2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qəbələ sakinləri : “Qaz yoxdur, oduna 700 manat pulumuz çıxır”

Yayımlandı: 1 Dekabr 2022 16:54

Saytların yığılması Saytlarin yigilmasi

Soyuqlar qapını döyən kimi Qəbələnin Bunud kəndinin camaatının da giley-güzarı artır. 

Qışı sərt keçən kəndin nə qazı var, nə də odun ehtiyatı. 

Kənd sakini Lalə Baxışova hər səhər tezdən, hava işıqlaşmadan qalxıb sobanı qalayır ki, oğlunu işə, nəvələrini məktəbə vaxtında yola salsın. Deyir, odun yandırmaq həm əziyyətlidir, həm də baha başa gəlir.

“Qazın olmaması çox problem yaradır. Meşəyə girmək çətindi, odun bahadı. İşsizlik, kasıblıq, bir yandan da qazsızlıq. Hər halda qaz olsa, yaxşı olar, rahat olar, təmiz olar, istilik olar. Səhər dururuq, uşaqlar məktəbə gedir, çay qoymaq istəyirsən, bir saat odunla əlləşirsən. Qaz olsa, 5 dəqiqəyə qoyarsam, uşağını da rahat yola salarsan. Bu il deyil e, illərdi bu çətinliyi çəkirik. Amma baxan yoxdu”, Lalə Baxışova deyir.

Qaz olmadığından sakinlər qışı meşədən gətirdikləri odunla keçirməli olurlar. Amma dediklərinə görə, bu, onlara heç də ucuz başa gəlmir.

“Camaat çox əziyyət çəkir. Bax, mən şəxsən 170 manat bir dənə “UAZ” – balaca maşına, oduna pul vermişəm. Bir “UAZ” bizdə ən azından 20 gün gedir. Qaza görə əziyyət çəkirik. Bir sezonda – qış sezonunda 600 manat, 700 manata yaxın oduna, meşəyə pulumuz çıxır. Amma odunu da alıb gətiririk… Odunu da həmişə ala bilmirik. Sabah, birigün qapıya qar gəlib töküləndə qalırıq odunsuz”, Hamlet Baxışov bildirir. 

Bunud kəndi Regionların 2009-2013- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında qazlaşdırılması nəzərdə tutulan kəndlərin siyahısına əlavə olunub. Kəndin qazlaşdırılması da Dövlət Neft Şirkətinə tapşırılıb. Hətta, 2010-cu ildə qazlaşdırma işlərinin başlanması barədə xəbərlər də yayılıb.

Həmçinin 2019-2023-cü illəri əhatə edən dövlət proqramında da Qəbələdə qaz təchizatının yaxşılaşdırılması işlərinin davam etdirilməsi göstərilib.

Sakinlər deyir, 12 ildir nə qaz xətti çəkən var, nə də bu barədə danışan. Baxmayaraq ki, rəsmi qurumlara dəfələrlə müraciətlər ediblər.

“Mən öz adıma deyirəm ki, bu kənddə bir 20 dənə ərizəyə qol çəkmişəm. Yazıb göndərmişik, amma cavab yoxdu. Bilmirəm yazdığımız ərizə gedib ora çatıbmı. Çatmayıbsa, onu da bilmirik”, kənd sakini deyir.

Kəndin qazlaşdırılmasının sonuncu dövlət proqramına da salınmadığını bildirən “Azəriqaz” İB-nin  mətbuat katibi  Eldəniz Vəliyevin sözlərindən məlum oldu ki, sakinlər hələ növbəti 2 ili də qazsız keçirməli olacaqlar.

“Qazlaşdırma SOCAR “Azəriqaz” İB-nin öz resursları, daxili imkanları hesabına həyata keçirilir son 2 ildir. Yəni daxili resurslar, imkanlar hesabına həyata keçirildiyindən, burada mərhələlilik prinsipini gözləmək məcburiyyətindəyik. Bu baxımdan sözügedən kəndin də qazlaşdırılması, təbii ki, SOCAR “Azəriqaz” İB-nin gündəmindədir. Növbəti mərhələlərdə bu kəndin də qazlaşdırılması gündəlikdədir”, Eldəniz Vəliyev deyir.

Qəbələ Rayon İcra hakimiyyəti isə Meydan TV-nin suallarını cavablandırmaq istəmədi.

Dövlət proqramına salınıb, qazlaşdırılmayan tək kənd Bunud deyil. Qəbələnin Seyidqışlaq, Məmmədağalı, Həzrə kəndləri də eyni aqibəti yaşayır. 

Sakinlər ümid edirlər ki, bir gün onların da səsini eşidən olacaq. Kəndlərinə qaz çəkiləcək, odun zillətindən qurtulacaqlar.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button