Dünya

Qərb Ukraynaya ‘misli görünməmiş’ hərbi yardım vəd edir

Qərb ölkələrinin bir qrupu yanvarın 20-də Almaniyanın Ramştayn hərbi bazasında NATO müttəfiqlərinin Ukraynaya həsr olunacaq görüşünün ərəfəsində Kiyevə “misli görünməmiş” hərbi yardım vədi ilə çıxış edib.

Baltika ölkələri, Britaniya, Polşa, Danimarka, Çexiya, Niderland və Slovakiyanın nümayəndələri öz cəbbəxanalarından Ukraynaya ağır tanklar, PDM-lər, ağır artilleriya qurğuları verməyə hazır olduqlarına dair müraciət imzalayıblar.

Britaniya Ukraynaya Challenger 2 ağır tankları, özüyeriyən AS90 artilleriya qurğuları, dronlar, PDM-lər, artilleriya mərmiləri, GMLRS və Brimstone raketləri, Starstreak hava hücumundan müdafiə sistemləri, habelə hərbi texnikanın təmiri üçün səyyar emalatxanalar verməyə hazır olduğunu bildirib.

Polşa Ukraynaya C-60 zenit silahları, KRAB haubitsaları və sursat verəcəyini deyib.

Litva Ukraynaya L-70 zenit qurğuları, iki Mi-8 helikopteri, habelə Ukrayna hərbiyyəsinin ehtiyacları üçün 40 milyon avro verilməsini planlaşdırır.

Latviya isə bildirir ki, Ukraynaya səyyar Stinger raket kompleksləri, iki ədəd Mi-17 helikopteri, dronlar, pulemyortlar və M109 topları üçün ehtiyat hissələri verəcək.

Estoniyanın yardım paketinə FH-70 haubitsaları, 155 mm çaplı artilleriya sursatı, avtomobillər və tank əleyhinə Carl-Gustav M2 kompleksləri daxildir.

ABŞ-dan 2.6 milyard dollarlıq texnika

Çexiya və Slovakiya bildirirlər ki, Ukraynaya ağır tankların verilməsi üçün müttəfiqlərlə danışıqları davam etdirəcəklər.

Fransa Ukrayna üçün 19 ədəd Caesar haubitsaları hazırlayıb.

Bu arada İsveç bildirib ki, Ukraynaya CV90 PDM-ləri, Archer artilleriya sistemləri və tank əleyhinə NLAW kompleksləri verməyə hazırdır.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Ukrayna üçün böyük hərbi yardım paketi hazırlayıb.

Bəzi məlumatlara görə bu hərbi yardımın dəyəri təxminən 2.6 milyard dollar olmalıdır.

Bu paketə ilk dəfə olaraq 100 ədəd Stryker döyüş maşınları və 50-dən az olmayaraq Bradley PDM-ləri daxil olacaq.

Fransa bundan əvvəl Ukraynaya AMX-10 RC zirehli maşınlarını verəcəyini bildirmişdi. Bu maşınları habelə “təkərli tank” və ya “yüngül tank” da adlandırırlar.

Bəs əsl ağır tanklar?

Almaniya bildirib ki, Ukraynaya Marder PDM-ləri və Patriot zenit-raket qurğuları verəcək.

Xəbərlərdə deyilir ki, Niderland Ukraynaya Almaniya istehsalı Leopard 2 tanklarının veriləcəyi təqdirdə bu prosesi maliyyələşdirməyə hazırdır.

Niderlandın müdafiə naziri Kaysa Ollonqren xatırladıb ki, bundan əvvəl Çexiyadan Ukraynaya verilmiş T-72 tanklarının da pulunu onun ölkəsi ödəyib.

Ollonqren əlavə edib ki, Polşa və Finlandiya da öz cəbbəxanalarında olan Leopard 2 tanklarını Ukraynaya verməyə hazırdırlar.

24 saat” “
Qərb Ukraynaya ‘misli görünməmiş’ hərbi yardım vəd edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Zambiya WWF-dən restrukturizasiya üçün "təbiət qarşısında borc" təklifi aldı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button