2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Qafqazlı İŞİD-çilərin qayıdışı: yeni hücumlarla üzləşmək təhlükəsi artır – Təhlil

Halit Gülşen

“Al-Jazeera” 

 

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Suriyaya hərbi müdaxiləsinin səbəblərindən biri onun terrorçu kimi qəbul etdiyi Şimali Qafqazdakı silahlı qrupların Suriyada döyüşməsidir. Bu qrupların Rusiyaya geri dönərək terror aktları törətmə potensialı Rusiya tərəfindən milli təhlükəsizliyə təhdid hesab olunur.

Ancaq Suriyada nə qədər Rusiya pasaportlu xarici döyüşçü olduğuna, bunların hansı təşkilat və qruplara daxil olduğuna dair məlumatlar olduqca təxminidir. Rus rəsmilərinin şərhlərində da bununla bağlı fərqliliklər gözə dəyir.

 

İŞİD-in tərəfində döyüşən Rusiya vətəndaşları

Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin oktyabrında verdiyi açıqlamada Suriyada təxminən 5-7 min arası Rusiya və MDB-nin mənşəli xarici döyüşçünün olduğunu açıqlamışdı. Bu açıqlamadan 5 ay sonra, 2016-ının mart ayında, Rusiya Daxili İşlər Nazirliyinin təmsilçisi general Vladimir Makarov 3 min 417 Rusiya vətəndaşının İraq və Suriyaya İŞİD tərəfində döyüşmək üçün getdiyini qeyd etdi.Yenə eyni ilin noyabr ayında isə, bu dəfə Daxili İşlər Nazirliyinin yeni təhdidlər şöbəsinin başçısı İlya Roqaçev, indiyə qədər 3 min 200-dən çox Rusiya vətəndaşının İŞİD-ə qatılmaq üçün Suriya və İraqa getdiyini söylədi.

Bu məzmunda Putinin Suriyada 9 min Rusiya vətəndaşının İŞİD tərəfində döyüşdüyü barədə aprelin 12-də verdiyi açıqlama da nəzərə alındıqda, ortaya belə bir tablo çıxır: dörd ayda təxminən 5 min 500 Rusiya vətəndaşı İŞİD-ə qatılmaq üçün Suriyaya gedib.

Əgər vəziyyət həqiqətən belədirsə, Rusiya kəşfiyyatının terrorçu kimi xarakterizə etdiyi təxminən 5 min 500 vətəndaşını dörd ay kimi qısa bir müddətdə Suriyaya gedərək İŞİD-ə qatılmasını əngəlləmədiyi ortaya çıxır. Digər tərəfdən, əgər bu rəqəmlər həqiqəti əks etdirmir və Rusiyanın Suriyadakı hibrid döyüşünün informasiya ayağının bir hissəsini təşkil edirsə, o halda, Rusiyanın Suriyada İŞİD tərəflərində döyüşən Rusiya vətəndaşlarının sayını yüksək göstərərək, hərbi müdaxiləyə əsas yaratmağa çalışıb-çalışmaması sualı ortaya çıxır.

Suriyada nə qədər Rusiya vətəndaşının savaşdığına dair digər bir məlumat isə Nyu-York iqamətli “The Soufan Group” Strateji Araşdırma Mərkəzinin 2014-2015-ci illərdə yaydığı “Suriya və İraqdakı xarici savaşçılar barədə hesabatı”nda var. Sözügedən hesabata görə, 2014-cü ildə sayı 12 min olaraq təxmin edilən Suriyadakı xarici döyüşçülər sayı, 2015-cı ilin dekabrında 27 min ilə 31 min kimi göstərilib. 2016-cı ildə isə bu rəqəmdən azalma olmadığı yazılıb.

Həmin hesabatda Rusiyadan 2014-cü ildə Suriyaya gedən xarici döyüşçülərin sayı təxminən 800 nəfər göstərilir. 2015-ci ilində isə 4 min 700 post-sovet mənşəli xarici döyüşçünün Suriya və İraqda olduğu, bunlardan təxminən 2 min nəfərinin Orta Asiyadan, 2 min 500 nəfərinin isə Rusiyadan gəldiyi bildirilir.

 

Onlar Suriyada niyə döyüşürlər?

Rusiya vətəndaşı olan Qafqaz və Orta Asiya mənşəli xarici döyüşçülərin Suriyaya gələrək İŞİD və bəzi müxalif qruplar sıralarında yer almalarının fərqli səbəbləri var. Bu məsələdə ilk olaraq qarşımıza Çeçenistan-Dağıstan çoxluqlu qafqazlı xarici döyüşçülər çıxır.

Rusiyanın çeçen problemi keçmişi 19-ci əsr çar Rusiyası dövrünə qədər gedir. Yaxın dövrdə isə bu problemdə dönüş nöqtəsi 2007-ci ildir. Bu tarixdə Çeçen-İçkerya Respublikasının ləğv edilərək Doku Umarovun liderliyi ilə “Qafqaz Əmirliyi”nin elan edilməsi və “Çeçenistanın müstəqilliyi” yerinə, “bütün Şimal Qafqazda müstəqil və birləşmiş İslam Respublikası qurulması” ifadəsinin mərkəzə oturdulması, problemi milliyyətçiliyin sərhədləri xaricinə çıxardı.

Bu müddətdə Rusiya dövlətinin, xüsusilə Putinin rəhbərliyi ilə aparılan İkinci Çeçen müharibəsi və sonradan çeçenlər üzərində həddindən ifrat güc istifadəsi bu coğrafiyadakı silahlı qrupların həddindən artıq radikallaşması və 2000-ci illərə qədər istifadə edilməyən intihar hücumlarını bir üsul olaraq istifadəsinə səbəb oldu. Bu tarixdən etibarən Rusiya sərhədləri içində vətəndaşları də hədəf alan 20-dən çox intihar hücumu həyata keçirildi.

Suriya daxili müharibəsinin başlanması ilə birlikdə İŞİD-in əvvəl İraq, sonra Suriyada xilafət elan etməsi Şimali Qafqazdakı dinamikaya da təsir etdi. 2014-cü ildə Doku Umarov öldürülməzdən əvvəl “Əmirlik” içində parçalanmalar və İŞİD-ə beyət edən qruplar ortaya çıxmağa başladı. Umarovun qətli ilə birlikdə, bu parçalanmalar sürətləndi və bir çox “Qafqaz Əmirliyi” mənsubu İŞİD-ə qatıldı.

Rusiyanın Çeçenistan və Dağıstandakı təhlükəsizlik tədbirləri, təsirli əməliyyatları və Doku Umarovun öldürülməsi, bölgədəki silahlı qrupların hərəkət etmə tutumunda ciddi bir məhdudlaşmaya səbəb oldu. Eyni dövrdə İŞİD-in xilafət elanı və Suriyada Rusiya ilə döyüşmək faktorları bir araya gəlincə, Şimali Qafqazdakı silahlı qruplar da Suriya savaşına daxil olmanı özlərinə münasib bildilər.

Ancaq qafqazlı xarici döyüşçülər, Rusiyada olduğu kimi, Suriyada da bölünmələr yaşadı. Onların əhəmiyyətli bir qisimi İŞİD sıralarına qatılarkən, “mülayim müxaliflər” safında iştirak edən, ya da kiçik birliklər quran qruplar da Suriya rejimi və Rusiyaya qarşı döyüşməyə davam etdi.

Digər tərəfdən, İŞİD tərəflərində döyüşən Orta Asiya mənşəli döyüşçülərin də Suriyaya gəlməsinin bənzər səbəbləri var. Tacikistan, Özbəkistan, Qırğızıstan kimi həddindən artıq avtoritar rejimlərin idarəçiliyi altında yaşayan və sonradan Rusiya vətəndaşlığı alan bu adamlar, həm doğulduqları ölkələr, həm də Rusiyada məruz qaldıqları təzyiqlərə məhz bu cür cavab vermə yolunu seçdilər.

Beynəlxalq Terrorla Mübarizə Mərkəzinin məlumatlarına görə, İŞİD-in 2015-2016-cı illər arasında İraq və Suriyada 126 intihar hücumundan 46-sında tacik, qafqazlı, qazax və özbək mənşəlilərdən istifadə edib.

 

Rusiyaya geri dönmə təhlükəsi

Putin, Suriyadakı rusiyalı xarici döyüşçülərin Rusiyaya geri dönməsinin böyük bir təhdidi yaradacağını və buna icazə verə bilməyəcəklərini dəfələrlə dilə gətirdi.

Mart ayında Çeçenistanda hərbi bazaya edilən hücumda yeddi rus əsgərinin öldürülməsi, apreldə isə Peterburqdakı metro stansiyasında təşkil edilən intihar hücumunda 14 vətəndaşın və eyni axşam Həştərxanda iki polisinn silahlı hücum nəticəsində öldürülməsi iki il sonra Rusiya daxilində yenidən əməliyyat keçirmə qabiliyyəti qazandığını göstərir.

Bu durumun davam etməsi isə Rusiyanın yeni hücumlarla üz-üzə gəlmək ehtimalının olduqca yüksək olduğunu göstərir.

 

Tərcümə: Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button