2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qəzaya düşmüş sürücü: “Belim qırılıb, şirkət rəhbərliyi əməliyyata kömək eləmir”

Şirkət rəhbərliyi hadisəyə görə sürücünün məsuliyyət daşıdığını deyir

“Türkiyədən Azərbaycana – şirkətin rəhbəri Sadıq müəllimə zəng vurdum, dedim, qəzaya düşmüşük, belim qırılıb, xəstəxanadayam, mənə kömək edin, evimə qayıdım. Dedi, maşınıma zərər vurmusuz, hələ kömək də istəyirsiz, gedin, özünüz öz başınıza çarə qılın”.

Şəmkir sakini Azər Məmmədov Meydan TV-yə ötən ay başına gələnlərdən danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Azər Məmmədov deyir, 8 aya yaxındır ki, Xaçmazda yerləşən “Uğurlu yol” beynəlxalq yükdaşıma şirkətində TIR sürücüsü işləyirmiş. Şirkətin xəttiylə xaricdəki ünvanlara TIR-la yük daşıyırmış. Dekabrın 5-də Türkiyə ərazisində qəzaya düşüb:

“Şirkətin sahibi Sadıq müəllim mənə zəng vurdu, dedi ki, öz maşınını bir yerdə saxla, get, Ardahandakı sürücümüz yolu tanımır, otur onun yanında, bələdçilik elə. Mən də getdim, həmin sürücü elə bizim rayondandır, birlikdə işləyirik. Görüşüb yola düzəldik, 15 dəqiqə yol getmişdik ki, o boyda TIR-ın əyləci tutmadı. Sürücü yoldaşım nə qədər çalışdısa, maşını saxlamaq mümkün olmadı, TIR sürətlə üzüaşağı gedib, aşdı, qarşı tərəfi yerə girdi”.

Sürücünün sözlərinə görə, onu da, sürücü yoldaşını da xəstəxanaya götürüblər. O, şirkətin sahibiylə dəfələrlə əlaqə saxlayıb, kömək istəyib. Şirkət sahibi isə TIR zərər çəkdiyi üçün ona və sürücü yoldaşına qəzəblənib:
“Dedim, qəzaya düşmüşük, belim qırılıb, xəstəxanadayam, mənə kömək edin, evimə qayıdım. Dedi, maşınıma zərər vurmusuz, hələ kömək də istəyirsiz, gedin, özünüz öz başınıza çarə qılın”.

Azər Məmmədovun sözlərinə görə, 4 gün xəstəxanada qaldıqlarına görə müalicənin davamına pulları olmadığı üçün ikisini də xəstəxanadan çıxarıblar:

“Belimizdə ağır xəsarətlər, cibimizdə bir qəpiyimiz yox, qalmışdıq ortalıqda. Ora zəng, bura zəng… Ondan borc istə, bundan borc istə… Allah yaxşı insanların canını sağ eləsin, maddi köməklik edən oldu, bizi bir taksiyə uzatdılar, sürücü yoldaşımı qabaq oturacağa, məni arxa oturacağa… Gətirdilər Türkiyəylə Naxçıvan sərhədinə. Sağ olsun Türkiyənin də, Naxçıvanın da gömrükçüləri. Onlar bu tərəfə təhvil verdilər, bu tərəfdəki gömrükçülər də kömək etdilər, bizi başqa maşınla aeroporta göndərdilər. Aeroportda da onun-bunun köməkliyi ilə təyyarəyə mindik, gəldik Bakıya, burdan qarşılayıb apardılar Şəmkirə… Ancaq şirkətin rəhbərinin bunların heç birindən xəbəri olmadı, heç zənglərimizə də cavab vermədi”.

Azər Məmmədov iddia edir ki, “Uğurlu yol” beynəlxalq yükdaşıma şirkətinin TIR-ları yalnız sənəd üzərində texniki baxışdan “keçir”, reallıqda isə maşınlara baxış keçirilmir:

“Beynəlxalq daşıma həyata keçirən, ölkələr arasında tonlarla yük aparıb-gətirən TIR-lar texniki baxışdan şirkət rəhbərinin bir zəngiylə keçir. Reallıqda maşınlara heç bir texniki baxış keçirilmir. Bununla bağlı sürücülər dəfələrlə Sadıq müəllimə narahatlıqlarını bildirsələr də, hər dəfə deyirdi ki, maşın mənimdir, özüm bilərəm. Xoşunuz gəlmir, açarları verin, çıxın, gedin. Biz də hərəmiz bir çətən ailə sahibiyik, çörək pulumuzu itirməmək üçün məcbur olub elə o sınıq-salxaq maşınlarla xaricə yük daşıyırdıq.  Qəzaya düşəndə də şirkət rəhbərliyi bizə sahib çıxmır. Əksinə, bizi günahlandırır”.

Azər Məmmədov deyir, hazırda belində cərrahiyə əməliyyatı aparılmalıdır:
“Yataq rejimindəyəm, tualetə də qollarıma girib, sürüyə-sürüyə aparırlar. Belimə implant qoyulmalıdır. Həkim deyir, tezliklə əməliyyat olunmasam, belimə ağırlıq çökdükcə, sonra heç əməliyyatın da faydası olmayacaq. Əməliyyatım sığortayla olacaq, ancaq implantı özüm almalıyam. Onun da qiyməti 2500 manatdır. Şirkətin sahibinə deyirəm, yaxın durmur. Deyir, məni şantaj edirsən, pul qopartmaq istəyirsən. Deyirəm, ay kişi, sənin işçin olmuşam, sənin verdiyin tapşırığı yerinə yetirməyə gedəndə qəzaya düşmüşəm, kimin üzündən qəzaya düşmüşəm? Yenə də sənin üzündən… Maşınları telefon zəngiylə yox, qaydasında texniki baxışdan keçirsəydin, “tormoz” da tutardı, iki adam şikəst qalmazdı. Səni niyə şantaj edim ki. Deyirəm, mənim implantımın pulunu ödə, gedib başım çarəsinə baxım. Mən nə vaxtadək yataqda qalacam?..”

Azər Məmmıdov deyir, şirkətlə müqaviləsi olub, şirkət ona maaş kartı açıb və hər ay qanuni şəkildə karta maaş köçürüb. Ancaq bütün sənədləri özünün idarə etdiyi maşında – hələ də Türkiyə ərazisində olan TIR-da qalıb.  

Azər Məmmədov onu da deyir ki, işə götürülərkən “Qala sığorta” sığorta şirkəti tərəfindən sığrotalanıb. Ancaq şirkətdən ona bildirilib ki, müqavilə şirkətlər arasında olduğuna görə gərək şirkət özü işçiyə sığorta ödənməsiylə bağlı müraciət etsin.  

Meydan TV beynəlxalq yükdaşıma şirkətiylə də əlaqə saxlayıb. Sürücünün şikayətçi olduğu Sadıq Ağayev bildirib ki, şirkətin təsisçisidir. O deyib ki, şirkətə işə götürülən hər bir sürücüylə müqavilə var. Törədilmiş təhlükəyə, hadisəyə sürücü cavabdehlik daşıyır:
“İşə düzələn sürücüdən iltizam alınır, maşın nasaz vəziyyətdə yola çıxarsa, birbaşa özü cavabdehdir. Sizə müraciət edən həmin Azər adlı sürücü maşını idarə edən sürücünün yanında olub, maşını idarə edən sürücü də yol hərəkəti qaydalarını pozub, qəza törədib, şirkətə də külli miqdarda zərər vurub. Onlar bizə müraciət etdilər, dedik ki, qayda var, qanun var, gedin, müraciət edin dövlətin aidiyyəti qurumlarına, əgər biz aid nəsə olsa, biz canla-başla yerinə yetirməyə hazırıq. Türkiyə polisində ekspertizanın rəyi də var ki, qəzaya səbəb sürücünün sürət həddini aşması olub”.

Sadıq Ağayev deyir ki, şirkətin sərəncamında yüzlərlə TIR var, hamısı da yola çıxmamışdan əvvəl texniki baxışdan keçir. Onun sözlərinə görə, sürücülər işə götürüləndə sığortalanır:
“Sığorta məsələsində bizim müraciət etməyimizə ehtiyac yoxdur. Getsin, özü müraciət etsin”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button