Gündəm

Qəlbi Rusiyada, cismi Azərbaycanda olan Arif Rəhimzadə

Yaxud, bu komandanın bətnindən yalnız anti-Azərbaycan ideyaları doğula bilər

Bu ölkədə çoxdandır ki, xalqın maraqlarına xidmət edən, dövlətin imicinin gücləndirilməsinə yönəlk hər hansı addım müşahidə olunmur. Vəziyyət o həddə çatıb ki, hansısa vəzifəli şəxsin hansısa tədbirdə xalqın müdafiəsinə qalxması, ölkədəki problemlərə işarə etməsi sensasiya kimi görünür. Məsələn, Milli Məclisdə hansısa deputat uzun illərdən sonra bir kəlmə tənqidi çıxış edəndə, kredit faizlərinin çoxluğundan danşanda, məmur özbaşınalığına diqqət çəkəndə həmin deputat günün qəhrəmanına çevrilir, mətbuat onun çıxışını işıqlanıdır. Hətta belə söhbətlər gəzir ki, həmin deputata növbəti dəfə mandat verilməyəcək. Yəni, vəzifəli şəxslərin ölkədəki eybəcərliklər qarşısında susması, yalana əl çalması, şəxsi maraqları dövlət maraqlarından üstün tutması bizi təəccübləndirmir, əksinə bunun əksini müşahidə edəndə şoka düşürük.
Bu mənada Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Arif Rəhimzadənin son müsahibəsi də bizi təəccübləndirmədi. Sadəcə olaraq onun səsləndirdiyi fikirləri şərh etməklə, bir daha real mənzərəni insanların diqqətinə çatdırmaq istəyirik.
Əvvəla qeyd edək ki, Arif Rəhimzadə müstəqilliyin əleyhinə səs vermiş deputatlardandı. Müstəqillik dövründə də “şedevr” açıqlamalarıyla “böyük qardaş”a sədaqətini dəfələrlə nümayiş etdirib.
Bu dəfə isə millətimizin vəkili Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsiylə bağlı sualları cavablandırıb. Arif Rəhimzadəyə Rusiyanın yanlış addımlarıyla bağlı suallar verilsə də, deputat bütün suallara “Rusiya mələkdir” qənaətini formalaşdıracaq suallar verib.
Bəli, ÜAK-ın ləğvini Rusiyanın deyil, Azərbaycanın təqsiri kimi qiymətləndirib. “Rusiyanın anti-Azərbaycan fəaliyyətinə barmaq etməməliyik” nəsihəti verib. Rusiyanın ermənipərəst siyasət yürütməsiylə bağlı sualdan məhəarətlə yayınaraq, bunu danmağa çalışıb. Hətta bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması da məhz Rusiyanın sayəsində mümkün olub.
Bir sözlə, millətə vəkillik etmək missiyası daşıyan bu adamın müsahibəsinə diqqət edəndə, Rusiyanın məsum, Azərbaycna sevdalısı olduğu qənaətinə gəlirik.
Sanki, Xocalı soyqırımından, 20 yanvar faciəsindən, Qarabağın işğalından Rusiyanın xəbəri olmayıb. Sanki, Ermənistanla uzun müddətli hərb müqavilə bağlayan, Ermənistana maddi, siyasi və hərbi dəstək verən Rusiya deyil. Sanki, “bizim regionda ən əsas müttəfiqimiz Ermənistandır” bəyantını verən Rusiya Müdafə Nazirinin müavini deyildi. Sanki, “Qarabağ Azərbaycanın daxili işi deyil” mesajını verən, Rusiyanın xarici işlər naziri olmayıb. Ümumiyyətlə,Ermənistanın 24 ildir torpaqları əsarətdə saxlamasının, sülh danışıqlarının heç bir nəticə verməməsinin, aprel döyüşlərinin dayandırılmasının əsas səbəbkarı Rusiya deyilmi? Azərbaycan hökumətinin bu qədər təzimi qarşılığında, bu qədər sədaqətinə rəğmən Rusiya nəinki bir qarış torpağın qaytarılmasına, heç ÜAK-ın fəaliyyətinin davam etdirilməsinə də töhfə vermədi. O zaman “böyük qardaş” qarşısında bu qədər kiçilməyin mənası nədir? Azərbaycan hökumətinin bu qədər jesti qarşısında, Rusiya Azərbaycana hansı xidməti göstərib? Rusiya prezidenti qondarma erməni soyqırımı abidəsinə əklil qoymadımı? Azərbaycanın düşməni Zori Balayana ən yüksək mükafatı vermədimi?
Arif Rəhimzadənin müsahibəsində iki məqam aydın şəkildə görünür.
Birincisi, Arif Rəhimzadə növbəti dəfə Azərbaycanın deputatı kimi yox, Rusiyanın səfiri, vəkili kim danışır. Açıq şəkildə ÜAK-ın ləğvinə görə Rusiyanı sığallayıb, Azərbaycanı şapalaqlamaq xətti götürür. Yuxarıda da qeyd etdiyimiz kimi təəccüblü heç nə yoxdur. Bu adamlar Rusiyanın ən böyük titullarını daşıyırlar, bütün prinsipial məqamlarda Rusiyanın mənafeyindən çıxış etmək öhdəlikləri var. Əlbəttə ki, Rusiyanın “dostluq” ordenini həvəslə daşıyanlar, ölkəmizə qarşı düşmənçilik siyasətini ört-basdır etməyə çalışacaqlar.
İkinci məqam hakimiyyət daxilindəki parçalanmanı, qeyri-monalitliyi göstərir. Həmin dövrdə ÜAK-ın fəaliyyətinin dayandırılmasına Milli Məclisdə də etirazlar oldu. Siyavuş Novruzov Rusiyanın izahat verməli olduğunu bildirdi, Zahid Oruc bu qərarın strateji münasibətlərə uyğun gəlmədiyini diqqətə çatdırdı, Elmira Axundova Rusiyada yüzlərlə erməni təşkilatının fəaliyyət göstərdiyini və Rusiyanın onların fəaliyyətinə göz yumduğunu qeyd etdi, Aydın Mirzəzadə verilən qərarın başadüşülən olmadığını, Azərbaycanlıların Rusiya qanunlarına hörmətlə yanaşdığını xatırlatdı. Elman Nəsirov Qərbin Rusiyaya qarşı sanksiyalarına Azərbaycanın qoşulmadığını, Rusiyanın isə əvəzində belə bir qərarla Azərbaycana təzyiq etdiyini vurğuladı, Fərc Quliyev adekvat münasibət bildirilməyəcəyi halda, Rusiyanın təzyiqləri artıracağını söylədi və.s
Göründüyü kimi ÜAK-ın ləğviylə bağlı komanda daxilində yekdil fikir olmayıb. Sadəcə olaraq rusbaşların missiyası bu prosesdə Rusiyanın müdafiəsində durmaq olub və həmişə də eyni ənənə davam edib.
Əslində Arif Rəhimzadə kimi adamların sərgilədiyi mövqe ÜAK-ın ləğvindən daha zərərlidir. Bu təfəkkürdə olan admalar heç vaxt milli maraqlar naminə sinəsini qabağa verməz. Ümumiyyətlə, həm komanda daxilindəki qruplaşmalar, həm də rusbaşların hökumət komandasında əsas yerləri zəbt etməsi Azərbaycan üçün müsbət heç nə vəd etmir. Belə bir komadanın bətnindən Azərbaycan maraqlarına uyğun heç nə doğula bilməz.

Samir

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close