Loading...
Loading...
SEÇMƏ

Qafqaza gələn turistlər; Azərbaycan rəqabətə davam gətirirmi?

İqtisadçı: “Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətindən biz itiririk, ermənilər və gürcülər qazanır”

Gürcüstanın Milli Turizm Administrasiyasının ən son açıqladığı məlumatda bildirilir ki, bu ilin iyulunda ölkəyə 718 401 beynəlxalq səyahətçi səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 177 faiz çoxdur. 2019-cu ilin pandemiyadan əvvəlki göstəricidən isə 65,3 faiz sağalma deməkdir.

Administrasiya həmçinin beynəlxalq turist səfərlərinin sayının 459 711 nəfər olduğunu açıqlayıb ki, bu da 2019-cu ilin eyni dövrü üçün 80,6 faiz bərpa və illik müqayisədə 115 faiz artım deməkdir.

Ay ərzində Gürcüstana ən çox Rusiyadan gəliblər – 156 737 nəfər. Ermənistandan 103 906, Türkiyədən 95 989, Səudiyyə Ərəbistanından isə 27 712 nəfər Gürcüstana səyahət edib. Növbəti yerlərdə İsrail, Belarus, Qazaxıstan və Ukraynadır.

Gürcüstan-Azərbaycan sərhədi. Foto: Ana Flasker/shutterstock

İyun ərzində Azərbaycandan Gürcüstana 14 282 nəfər səfər edib. Azərbaycandan sonrakı yerlərdə İran, Hindistan, Polşa, Özbəkistan, Almaniya gəlir.

Qurum bildirir ki, bu ilin yanvar-iyul ayları arasında ölkəyə 2 milyon 344 min 329 nəfər turist gəlib. Bu da pandemiyadan əvvəlki göstəricidən 47,2 faiz sağalma və 2021-ci ilin eyni dövrü ilə müqayisədə 214 faiz artım deməkdir:

“2022-ci ilin ilk yeddi ayında Gürcüstana 1 milyon 668 min 983 nəfər turist səyahət edib. Bu da 2019-cu illə müqayisədə 61,9 faiz yaxşılaşma və illik müqayisədə 162 artım deməkdir”.

Vaan Kerobyan. Mənbə: Armenpress

İyulda Ermənistana gələn turistlərin sayı isə 188 856 nəfər olub. 2022-ci ilin ilk 7 ayında isə ölkəyə 770 minə yaxın turist daxil olub.

Ermənistanın yerli mediası iqtisadiyyat naziri Vaan Kerobyanın “Facebook” səhifəsində yazdıqlarına istinadən məlumat yayıb.

Dövlət Statistika Komitəsinin (DSK) ən son açıqladığı məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana 166 ölkədən 638,6 min turist gəlib. Bu da əvvəlki illə müqayisədə 2,3 dəfə artım deməkdir. Gələnlərin 25 faizi Rusiya, 23,8 faizi Türkiyə, 13 faizi İran, 5,2 faizi Gürcüstan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 2,3 faizi Ukrayna, 1,8 faizi Qazaxıstan, hər birindən 1,3 faiz olmaqla Küveyt və Böyük Britaniya, 14,1 faizi digər ölkələrin vətəndaşları olub.

Səyahətçi Azər İsmayıl deyir ki, həm Gürcüstana, həm də Azərbaycana gələn turistlər arasında rusiyalılar liderdir. Azərbaycana 60.2 min, Gürcüstana isə 156 min Rusiya vətəndaşı səfər edib:

“Maraqlıdır ki, quru sərhədlər bağlı olduğu üçün Rusiya vətəndaşları Azərbaycana yalnız təyyarə ilə, hava yolu bağlı olduğu üçün isə Gürcüstana yalnız quru yolu ilə gedə bilirlər. Beləliklə, Azərbaycan quru sərhədləri bağlı saxlamaqla ölkəyə quru yolla gələ biləcək Rusiya və İran, eyni zamanda, Gürcüstan üzərindən yönələn avropalı turistləri itirir”.

Gözdən qaçırmayın:  “Yavru vatan” hekayəsi: baş nazirin gizli parolu, “Ayşə əməliyyatı” – IV YAZI
Azər İsmayıl
Foto: Azər İsmayılın şəxsi arxivindən

Səyahətçi düşünür ki, rəqabətə yalnız təyyarə ilə tab gətirmək olmaz. Odur ki, Azərbaycan ən qısa zamanda quru sərhədləri açmalıdır.

İqtisadçı, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu isə bildirir ki, Ermənistana bu ilin ilk 6 ayında gələn turist sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən də çoxdur. Bu dövrdə Ermənistanda iqtisadi artım 11,8 faiz, xidmət bölməsində artım isə 26,9 faiz olub:

“Əcaba Ermənistanın iqtisadiyyatında belə yüksək iqtisadi artımı şərtləndirən hansı amillərdir? Görünür ki, Ermənistanda iqtisadi liberallaşdırma, anti-korrupsiya və məhkəmə islahatları nəticəsində əlverişli olan biznes mühiti ora xüsusilə də Rusiyadan sərmayələrin və transferlərin həcmini artırıb. Bununla yanaşı, Azərbaycanın quru sərhədlərinin bağlı olması yay turist mövsümü dövründə Ermənistanın xidmət sektorunun gəlirlərinin artımına, Qarabağın işğaldan azad edilməsi dövlət xərclərinin azalmasına gətirib çıxarıb. Beləliklə, hər iki amil iqtisadi artıma müsbət təsir göstərib”.

İqtisadçı deyir ki, Azərbaycanla quru sərhədlərin bağlanmasına görə, Gürcüstana səfər edən iranlılar bu planı Ermənistan vasitəsilə reallaşdırır. Odur ki, dövr ərzində Ermənistana gələn turistlər arasında iranlıların da sayı artıb. Onlar hazırda Ermənistana ən çox səfər edən ölkələr arasında ilk üçlüyə daxildir:

Qubad İbadoğlu: Foto: Meydan TV

“Gürcüstana gələn və Cənubi Qafqazın digər ölkəsini də gəzmək niyyətində olan əcnəbilər Azərbaycanla quru sərhədlərin bağlı olmasını, Bakıya uçuş qiymətlərinin bahalığını nəzərə alaraq Ermənistana səfər etməyə üstünlük verirlər. Beləliklə, Ermənistan Gürcüstana gələn turistlərin bir qismini ölkəsinə cəlb edir və onlardan qazanır. Bunun da başlıca səbəbi iki ildən çox müddətdə Azərbaycanın quru sərhədlərinin bağlı qalmasıdır. Bir sözlə, Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətindən biz itiririk, ermənilər və gürcülər qazanır”.

Azərbaycan koronavirusla bağlı 2020-ci il fevralın sonu İranla, martın əvvəli isə Gürcüstan və Rusiya ilə gediş-gəliş məhdudlaşdırıb.

Yalnız yük maşınları gedib-gələ bilir. Bir də xüsusi izinlə vətəndaşlar. Məsələn, Gürcüstanda olan Azərbaycan vətəndaşı Azərbaycan Səfirliyinə müraciət edib, günlərlə gözləməklə Azərbaycana quru yolla keçmək izni alır. Dönüş üçünsə birmənalı olaraq təyyarədən istifadə edilməlidir.

İrana getmək üçünsə Azərbaycan vətəndaşı əvvəlcə Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Yalnız xüsusi hallarda izin verilir. Məsələn, şəxs müalicəyə gedirsə, xəstəlik sənədini və şəxsiyyətini təsdiq edən sənədləri XİN-ə təqdim edir. 1 həftə ərzində izin çıxır.

Sonra vətəndaş həmin izin kağızını İran Səfirliyinə təqdim edir. Bir həftə də buna görə gözləyir. Bundan sonra isə nəhayət, İrana getmək mümkün olur.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button