Loading...
Loading...
SEÇMƏ

Qətldə ittiham olunan müstəntiq oğlu: “Özümü təqsirli bilmirəm”

Yayımlandı: 24 Avqust 2022 16:38

Prokuror ittiham aktını elan edib

İlyarım öncə paytaxtın Xətai rayonu ərazisindəki idman zallarından birində baş vermiş qətl hadisəsilə bağlı yenidən məhkəmə araşdırmaları başlayıb. Çünki birinci dəfə bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda məhkəmə istintaqının sonuna yaxın zərərçəkmiş tərəfin vəsatəti əsasında iş prokurorluğa geri qaytarıldı. Qətlə yetirilmiş 22 yaşlı Bəxtiyar Nəsibovun anası Nəzakət Bayramova iddia edirdi ki, təqsirləndirilən Əli Abbasovun anası Xətai Rayon Prokurorluğunun müstəntiqi olduğuna görə ona yüngül maddə ilə ittiham verilib. Zərərçəkmiş tərəf ittihamın ağırlaşdırılmasını tələb edirdi.

20 yaşlı Əli Abbasov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunurdu. Bu maddədə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İş istintaqa qaytarılandan sonra ona qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb və əməl Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 (xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunub.

Bu cinayət işinə yenə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən Əli Abbasov prokurorun elan etdiyi ittihama münasibət bildərərkən özünü təqsirli bilmədiyini deyib.

Bu iş üzrə sentyabrın 9-da keçiriləcək növbəti məhkəmə iclasında Əli Abbasov ifadə verəcək.

Hadisə 2021-ci il martın 1-də günorta saatlarında Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binadakı idman zalında baş verib. Həm təqsirləndirilən, həm də qətlə yetirilən gənclər orada məşq edirmiş. Mərhum Bəxtiyar Nəsibovun qardaşı da həmin vaxt yanında olub.

İddiaya görə, məşq zamanı Bəxtiyar Nəsibovla Əli Abbasov arasında mübahisə bir-birinə baxmaq üstündə yaranıb. Əli Abbasov ona istehzalı baxmasını irad tutub, nəticədə aralarında mübahisə baş verib. Mübahisə zəminində Bəxtiyar Nəsibov bir bıçaq zərbəsilə qətlə yetirilib.

Əli Abbasov bundan öncə məhkəmədə ifadə verərkən hadisəni təkbaşına törətdiyini, kimsənin yardım etmədiyini bildirib.

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Nəzakət Bayramova isə onun tək olmadığını iddia edir.

Meydan TV

Gözdən qaçırmayın:  ADR-dən etiraz aksiyası: “Biz “avtobus müxalifəti” deyilik”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button