) deyir.

“O hazırda siyasi güc və nüfuzunun pik nöqtəsindədir. Çünki müharibənin bu fazasının mahiyyəti ona cani dövlətin kapitanı rolunu oynamaq imkanı verir”, – o deyir.

Rusiya siyasəti üzrə ekspert, Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondunun aparıcı tədqiqatçısı Andrey Kolesnikovsa 1910-cu illərdə Rusiyada sonuncu çar ailəsi üzərində nüfuza malik olmuş mistik rahib Qreqori Rasputinlə onun arasında bənzətmə aparıb. “İndi çoxları bu şəxsin prezidentliyə növbəti namizəd, yoxsa siyasətin ən üst qatlarına daxil ola bilən fiqur ola biləcəyi haqda düşünürlər”, – Kolesnikov “Nastoyaşeye Vremya”ya müsahibəsində deyib.

Priqojin karyerasına doğma şəhəri Sankt-Peterburqda restoran və keyterinq işindən başlasa da, onun maliyyə uğurları Kremllə qida xidmətlərinə görə kontraktlar bağlamasından sonra başlayıb. “Concord” sözü bir-biri ilə əlaqəli bir neçə şirkətin adında keçir.

“Vaqner”in mənşəyi barədə dəqiq məlumat olmasa da, rusiyalı jurnalistlər və Rondo kimi tədqiqatçılar şirkətin keçmiş xüsusi xidmət döyüşçülərinin işlətdiyi özəl təhlükəsizlik şirkətləri şəbəkəsindən yarandığını deyirlər.

Qrupun əsgərlərinin 2014-cü ildə Rusiyanın münaqişə ocağı yaratdığı Ukraynanın Donbas bölgəsində vuruşduğu düşünülür.

Kremlin 2015-ci ildə Suriya diktatoru Bəşər əl-Əsəd rejimini qorumaq üçün Suriyaya geniş müdaxiləsindən sonra isə “Vaqner” əsgərlərinin qəddarlığı dünyaya səs saldı. Suriyada onlar diplomatları, neft-qaz müəssisələrini qoruyur və yerli silahlı dəstələrə təlim verirdilər. “Vaqner” muzdlularının Cənubi Afrika Respublikasında (CAR) almaz və qiymətli mineralların hasil edildiyi mədənlərdə işlədiyi də bildirilir.

Rusiyalı jurnalistlər Rusiya hərbi kəşfiyyatının Dmitri Utkin adlı bir keçmiş əməkdaşının “Vaqner”in rəhbəri olduğunu üzə çıxarıblar. Priqojinin “Vaqner” qrupunun sahibi olması isə illərlə açıq sirr olaraq qalıb. Ancaq sentyabrda Priqojin özü “VKontakte” rus sosial media platformasında bu faktı təsdiq edib.

Priqojinin maliyyələşdirdiyi və mənşəyi müəmmalı başqa bir şirkətsə Sankt-Peterburqdakı “İnternet Tədqiqat Agentliyi”dir. “Rusiya trol fabriki” kimi tanınan şirkət “Facebook” və digər sosial media platformalarında saxta hesabların açmaq, dezinformasiya yaymaq və təbliğat üzrə ixtisaslaşır. Şirkətin adı 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə ilə bağlı iddialar kontekstində məşhurlaşıb.

İki il sonra ABŞ məhkəməsi Priqojin, daha 12 Rusiya vətəndaşı və “İnternet Tədqiqat Agentliyinə” qarşı ittiham irəli sürüb. Ötən ilsə FTB Priqojini axtarışda olanlar siyahısına salıb.

Putin Ukraynaya hücum edəndə “Vaqner” muzdluları Rusiya ordusu ilə birlikdə vuruşan bir neçə nizamsız birləşmədən biri idi. “Vaqner” muzdluları Mariupol və Severodonetsk şəhərlərinin işğalında mühüm rol oynayıb. Onların Donetsk bölgəsindəki Baxmut yaşayış məntəqəsinə hazırda davam edən hücuma da qatıldığı bildirilir.

Yay ərzində müharibə rusların istədiyi kimi getməyəndə rus hərbi blogerləri komandanlıqla bağlı narazılıqlarını ifadə etməyə başladılar və Kremli tam səfərbərlik elan etmək, yaxud döyüşə daha çox adam göndərmək istəməməkdə ittiham etdilər.

Sentyabrda Priqojin təşəbbüsü əlinə aldı. “Telegram”da onun bir əyalət həbsxanasında dustaqlara altı ay Ukraynada döyüşmək şərtilə azadlıq vəd etdiyini göstərən video yayıldı.

Putinin işğalçı qoşunların yeni komandiri vəzifəsinə təyin etdiyi general Sergey Surovikin daha öncə Suriyada Rusiya qüvvələrinin komandiri olub. Priqojin onun təyinatını alqışladı. Surovikin təyinatının ardınca dərhal Ukraynadakı mülki obyektlərə raket, təyyarə və dron zərbələri endirməyə başladı.

“Surovikin Priqojinə Priqojin olmaq üçün şərait yaradan adamdır”, – Rondo deyir.

“Novaya Gazeta Europe” yazır ki, Priqojinin Sankt-Peterburqun hazırkı seçilmiş qubernatoru ilə münasibətlərinin pis olması Beqlovun seçki kampaniyasının maliyyələşdirilməsi və Fin körfəzində yaşayış komplekslərinin tikintisi ilə bağlı olub.

Sentyabrda Priqojin Sankt-Peterburqda “Vaqner Tsentr” adlı yeni biznes mərkəzinin açılacağını elan edib.

Priqojinin artan şöhrətini siyasi karyeraya çevirə bilib-bilməyəcəyi, hələlik, bəlli deyil. Ancaq Rondo deyir ki, Priqojin siyasətçi olacaqsa, bu, Moskva və ya hər hansı başqa yerdən yox, yenə Sankt-Peterburqdan başlayacaq.

“O öz statusundan və “Vaqner”lə əlaqəsindən elit çevrələrdəki rəqiblərini tənqid etmək və öz avtoritetini möhkəmləndirmək üçün istifadə edib”, – Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun ötən həftə çıxan hesabatında deyilir.

“The Washington Post” Priqojinin müharibənin gedişatından narazılığını birbaşa Putinə bildirdiyini yazır. Qəzet həmçinin onun Putinlə gizli söhbəti haqda məlumatın ABŞ kəşfiyyat hesabatlarına yol tapdığını da yazır.

“Onların sözü düz gəlmir”, – Kolesnikov “Nastoyaşeye Vremya”ya deyib.

“Priqojin açıq-aşkar güc hərisidir. O çox sərt və xeyli dərəcədə qəddar adamdır. Onun neqativ şeytan xarizması var və bu xarizma Putinin xarizması ilə rəqabət apara bilər. Ancaq o indi Putinə bu sifətdə, bu formada lazımdır. Bu [Priqojinə] get-gedə daha çox güc və bir çox fərqli vəzifələr verir”, – o söyləyir.

24 saat” “
‘Putinin aşpazı’nın yüksəlişi. Priqojin sözünü birbaşa prezidentə deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button